Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İranlı Mühacirlər Cəmiyyətində Saminə Hidayətqızı ilə görüş

İranlı Mühacirlər Cəmiyyətində Saminə Hidayətqızı ilə görüş

Yazıçı, jurnalist. publisist və şairəyə İMC-nin diplomu təqdim edildi

Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində yazıçı, jurnalist, publisist və şairə Saminə Sadığova (Saminə Hidayətqızı) ilə görüş keçirilib. Tədbiri qurumun sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə açaraq deyib ki, cəmiyyətin  qadınlar təşkilatının təşəbbüsü ilə düzənlənən tədbirə dəvət olunan Saminə Hidayətqızını 45 il əvvəl Neftçala rayon qəzetində şöbə müdiri işlədiyi dövrdən tanıyır. “Hələ onda onun ilk şeirlərindən istedadı özünü büruzə verirdi. Sonra məsləhətlər əsasında balıqçıların həyatından oxunaqlı yazılar qələmə aldı,        “Azərbaycan gəncləri” qəzetinin keçirdiyi respublika müsabiqəsində ikinci mükafat aldı. Bu gün isə onun jurnalistlərimizin, xüsusilə qadın media mənsublarımızın nümunə götürə biləcəkləri yaradıcı şəxs kimi formalaşması fərəh doğurur. İranlı Mühacirlər Cəmiyyəti bunu nəzərə alaraq milli tariximizi, ədəbi qaynaqlarımızı, mədəni irsimizi işıqlandıran silsilə yazılara, kitablara görə Saminə Hidayətqızına diplomla təltif edib”. – bildirib.

Diplomu istedadlı qələm ustasına təqdim edən İMC İdarə Heyətinin üzvü, tibb elmləri namizədi, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi Adilə Çernikbulənd vurğulayıb ki, imzası Azərbaycan mühitində kifayət qədər tanınan təvazökar bir xanımla keçirilən görüş qadınlar təşkilatımızın kifayətə qədər aktiv fəaliyyətini bir daha göstərməkdədir və buna görə onun rəhbərliyini, fəallarını alqışlamağa dəyər.

İMC Qadınlar Təşkilatının sədri Mömünat Puhən S. Hidayətqızının qurumun bir ildən yuxarı reallaşdırdığı bütün tədbirlərdə fəal iştirakını diqqətə çatdırıb. Əlavə edib ki, bu müddətdə onun xüsusilə “Göy qurşağı” layihəsi silsiləsindən kitabları ilə tanışlıq belə bir tədbiri ortaya çıxarıb. Saminənin istər “Yüz türk  qadını” adlanan birinci, istərsə də “ Muğam qəsri” başlıqlı ikinci kitabında səciyyələndirilən şəxslərin arasında Arazın o tayından olanların yer almaları həssas münasibətin, səmərəli axtarışların nəticəsi kimi dəyərləndirilməlidir”.

Müğənni Tahirə Muradova (İşraqi) əlavə edib ki, həmin insanların arasında bacısı, Azərbaycanın xalq artisti Rübabə Muradovadan da bəhs olunması istər-istəməz onu keçmişlərə qaytardı. T. Muradova xatirələrini Rübabə xanımın repertuarında yer tutan “Heydər babaya salam” mahnısının ifası ilə yekunlaşdırıb.

İMC-nin sədr müavini İsmayıl Abdullahi də tədbiri təqdir edib. Məlumat verib ki, hazırda cəmiyyət üzvlərinin dəstəyi ilə binada yenidənqurma və təmir işləri aparılmaqdadır. Bu proses başa çatdıqdan sonra belə miqyaslı görüşlər daha geniş audutoriyalarda baş tutacaq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Həcər Hüseynova (Ümmani)  S. Sadıqovanın şeirləri ilə tanışlığın onda yaratdığı xoş duyğuları dilə gətirib, özünün “Nağıl dünya” kitabından “Təbrizim” şeirini söyləyib və nəşri yazıçıya təqdim edib. Tədbir iştirakçılarından İMC Qadınlar Təşkilatı sədrinin müavini Validə Zöhrabova, Siyamək, Yazıçı Yədulla Kənani, Sədaqət Cahani (Gəncə şəhəri), Səkitə Rəhmanqızı (“Zirvə” liseyi), Mənijə Kazımovskaya (İbrahimi) və baqşqalrı “Göy qurşağı” layihəsinə daxil olan digər kitabların da ərsəyə gətirilməsi işində Saminə xanıma uğurlar diləyiblər.

Azərbaycanın əməkdar jurnalisti Zakir Abbas həyat yoldaşı S. Hidayətqızına verilən dəyərə görə cəmiyyət üzvlərinə minnətdarlığını yetirib.

Tanınmış sənətkar, jurnalist Həsən Cəbrayılov (Ahəngi) qadınlar barədə bədii qəraət nümunələri, gənc istedad Cavidan Fətihi gitarada səsləndirdiyi təranələrlə tədbirə xoş ovqat qatıblar.

S. Hidayətqızı sonda çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, yaradıcılıq planları barədə ətraflı söhbət açıb.  

Go Back

Comment