Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İran İslam Şura Məclisi torpaq islahatı haqqında rolu

13/11/2017

 

İran İslam Şura Məclisi torpaq islahatı haqqında rolu

(1979-1982-ci illər)

Soltanəli M irzəzadə

  3 - ci hissə

Torpaq islahatı qanununun maddələrinin, nəinki İslam qanunları, həm də hüdudu cəhətdən düzgün və ədalətli olduğunu həm komissiya üzvləri, həm də həyatı reallıqlar təsdiq etmişdir. Məsələn, komissiyanın üzvlərindən biri olan ayətullh Meşkini “Keyhan” qəzeti müxbirinin suallarına cavabında göstərirdi ki; “... mülki, hüquqi və digər bərabərsizliklər bir-birinə zülm, zorakılıq və istismar nəticəsində, əmələ gəlmişdir. O, daha sonra öz fikrini belə davam etmişdir.”... əslində, islam mülkiyyət hüququnda qeyri-məhdud mülkiyyət sahibliyi rədd edilir, çünki mülkiyyət nə ruhi və nə də mənəvi qida deyil ki, istədiyin qədər ona sahib olasan. Əgər hər hansı bir mülkiyyət başqasının hesabına yaranıb artırsa, o cəmiyyət üçün fəsad mənbəyidir. Torpaq ümumi nemətdir. Ondan hamı, xüsusən ona zəhmət çəkən bəhrələnməlidir”.(19) bundan əlavə, İran cəmiyyəti üçün həyatı əhəmiyyətə malik olan aqrar-kəndli məsələsinin həllinə aid Xomeyninin “əgər torpaq məsələsi həll olmasa, inqilabın bir payəsi naqisdir”(20) sözünə istinad edən Urimiyyə inqilab keşikçilərinin başçısı demişdir: “ Feodalların nəinki torpağı, hətta digər əmlakı da müsadirə olunmalıdır”. Eləcə də, höccətülislam Mehdi Kərrubi torpaq məsələsinin ədalətlə həllini irəli sürərərk haqlı olaraq demişdir: “Torpağın 100 hektarlarla bir nəfərin əlində toplanması düz deyildir. Kəndlinin gecə-gündüz işləməsi və əlinə heç nə gəlməməsi düz deyildir. Təbiidir ki, bu vəziyyət bu şəkildə davam edə bilməz”.(21)

Fikrimizcə bütün bu deyilənlər aqrar islahatı tədbirlərini pozmağa çalışanlara, külli miqdar torpağı əllərində cəmləşdirənlərə haqq qazandırmaq istəyənlərə tutarlı və məntiqi cavabdır.

Deyilənlərə baxmayaraq, torpaq sahibləri qanunun “C” və “D” bəndlərinin icrasını kommunist tədbiri adlandırıb, müxtəlif bəhanə və uydurmalara əl atdılar. Torpaq islahatının keçirilməsinə az-çox razılıq verən rəhbər şəxsləri sol məsləkli qüvvələrin təsiri altına düşməkdə, din və İslamdan, Qurani Şərifdən və bütün şəriət qanunlarından üz döndərməkdə ittiham etdilər. Məsələn, Qolpayqani, Tehrani kimi ruhanilər və digər torpaq sahibləri islahatın əleyhinə çıxmaqla onu qeyri-qanuni hesab etdilər. Hətta tam surətdə islahat keçirilməsi güman edildiyi təqdirdə ruhanilər kəfən, geyib küçəyə çıxmaqla təhdidi üsullara da əl atmaqdan çəkinmədilər.

“C” və “D” bəndləri ətrafında mübahisə və mübarizə o mərhələyə gəlib çatdı ki, bu məsələnin dini cəhətdən düzgün olub-olmamasını bir daha dəqiqləşdirmək üçün Xomeyninin göstərişi ilə komissiya yaradıldı. Həmin komissiya torpaq islahatı qanunu və onun bütün maddələrini şəriətin mülkiyyətə aid müddəaları ilə tutuşdurulub, müqayisə etdikdən sonra, torpaq islahatının və onun bütün maddələrinin, nəinki islam qayda-qanunlarına uyğun olmasını, həm də hüquqi cəhətdən tam düzgün olduğunu bir daha təsdiq etmişlər.

Ona görə də, bütün İran kəndliləri haqlı olaraq torpaq məsələsinin ədalətli surətdə həll edilməsini, kənddə feodalizm və mülkədarlıq zülmünə tamamilə son qoyulmasını, irticanın kənddəki iqtisadi və siyasi dayaqlarının kökündən kəsilməsini istəyirlər. Kəndlilərin bu kimi tələbləri nəticəsində torpaq, torpaq islahatı haqqında, nəhayət, 1982-ci ilin martında məclisdə qızğın mübahisədən sonra, qanun layihəsi qəbul edildi və bəyənilmək üçün nəzarət Şurasına verildi. Lakin Məclisin aqrar islahat haqqındakı qanun layihəsi indiyədək həyata keçirilməyib, hələ də kağız üzərində qalmaqdadır. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, bu qanunun icrası külli miqdarda torpaq sahələrini öz əllərində toplamış mülkədar ruhanilərin mənafeyinə toxunur. Ona görə də, təsadüfi deyildir ki, Məclisin qanunvericilik fəaliyyətini tamamilə öz nəzarəti altına almış nəzarət Şurası qanun layihəsini “təkmilləöşdirmək” bəhanəsilə dəfələrlə məclisə qaytarmış və Məclis tərəfindən iri torpaq sahibliyinə aid bəzi mühüm və vacib maddələr ondan çıxarılaraq qısadılmış variantda yenidən nəzarət Şurasının təsdiqinə verilməsinə baxmayaraq həmin Şuradakı mühafizəkar ruhanilər yenə də qane olmayıb, onun İslam ehkamlarına zidd gəldiyi, “müqəddəs” xüsusi mülkiyyət prisipini pozduğu üçün qəbul etməyərək icrasını dayandırmağı qərara aldı və bu qərar Xomeyni tərəfindən bəyənildi. (22) Baxmayaraq ki, Xomeyni xalqın gözündən pərdə asmaq üçün bir növ üzgörənlik kimi, görünən fikri yenə də təkrar edərək bildimişdir ki, ölkənin ali qanunvericilik-hakimiyyət orqanı məclisidir, bilavasitə o məclis tərəfindən bəyənilmiş qanun layihəsinin qəbul edilməsi məsələsini həll etməlidir. (23)

Bununla əlaqədar deputat Kazım Novruzi haqlı olaraq məclisdəki çıxışında inqilab ərəfəsində kəndlilərə verilmiş vədləri xatırladaraq demişdir ki, “İmam” (24) hələ Fransada olarkən buyurmuşdur ki, “biz” feodalların tərəfdarı deyilik. Mülkədar və feodalların zor gücünə ələ keçirdikləri torpaqları onlardan alıb məhrum və müstəzəflərin ixtiyarında qoymaq lazımdır”. İndi hamı bu intizadadır ki, məhrumlardan tərəfdarlıq edən biz onların xeyrinə nə iş görmüşük  və nə iş görmək istəyirik”. (25) Xomeyninin iddialarından belə çıxır ki, torpaq tamamilə kəndlilərin əlində olmalı idi. Hətta islahat qanununun həyata keçirilməsilə əlaqədar 1982-ci ilin noyabr ayında nazirlər şurası tərəfindən 5 il müddətinə “torpaq islahatı nazirliyi” yaradılması haqqında qəbul edilən qərarlar da heç bir şey dəyişmədi. (26)

Deyildiyi kimi, əvvəllər torpaq islahatı haqqında ruhaniyyət tərəfindən tək-tək müsbət fikirlərə rast gəlmək olurdusa, indi bu məsələ müxtəlif bəhanələrlə kənara atılıb, onun qoyuluşu tamamilə ilahi qüvvəyə istinad edilərək mülkiyyətin toxunulmazlığı məsələsi ortaya atılır. (27) Təzadlı fikirlər və ziddiyətli mülahizələrə aşılanmış belə bir iddia irəli sürülür ki, İslam ənənəsinə görə, yer və yerdə olan bütün sərvət (mal-dövlət) haqq təalaya, yəni Allaha məxsusdur. Bu sərvəti, guya adamlara ona görə verib ki, ondan müvəqqəti halda istifadə etsinlər, Allah mülkiyyət tanımır. Bu baxımdan İran İslam Respubliksında mülkiyyət formalarının müəyyən edilməsi və xüsusi mülkiyyətin elan olunması islam ənənəçiləri tərəfindən “fəxri və müqəddəs” iş kimi müəyyən dərəcədə “güzəştə getmə” hesab edilir ki, bu da, həqiqətdə, onların dini ehkamların müasir həyat şəraitinə uyğunlaşdırmaq cəhtdən savayı, bir şey deyildir. Ümumiyyətlə, İslamda mülkiyyət məsələsi ortaya çıxanda dinə müraciət edilərkən Allah vahid meyar götürülür və Allah dünyada bütün sərvətlərin yeganə sahibi hesab edilir. Burada bir tərəfdən belə çıxır ki, heç bir kəs mülkiyyətə yiyələnmək iddiasında ola bilməz, digər tərəfdən isə hamı sərvətin səmərəli istifadə edilməsində bərabər hüquqa malik tutulur, sinfi fərqlərin təsviyə edilməsi tələb olunur. İslam iqtisadi sisteminin məqsədi, guya bərabərlik cəmiyyəti qurmaqdır. Belə bir fikir Xomeyninin hələ inqilabdan qabaq irəli sürdüyü mülahizəyə də səciyyələnir. O, deyirdi ki, hamının və hər bir tərəfin sərəncamına veriləcək. (28) Buradan belə çıxır ki, inqilabın qələbəsindən sonra, hamı əmlakdan bərabər surətdə istifadə edəcəkdir. Həm də elan edilirdi ki, xüsusi mülkiyyət şəxsi əməyə əsaslanmalıdır. Əgər mülkiyyət sərf olunmuş şəxsi əməyin nəticəsi deyilsə, onda, o cəmiyyətə və yaxud dövlətə məxsus edilməlidir. Lakin reallıqda, əməldə isə belə olmalı. Əksinə, indi inqilabın başlanğıcında seçilmiş olan şüarlar, guya “islam” deyildir kimi qələmə verilir, torpaq islahatının yerlərdə həyata keçirilməsilə əlaqədar fəallıq göstərmiş kəndlilər, kənd əncüməni nümayəndələri təqib olunur, müxtəlif bəhanələrlə həbsə alınır və işgəncələrə məruz qalırlar. Feodal və mülkədarların kəndlilərə qarşı qısasçılıq işinə inqilab keşikçiləri və inzibati orqan məmurları kömək edirlər. (29) vaxtilə hakimiyyət orqanları tərəfindən milliləşdirilmiş və müsadirə edilmiş şəxsi torpaq sahələrini və digər mülkiyyət sahiblərinin əmlakını – hətta inqilaba zidd olduqları təqdirdə belə Qurana-İslam ehkamlarına (guya əməklə qazanılmış əmlaka dəymək haramdır) istinad edilərək tədricən öz sahiblərinə qaytarılır. Başqa sözlə desək, burada belə təbir irəli sürülür ki, guya mülkədəarların “əməklə qazandığı” əmlaka dəymək haramdır. Halbuki, bir tərəfdən Quranın müvafiq müddəalarına əsasən, deyilir ki, lazım gəldikdə dövlət bütün müsəlmanların xeyrinə xüsusi mülkiyyəti məhdudlaşdıra bilər. Digər tərəfdən, əgər belədirsə, onda, Quranın müvafiq müddəaları burada da ruhanilər tərəfindən pozulur. Deyildiyi kimi, xüsusi mülkiyyətin həcmi nəinki məhdudlaşdırılmır, əksinə, olduğu kimi qalmışdır ki, bu da bərabərsizliyin təzahüründən savayı bir şey deyildir. Bərabərlikdən dəm vurulan bir ölkədə hökm sürən dəhşətli, faciəli bir bərabərsizlik göz qabağındadır. Görünür, din başçılarının vaxtıkən “islam ədalətli-qardaşlıq və bərabərlik cəmiyyətidir” prinsipindən dəm vurması cəmiyyət üzvlərini aldatmaq üçün növbəti riyakarlıq imiş. Həm də din xadimləri tərəfindən belə ibarəli sözlərin işlədilməsi onların öz əsas niyyətini həyata keçirmək imkanı yaradan hərəkatlarını ört-basdır etmək deməkdir. Onsuz da xalq qarşısında gözükölgəli olan (Xomeyni başda olmaqla) ruhanilər xalqın diqqətini özlərinə cəlb etmək üçün bəzən ibarəli sözlər işlətməkdən də çəkinmirlər. Belə ki, mühafizəkar ruhanilər dini qayda-qanunları elə qələmə verməyə çalışırlar ki, guya islamiyyətdə mülkiyyət qeyri məhduddur. (30) müsəlman olan hər kəs başqasının əməyinin istismar olmasına baxmayaraq, istədiyi qədər var-dövlətə, mülkə, torpağa shib ola bilər. Bu istismarçı ruhanilərin dediyindən belə çıxır ki, İslam qeyri-məhdud mülkiyyəti və istismarı cayez bilir və qanuni hesab edir. Əslində isə bu başqasının hesabına külli miqdarda sərvət və torpağı zor gücünə zəbt etmək zalımların ağalığına və amansız istismarına haqq qazandırmaq üçün göstərilən xidmətdir.

Lakin bunu da qeyd etmək lazımdır ki, əsrlər boyu torpaqsız və aztorpaqlı olan İran kəndlisi öz haqqını tələb etmək əvəzinə, dini xürafatın güclü təsirilə mollaların şəriət adından saxtakarlıqla düzəltdikləri bəzən belə bir müddəaya inanırlar ki, guya mülkiyyət toxunulmazdır, onu “böyük Allah” bəndələrinə bəxş etmişdir, torpaqsız və aztorpaqlı başqasının torpağında gözü olması, hər hansı yolla ələ gətirmək meyli Quranı Şəriətin və dini qayda-qanunların əleyhinədir, guya Allah insanları imtahan etmək üçün özü – varlı və yoxsulları yaratmışdır. (31) Əlbəttə, belə fikir və düşüncənin nəticəsi ondan ibarətdir ki, varlılar daha varlı olar yoxsullar daha da yoxsullaşar. Əlbəttə, ruhanilərin sərvət adından qondardıqları bu kimi fikirlər heç də həmişəlik özünə yer tuta bilmir. Belə ki, ölkədən qaçmış şah tərəfdarlarının və əksinqilabçıların kəndlilərə verilmiş torpaqları onların əvvəlki sahiblərinə qaytarılması yerlərdə geniş zəhmətkeş kəndli kütlələrinin kəskin etirazlarına səbəb olmuşdur. Halbuki, Xomeyni inqilab ərəfəsində və inqilab dövründə bildirdi ki, torpaq onu əkənindir, Allahındır. Lakin sonralar o sözünü dəyişdi və mülkədarlar yenidən “öz torpaqlarına” sahib oldular. Allah haqqında deyilən söz də aradan getdi, verilən vədlər də. (32)

Kəndlərə qayıdan mülkədar və kapital sahiblərinin mövqeyini möhkəmləndirmək məqsədilə hökumət tərəfindən məclisə təqdim edilən 5 illik proqramda göstərilir ki, kənd təsərrüfatı bölməsində bütün proqram müddətində kapital qoyduğu 2133 milyard real olacaqdır. Bu məbləğdən yalnız 795 milyard real dövlət vasitəsilə kapital qoyulacaqdır, qalan hissəsini 1338 milyard real və 62 faizini “qeyri-dövləti-bölmənin” öhdəsinə düşür. (33)

Ardi var

 

 

 

Go Back

Comment