Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Cənub tariximizi və tarixçilərimizi tanıyaq

Cənub tariximizi və tarixçilərimizi tanıyaq


Cənubi Azərbaycan və ya İran Azərbaycanı adlanan bölgə milli tarixçiliyimiz baxımından böyük əhəmiyyətə malikdir.

Xüsusilə XIX əsrdə Qacarlar dövrünün tədqiqi cənub tariximizin öyrənilməsini vacib edir. Bu baxımından görkəmli Azərbaycan şərqşünası, ərdəbilli tarixçi, t.ü.e.d. Məhəmməd Şəmsinin (1919-1986) “İranda maarifin inkişafı (1851 - 1911)” adlı elmi-tədqiqat əsəri böyük əhəmiyyətə malikdir. 

Əsərdə Qacarlar dövrünün təhsil, maarif məsələləri geniş işıqlandırılmışdır. Mütəfəkkirin özü İran Tudə (Xalq) Partiyasının və Azərbaycan Demokrat Firqəsinin fəal üzvü kimi S.C.Pişəvərinin başçılığı altında Pəhləvi şahlıq rejiminə qarşı milli azadlıq mübarizəsində aktiv iştirak etmiş, “21 Azər” medalı ilə təltif edilmişdi. O, mühacirətdən sonra Bakıda, Azərbaycan EA Şərqşünaslıq İnstitutunda çalışmış, Qacarlar, o cümlədən İran tarixinə dair bir sıra dəyərli əsərlər yazmışdır. Onun akademik Ziya Bünyadovun elmi rəhbərliyi altında yazdığı “Şərəf xan Bitlisinin “Şərəf-namə” əsəri kürd xalqının tarixi mənbəyi kimi” mövzusunda elmi-tədqiqat əsəri də orta əsrlər İran və Azərbaycan tarixinin tədqiqi baxımından əhəmiyyətlidir. M.Şəmsi “İranın ictimai və siyasi xadimləri Böyük Oktyabr Sosialist İnqilabının əhəmiyyəti haqqında” adlı məqaləsində S.C.Pişəvərinin “İndi hər yerdə kommunizm ideyası oyanır, kapitalizm və imperializm qələsini qətiyyətlə yıxır” fikrini nümunə göstərərək, bolşevik inqilabının Qacar İranını rus və ingilis müstəmləkəçiliyindən xilas etdiyini vurğulamışdı. 

S.C.Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin (ADF) orqanı olan “Azərbaycan” qəzetinin nüsxələri Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunur. 1945-1946-cı illərdə Təbrizdə dərc olunan qəzetin sonrakı nəşrləri ADF-nin məğlubiyyəti səbəbilə Bakıda buraxılmışdır. Bunlar, qəzetin 1947-48-ci illərdə çapdan çıxmış 128 saydan ibarət məcmusudur. Qəzetdə Səttar xan, Xiyabani kimi azərbaycanlı inqilabçılar, həmçinin şah rejiminə qarşı mübarizə haqqında məqalələr nəşr olunurdu. Qəzet İran və Azərbaycan tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.


Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Qacarlar dövrünə aid xeyli material qorunur. Məsələn, Təsviri materiallar fondunda XVIII əsrin sonu – XX əsrin əvvəllərində İranı idarə etmiş Qacarlar sülaləsini əks etdirən müxtəlif rəsm əsərləri saxlanılır. Fondda Qacarlar sülaləsinin ilk hökmdarı Ağa Məhəmməd şah Qacarın (v.1797) əks olunduğu portret, Fətəli şah Qacarın (v.1834) portreti, I Rusiya-İran müharibəsinin ağır döyüşlərini əks etdirən “Fətəli şah Qacar rus generalını öldürür” miniatürü, Fətəli şahın oğlu, Azərbaycan hakimi, vəliəhd Abbas Mirzənin (v.1832) əks olunduğu iki rəsm əsəri, Məhəmməd şah Qacarın (v.1848) və Nəsrəddin şahın (v.1896) öz əyanları ilə birlikdə əks olunduğu rəsm əsərləri, Müzəffərəddin şah Qacarın (v.1907) görkəmli Azərbaycan xeyriyyəçisi H.Z.Tağıyevlə birlikdə əks olunduğu fotoşəkil saxlanılır. Qeyd edək ki, Qacar hökmdarları adətən Azərbaycan hakimləri olmuş vəliəhdlərdən seçilirdi.

Həmçinin muzeyin Neqativ fondunda XX əsrin əvvəlində Qacar hakimiyyətinə qarşı konstitusiya uğrunda mübarizə aparmış İran məşrutə inqilabının azərbaycanlı liderləri - Səttar xanın, Bağır xanın və məşrutəçilərin əks olunduğu fotoşəkillərin fotoneqativləri qorunur. O cümlədən Etnoqrafiya fondunda Səttar xana həsr olunmuş xalça mühafizə olunur. Yun xalçanın ara sahəsində əli tüfəngli Səttar xan və silahdaşlarının portretləri toxunmuş, fiqurların başı üstündəki medalyonlarda “Sərdari-milli külli Azərbaycan”, digərində “əməli Abdulla” və “hicri 1326” (m.1908) sözləri toxunub.
Qacarlar dövrü Rusiya işğalı, Azərbaycanın parçalanması, dini mahiyyətdə babi üsyanları, bəhai dini hərəkatı, tənbəki üsyanı, məşrutə inqilabı kimi hadisələrə şahid olmuşdur. Bu baxımdan cənub tariximizin tədqiqi, Qacarlar dövrü Azərbaycan tarixinin öyrənilməsi böyük əhəmiyyət daşıyır və tədqiqatçıları yeni elmi araşdırmalara sövq edir.

Əli Fərhadov
Tarix üzrə fəlsəfə doktoru

Go Back

Comment