Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Firidun İbrahimi - Azərbaycanın danışan dili.

Firidun İbrahimi - Azərbaycanın danışan dili.

Firidun İbrahimi şəxsiyyəti - iftixarlı

tariximizin parlaq səhifəsi

 

Azərbaycan xalqının ləyaqətli oğlu Firidun İbrahimi Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi, Milli Hökumət zamanında Azərbaycanın Baş Prokuroru olmuşdur.

O, 21 noyabr 1918-ci il tarixində Astara şəhərində dünyaya gəlmişdir. Firidun İbrahimi 1941-ci ildə, Tehran universitetinin hüquq fakültəsində təhsil aldığı zaman, İran Xalq Partıyasının sıralarına qoşulmuşdur. O, tələbə hərəkatında fəal şəkildə iştirak etmişdir. Ədəbi fəaliyyətinə universitetə qəbul olduğu ildən başlamış və tez bir zamanda siyası məqalələr də yazmağa başlamışdır.

Firidun İbrahimi 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajir” qəzeti təsis olunduqdan sonra bu mətbu nəşrlə əməkdaşlığa başlamış və həmin ildə də redaksiya heyətinin üzvü seçilmişdir. O, öz məqalələrində imperializmi və onun yerli əlaltılarını ifşa etmiş, “Ajir” qəzetində fəaliyyəti ilə yanaşı İran Xalq Partiyasının nəşrləri üçün də məqalələr yazmışdır. F.İbrahiminin yazıları ardıcıl olaraq İXP-nin rəsmi orqanı olan “Rəhbər”, antifaşist “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan “Zəfər” qəzetlərində və digər mütərəqqi mətbuat orqanlarında çap olunmuşdur. Azərbaycanda çıxan “Xavəre nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri və sair demokratik mətbuat orqanları ilə də əməkdaşlıq etmiş, onlar üçün günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr yazmışdır.

Firidun İbrahimi 1945-ci ilin may ayında Tehran universitetinin hüquq fakültəsini bitirmişdir. O, ana dilindən başqa fars, fransız və ərəb dillərini də mükəmməl bilirdi. Universiteti bitirdikdən sonra İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən ona dəfələrlə iş təklifi gəlsə də, xalqına xidməti özünün əsas vəzifəsi hesab edən F.İbrahimi bu təklifləri qəbul etməmiş və öz ana yurdu Azərbaycana qayıtmışdır. 5 sentyabr 1945-ci il tarixində ADF-nin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olundu. Firidun İbrahimi elə həmin tarixdən də “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başladı. Onun Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli qürur hissinin oyanmasında mühüm rol oynadı. Firidun İbrahiminin “Azərbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə” başlıqlı yazıları 31 oktyabr - 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında “Azərbaycan” qəzetinin (ADF orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla 19 sayında ayrı-ayrı bağlıqlarla çap olunmuşdur. Bu yazılar F.İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı və istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti və dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət və ənənələri barədə 19 məqalədən ibarətdir.

Qeyd olunmalıdr ki, Firidun İbrahimin həmin məqalələr toplusu 2009 və 2015-ci illərdə Təbrizdə Cəmşid Pur İsmayıl Niyazinin tərcüməsi və Hüseyn Kuzəkonaninin müqəddiməsi ilə “Qədim Azərbaycan tarixi haqqında qısa məlumat” adı altında 180 səhifədə çap olunmuşdur. 2015-ci ilin iyun ayında “Sürgündə Güney Azərbaycan (İran) Qələm Əncüməni” saytında Əhəd Vahidi tərəfindən kitab barədə “Tərcümə və təhqiq, yoxsa təhrif və təxribat?” başlığı altında tənqidi bir yazı getmişdir. Ə.Vahidi həmin yazısında Firidun İbrahimini çox böyük ehtiramla yad edərək qeyd edir ki, onun “Azırbaycan” qəzetində (ADF orqanı) “Azərbaycan danışır...İftixarlı tariximizdən bir neçə parlaq səhifə” başlığı altında dərc olunmuş məqalələri 1946-cı ildə “Sovet Mədəniyyəti Evi” tərəfindən Təbrizdə fars dilində “Azərbaycanın qədim tarixi haqqında” adı ilə çap olunmuşdur. Yazı müəllifi haqlı olaraq öz təəccübünü də bildirir ki, Firidun İbrahiminin həm “Azərbaycan” qəzetində və həm “Sovet Mədəniyyəti Evi” tərəfindən fars dilində çap olunmuş yazılarını Cəmşid Pur İsmayıl Niyazi hansı dildən yenidən fars dilinə tərcümə etmişdir? Əhəd Vahidi eyni zamanda onu da qeyd edir ki, Firidun İbrahimi istər “Azərbaycan” qəzetində və istərsə “Sovet Mədəniyyəti Evi” tərəfindən nəşr olunmuş toplusuna özü müqəddimə yazdığı halda, görəsən professor Hüseyn Kuzəkonaninin müqəddiməsinə nə ehtiyac var idi? Həqiqətən də, 2009 və 2015-ci illərdə Təbrizdə Cəmşid Pur İsmayıl Niyazinin tərcüməsi və Hüseyn Kuzəkonaninin müqəddiməsi ilə “Qədim Azərbaycan tarixi haqqında qısa məlumat” adı altında 180 səhifədə çap olunmuş kitabın yalnız 41 səhifəsi Firidun İbrahiminin qələminə məxsusdur, amma onun öz qələmi ilə yazılmış “Müqəddimə” bu kitabdan tamamilə çıxarılmışdır. Qalan 139 səhifədə isə cənab Kuzəkonani Firidun İbrahiminin Azərbaycan mədəniyyət tarixi barədə yazılarını şovinistlərin mənafeyinə uyğun uzunuzadı şərh edir, oxucunu Firidun İbrahimi amallarından yayındırmağa çalışır.

Firidun İbrahimi isə öz müqəddiməsində bu toplunun tərtib olunması barədə əsl məqsədini şərh edərək yazır: “Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıq sevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm”.

Həmin müqəddimədə Azərbaycan dili və mədəniyyətinə münasibətdə şovinistlər tərəfindən həyata keçirilən məlum siyasətə işarə edən müəllif yazır: “Avantüristlər Azərbaycan millətinin dili, mədəniyyəti və ədəbiyyatı əleyhinə qələm çalmaqda davam edirlər və bizim dilimizə, adət-ənənələrimizə münasibətdə tam ləyaqətsiz bir şəkildə minlərlə aşağılama və hörmətsizlik göstərirlər, bizi tarixsiz bir millət kimi təqdim edirlər, millətimi təhqir edirlər, bizi mədəniyyətsiz millət kimi qələmə verirlər, bizi Konstitusiya əleyhinə çıxan kütlə kimi göstərirlər. Bunlar ana dilinin bərpası, unudulmuş Əsas Qanunun (Konstitusiyanın) əsas maddələrinin icrası tələbini və həqiqi demokratik prinsiplərin icrasını siyasi qanuna zidd bir hərəkət kimi göstərir və beləliklə, Azərbaycanın qeyrətli və ləyaqətli mücahidləri və övladlarının qanı bahasına əldə edilmiş nailiyyətləri inkar edirlər”.

Ulu əcdadlarımızın tarixindən, mədəniyyətindən və dövlətçilik ənənələrindən bəhs edən F.İbrahimi toplunun “Madlar bizim ulu babalarımızdır” başlıqlı yazısında uzun illər azərbaycanlılara qarşı soyqırım siyasəti yeridən pəhləvilərin şovinist siyasətinə qarşı etiraz əlaməti olaraq qeyd edir: “ Bizim ulu babalarımız olan madlar bəşər tarixində mühüm rol oynamışlar. Onlar eramızdan 800 il əvvəl güclü müstəqil dövlət qurmağa nail olmuşlar. Bu dövlət şimal-qərbdə Urartu dövləti (Van) ilə, qərbdə Assur dövləti ilə həmsərhəd və qonşu olmuşdur. Həmin zamanlarda Mad dövlətinin şərq hissəsində pars (fars) xalqı yaşayırdı. Madlar mədəniyyət və sivilizasiya baxımından o dövrün ən mütərəqqi və inkişaf etmiş xalqları sırasında assurlar və babilərlə yanaşı dayanırdılar. Amma tarixi tədqiqatlat göstərir ki, pars (fars) xalqı mədəniyyət və yaşayış tərzi baxımından madlara nisbətdə xeyli geri qalırdılar...” Firidun İbrahimi həm yazıları və həm əməlləri ilə millətinin dünyada layiq olan yerini bütün dünyaya tanıtdırdı və Azərbaycanın şəhidlik tarixində ən müqəddəs və uca zirvə də məhz ona aiddir. 12 dekabr 1946-ci il tarixdə İran şahının Azərbaycana xəyanətkar həmləsi zamanı Firidun İbrahimi öz yoldaşları ilə birlikdə ADF MK-nın binasında səngər yaratmışdı, 34 saatlıq silahlı çatışmadan sonra onlar həbs olundular və zindana salındılar. Firidun İbrahimi zindanda öz məsləkdaşlarına deyirdi: “Əslən dövlətdən və şahdan əhv diləməyin. Biz bu cənablara və şaha əhv lənətləri göndəririk”.

Iranın xəbər agentliklərinin nümayəndələri mətbuat səhifələrində Firidun İbrahimi ilə zindanda keçirdikləri görüşləri əks etdirən yazılar dərc etmişdilər. Nümunə kimi onlardan birini oxucuların diqqətinə təqdim edirik: “Ondan soruşduq: Siz prokuror olduğunuz zaman hansı işləri icra etmişiniz?

O cavabında dedi: Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs olunan günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik.

Sual etdik: Bəs, o xalq haradadır, niyə sizing ölümünüzü istədilər?

Cavab verdi: Mənim kimilərin ölümünü istəyənlər imperialist ağalarının göstərişlərini yerinə yetirən mürtəce Tehran hökumətidir. Bu gün xalqımızın əlayağı, fəhlə, kəndli, zəhmətkeş və həmçinin əli qələm tutan ziyalıların dili bağlanmışdır. Amma bu əsarət zəncirləri əbədi deyil və onların qüdrətli əlləri ilə açılacaqdır.”.

Zindanda qaldığı 6 ay ərzində ağır işgəncələrə məruz qalan, bütün bu çətinliklərə dözən Firidun İbrahimi fəxrlə deyirdi: “Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı və səadəti yolunda sərf etmişəm. Bu zaman içərisində çalışdım ki, öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm. Mübarizəmin bu axır mərhələlərində də öz iradə və cəsarətimi qoruyacağam”.

O, satqın şah rejiminin təşkil etdiyi məhkəmədə özünü müdafiə edərkən, əslində bütün İran xalqlarının və zəhmətkeşlərinin hüquqlarını müdafiə edirdi və imperialistlərin cinayətlərini, onların daxili nökərlərini ifşa edirdi. O, məhkəmədəki çıxışlarında demişdi: “Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır. Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını açacaq, bütün cəllad və zülmkarları məhv edəcəkdir. Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar və öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar”.

Pəhləvi şahlıq rejiminin polad iradəli mübarizlərə cavabı edam oldu. Edamdan iki gün öncə Firidun İbrahimi Paris Sülh konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istədi. Edam olunacağı gün bütün gecəni zindandakı yoldaşları ilə söhbət etdi. O, insanların cəmiyyətə və xalqa münasibətdə vəzifələrindən, mübarizə ilə keçən həyatın şirinliyindən danışdı. Sübh tezdən, üzünü qırxdıqdan sonra ağ köynəklə kostyumunu geyindi, qırmızı rəngli qalstukunu boynuna vurdu. Səliqəsinə xüsusi diqqət yetirdi. O, bəzi yoldaşlarının təəccübünü görüb onlara dedi: “Biz öz həyatımızı bütünlüklə paklıq və şərafət içərisində keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik?”

Firidun İbrahimi 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam olundu. Kəndir boynuna salınmamışdan öncə gözlərini qapadı və vida əlaməti olaraq başı ilə Savalan dağı qarşısında təzim etdi və sonra cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi: “Yaşasın Azərbsaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!”

Həmin gün bütün Azərbaycan xalqı matəmə qərq oldu. Təbrizin mübariz cavanları mitinq və etiraz nümayişləri, “intiqam komitələri” təşkil etdilər. Bilirik ki, Firidun İbrahimi şəxsiyyəti, sürdüyü ömür, Azərbaycanın azadlığı uğrunda keçdiyi mübarizə yolu, göstərdiyi qəhrəmanlıq, milli kimliyimiz və varlığımızı bütün dünyaya tanıtdırmaq işində qələmindən çıxan yazılar günümüzün gəncliyi və gələcək nəsillərimiz üçün örnək olacaq və uğrunda şəhid olduğu gün də gələcəkdir.

 

Bayramzadə Səməd Zülfəli oğlu,

tarix üzrə fəlsəfə doktoru,

AMEA akademik Z.Bünyadov adına

Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan

şöbəsinin müdiri

 

P.S. Bu yazı “Firidun İbrahimi. Azərbaycanın qədim tarixindən, Azərbaycan Demokrat Firqəsinin nəşri, Bakı, 2017” kitabında həm latın əlifbasında (səh.10-17) və həm əski əlifbada (səh.VIII-XIV) ön söz əvəzi kimi getmişdir.

 

Go Back

Comment