Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Firidun Ibrahimi “Azərbaycan danışır...

 

 

 

 

 

 

 

 

 

 

Firidun Ibrahimi 

“Azərbaycan danışır...

İftixarlı tariximizdən bir neçə parlaq səhifə” 

 

   Müqəddimə (1)

 “Ey ölməz Azərbaycan, başını uca tut, yaşa və əbədi var ol!”

Şeyx Məhəmməd Xiyabani

 Xəyal etməzdim ki, bir sıra mərkəzi qəzetlərin və eyni zamanda hər məhəllənin başında böyük rüsvayçılıq təbillərini döyən, qaranlıq və nalayiq keçmişləri  hamıya məlum olan bir qrup yazıçıların elmi əsası olmayan və başdan ayağa abırsız iftiralarla dolu olan yazıları müqabilində bir şey yazım. Bunlar xurafat burulğanında boğulanlardır, onların düşüncə məkanı başdan ayağa cəhalət və xurafat divarı ilə əhatə olunmuşdur ki, həqiqətləri və reallıqları dərk etməyə, görməyə qoymur. Zalım müstəmləkə siyasətinin zəhəri onların arteriya damarlarına elə təsir göstərmişdir ki, onlar xilas olmağın və azadlığın doğru yolunu təyin edə bilmirlər.

         Hədəf və məqsədi, ictimaiyyətin fikrini özünə cəzb etməklə,  zalım müstəmləkə siyasətinin davam etdirilməsinə və genişləndirilməsinə kömək etməkdən başqa bir şey olmayan qara vərəqlərdəki bu yazıların bir miqdarı bizim əlimizə yetişir. Mərkəzə bağlı məlum yazarların bəzilərinin Azərbaycan ictimai fikrinə münasibətdə qərəzli və təkəbbürlü məzmunu ilə Azərbaycandakı hər bir adi oxucunu şoka salmağı rəva bilirlər. Burada isə xalq müstəmləkə siyasətinin oyuncağına və iradəsiz alətinə çevrilmiş bu adamların dar düşüncələrinə gülür və onları soyuqqanlıqla məsxərəyə qoyur...

         Biz Tehrandan bundan artıq bir şey də gözləmirik. Mərkəzi qəzetlər tərəfindən Azərbaycan cəmiyyətinə, millətinə və ictimai fikrinə edilən bu hörmətsizliklər yeni bir şeylər deyildir.

         Tehranın Azərbaycana münasibətdə bu dəyişməz və daimi siyasəti müxtəlif dövrlərdə müxtəlif yollarla həyata keçirilmiş və hər dövrün tələbinə uyğun olaraq müxtəlif çalarlarla özünü göstərmişdir. Bir zamanlar mücahidləri və Məşrutə inqilabı qəhrəmanları olan Azərbaycanın qeyrətli övladlarını öldürmək və aradan götürməklə, bir vaxtlar Azərbaycan millətinin adət-ənənələrini təhqir etmək və sıxışdırmaqla, bəzi mərhələlərdə isə repressiya siyasətini icra etməklə, ictimai fikri terror etməklə məqsədlərini həyata keçirməyə çalışmışlar və indi də Tehran hökumətinin və müstəmləkə siyasətləri dəllallarının həyata keçirdikləri üsullara uyğun hərəkət edirlər. Mərkəzi qəzetlərdən bəziləri də ya bilərəkdən və qəsdən və ya bilməməzlikdən və iradəsizlikdən bu qorxulu planlara yardım edirlər və beləliklə də, bu məqsədlərin həyata keçirilməsinə və icrasına çalışırlar.

         Bizim bu hədyanlara cavab verməyə hövsələmiz yoxdur və öz vaxtımızı Azərbaycan millətinin azadlığı və zülmə məruz qalmış xalqın nicatı üçün demokratik bir quruluşun bərqərar edilməsi yolunda sərf edirik. Bu uydurmalara cavab verməməyi daha qiymətli bilirik. Çünki bu yazılar heç bir elmi qaynağa və əsasa malik deyil. Elmi əsasa malik olmayan bir şeyə cavab verməyə və ona aid müzakirə aparmağa dəyməz. 

         Çox təəssüfedici bir haldır ki, əlinə qələm alan hər kəs Azərbaycandakı son hadisələr barəsində ağlına gələni yazır. Özünə əziyyət verib mütaliə və tədqiqatla məşğul olan, təəssübkeşliyə və müstəqil fikrə sahib olmaqla tarixi həqiqətlər, millətlərin təbii qaçılmaz inkişafı barədə müzakirə apara biləcək bir adam görmürük.

Avantüristlər Azərbaycan millətinin dili, mədəniyyəti və ədəbiyyatı əleyhinə qorxmadan qələm çalmaqda davam edirlər və bizim dilimizə, adət-ənənələrimizə münasibətdə tam ləyaqətsiz bir şəkildə minlərlə aşağılama və hörmətsizlik göstərirlər, bizi tarixsiz bir millət kimi təqdim edirlər, millətimi təhqir edirlər, bizi mədəniyyətsiz millət kimi qələmə verirlər, bizi konstitusiya əleyhinə çıxan kütlə kimi göstərirlər.

“Azərbaycan” qəzeti (ADF orqanı), say 42, 31 oktyabr 1945

Müqəddimə (2)

Bunlar ana dilinin bərpası, unudulmuş Konstitusiyanın əsas maddələrinin icrası tələbini və həqiqi demokratik prinsiplərin icrasını siyasi qanuna zidd bir hərəkət kimi göstərir və beləliklə, Azərbaycanın qeyrətli və ləyaqətli mücahidləri və övladlarının qanı bahasına əldə edilmiş nailiyyətləri inkar edirlər.

Niyə? Ona görə ki, bunlar bilərəkdən və ya bilmədən istismarın qorxulu və kiçik millətlərin  repressiya siyasətinin icra alətinə çevrilmişlər, millətlərin yaşam haqqını, azadlığı, ləyaqətin müdafiəsini və milli hüquqdan istifadəni başa düşmürlər.

Biz bu cür yazıların müzakirəsini və cavablandırılmasını gərəksiz bilirik. Azərbaycan Demokrat Firqəsi təşkil olunduğu və çox qürurlu Azərbaycan millətinin azadlıq və həqiqi demokratiya uğrunda mübarizəsinə rəhbərliyi öz üzərinə götürdüyü gündən bu yana bilirdi ki, istər İranda və istərsə də İrandan xaricdə olan müstəmləkə siyasəti dəllalları, onların pis planlara, zəhərli fikirlərə söykənən dayaqları bu boyük və müqəddəs hərəkat qarşısında sarsılacaqlar və dinc oturmayacaqlar, əldə edə biləcəkləri hər vasitədən, həm müzdur qəzetlərdən, həm nüfuz altında fəaliyyət göstərən radiolardan bizim hərəkata qarşı istifadə edəcəklər. Amma bizim hərəkatımız milli bir hərəkatdır. Azərbaycan xalqının bütün təbəqələrinin onda iştirak etdiyi bir hərəkatdır və qarşısına qoyduğu son məqsədə çatmayınca yolundan dönməyəcəkdir. Teharn qəzet və yazıçılarının böhtan və iftira dolu bu yazıları onların mövhumat dəryasında cahilliyə, nadanlığa qərq olmalarını son dərəcə aydın göstərir. Həm də onu göstərir ki, hələ də Rza xanın quldur siyasətini davam etdirənlər özlərinin uydurduqları saxta bir tarixi millətimizə qəbul etdirməyə çalışırlar. Repressiya siyasətinin nüfuz və təsiri nəticəsində elə bir vəziyyət yaranmışdır ki, tariximizi təhrif etməyə, hər cür tarixi nailiyyətlərimizi əlimizdən almağa, tarixi şəxsiyyətlərimizi aradan aparmağa çalışan şəxslərin imzası ilə bu gün paytaxt qəzetlərinin səhifələrində onların dayaz ağıla malik olmalarını göstərən yazılar dərc olunur. Bunlar başa düşmürlər ki, bir millətin tarixini heç bir qüvvə ilə dəyişmək, mövhumat pərdəsi və uydurma əfsanələrlə örtmək, xalqın nəzərindən gizlətmək mümkün deyil.  

Bir milləti tarixi nailiyyətlərindən məhrum etmək mümkün deyil. Çünki layiq və yaşar bir millət sonucda özünün həqiqi xarakterini göstərəcəkdir, gec, ya da tez ətrafında göyərən alaq otlarını təmizləyəcəkdir.

Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum.  İkincisi, azadlıqsevər və iftixarlı millətimin  hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm. Göstərmək istəyirəm ki, Azərbaycan bəşər mədəniyyəti tarixində hansı mövqeyə malik olub, qərinələr boyu necə qəsbkar və zülmkar dövlətlərin əsarətində qalıb və indi yenidən öz azadlığını və hüququnu əldə etmək üçün ayağa qalxıb.

“Azərbaycan” qəzeti (ADF orqanı), say 43, 1 noyabr 1945

Müqəddimə (3)

Bu qeydlərim kaprizlərim və  fanatizm ruhu üzərində deyil,  tarixi sənədlər və tam elmi əsaslar  üzərində qurulmuşdur, yeni tədqiqat üsulu ilə toplanmışdır.

Təbidir ki, yalan, qeyri elmi tarixlər və uydurma əfsanələrlə aldadılmış oxuculardan bir qrupu üçün bu qeydlərdəki məsələlər tamamilə yeni olacaqdır.

Çünki bizim məktəblərdə tarix adı ilə tədris olunan kitablar elə bir şəkildə dəyişdirilmiş və həqiqətlər xalqdan gizlədilmişdir ki, cavanlarımız üçün həqiqətləri dərk etməyə nail olmaq, nəzərdə tutulan tarixi oxumaq və öyrənmək çox çətindir.

Adlarını tarixçi qoyanlar və özlərinin bütün güclərini yalanlar söyləməyə, uydyrma ixtira və əfsanələr yaratmağa sərf etməklə törətdikləri cinayətlərin miqdarına diqqət yetirməyənlər bir məsələni nəzərə almalıdırlar ki, bu yalanlarla elmi aldatmağa gücləri çatmayacaqdır.

İranın qədim tarixində bu cür uydurmalar görünməkdədir. Çünki məlumatsız yazarlardan bir qrupu əsas məsələlərdən bir çoxunu elə bir şəkildə dəyişdirmişlər və elə bir hala salmışlar ki, bugünkü dünyanın məsxərə obyektinə çevrilmişdir. O cümlədən, Azərbaycan millətinin qədim tarixi barədə elə danışmışlar ki, guya  bu millətin tarixi olmamış və bununla da millətimizin tarixi nailiyyətlərini inkar etmişlər. Amma bu gün elmin gücü ilə sübut edə bilərik ki, biz müstəqil, iftixarlı tarixə və inkişaf etmiş qədim mədəniyyətə malik bir millətik. Bu qeydləri yazmaqda məqsədimiz də bu əsas məsələni sübuta yetirməkdir. Qoy, bu qeydlər Azərbaycan millətinin ictimai rəyini yönəldən kəslərin tarixi nailiyyətlərimizin, millətimizin qədim inkişaf etmiş mədəniyyətinin əhəmiyyət və qiymətinin bərpası yolunda mühüm addımlar atmalarına səbəb olsun.

“Azərbaycan” qəzeti (ADF orqanı), say 44, 2 noyabr 1945 

 

 

 

Go Back

Comment