Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azadlıq aşiqi, gerçək vətənpərvər, fədakar istiqlal mücahidi

Azadlıq aşiqi, gerçək vətənpərvər, fədakar istiqlal mücahidi

27 YAŞINDA GÜNEY AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN RƏHBƏRLƏRİNDƏN BİRİ OLMUŞ FİRUDİN İBRAHİMİNİN DİPLOMATİK FƏALİYYƏTİNƏ QISA BİR NƏZƏR

Azərbaycan Demokrat Firqəsi (Partiyası) Mərkəzi Komitəsinin üzvü, Güney Azərbaycan Milli Məclisinin nümayəndəsi Firudin İbrahimi (1918-1947) bu günədək həyatı və xidmətləri tam öyrənilməmiş mücahidlərimizdəndir. 

Onun haqqında 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru, görkəmli dövlət xadimi, bacarıqlı natiq və publisist kim az-çox danışılıb. Amma hesab edirik ki, Firudin İbrahiminin diplomatik fəaliyyətinə də nəzər salınmalı, onun gördüyü işlər öyrənilməli və layiqincə qiymətləndirilməlidir. 

... Hüquq təhsili almış Firudin İbrahimi 1943-cü ildən İran Xalq Partiyasının üzvü, istedadlı diplomat kimi xalqımız qarşısında böyük xidmətlər göstərib. O dövrün tədqiqatçıları yaxşı bilir ki, İbrahimi 1946-cı il iyulun 29-da başlayıb oktyabrda 15-də bitən, 21 dövlətin təmsil olunduğu Paris Sülh Konfransında iştirak edib. Yəqin Parisdə, Moskvada, ABŞ-ın, başqa ölkələrin həmin dövrə aid arxivlərində İranın, Azərbaycan Milli Hökumətinin, dolayısı ilə Firudin İbrahimin adı çəkilən sənədlər saxlanılır. Həmin arxivlərdən önəmli faktları, mühüm əhəmiyyət kəsb edən məqamları tapıb üzə çıxarmaq olar.  

... Dünya dövlətləri tərəfindən tanınmış, beynəlxalq əlaqələri qurulmuş bir dövləti təmsil etmək kimi məsul və çətin bir missiyanı çiyninə götürmüş Firudin İbrahimi özünün savadına, qabiliyyətinə güvənərək, Vətəninə sevgisindən, xalqına inamından güc alaraq Avropaya yola çıxmışdı. Necə ki, 1918-ci ilin sonunda Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri - Əlimərdan bəy Topçubaşovun başçılığı altında Quzey Azərbaycanın müstəqilliyini tanıtmaq, ərazi bütövlüyünü qorumaq üçün bir heyət Paris Sülh Konfransına getmişdi. Bu o zaman idi ki, Birinci Dünya Müharibəsinin nəticəsi olaraq xəritələr təzələnir, millətlərin müqəddəratına yenidən baxılırdı. ADC-nin qurucuları belə həssas məqamda hərəkət etməyin vacibliyini, dünyanın hakim-mütləq qüvvələrinə səsimizi duyurmağın yolunu axtarırdılar. Firudin bəy İbrahimi də İkinci Dünya Savaşından sonra Parisdə keçirilən həmin konfransda Güney Azərbaycanın müstəqilliyinə dəstək aramağın vacibliyini hər şeydən üstün tutmuşdu. Ancaq buna aparan yol hamar deyildi. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan Azərbaycan Milli Hökümətinə (1945-1946) "Buyurun gəlin, siz də sözünüzü ərz edin" - deyən yox idi. Firudin bəy savadı, istedadı, təkcə öz ölkəsinin tarixini deyil, "imperialistlərin xislətini" yaxından bilməsi sayəsində buna nail oldu. Firudin İbrahimi ana dili olan Azərbaycan türkcəsindən savayı fransız, fars və ərəb dillərini də mükəmməl bilirdi.

... Tarixi Paris Sülh Konfransının əsas məqsədi İkinci Dünya Müharibəsindən qalib çıxmış antihitler koalisiyası (1939-1945) ilə faşist Almaniyasının Avropadakı köhnə müttəfiqləri - İtaliya, Bolqarıstan, Macarıstan, Rumıniya və Finlandiya arasında sülh müqavilələrini nəzərdən keçirmək və yeniləmək idi. 1946-cı il Paris Sülh Konfransında söz sahibi sayılan əsas iştirakçılar SSRİ, ABŞ, Böyük Britaniya, Fransa və Çin idi. Tərəflər müzakirə mövzusu kimi gündəliyə Avstraliya, Belçika, Belarus, Braziliya, Yunanıstan, Hindistan, Kanada, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa, Ukrayna, Çexoslovakiya, Efiopiya, Yuqoslaviya və Cənubi Afrikanın ərazi məsələsini də daxil etmişdilər. Bəzi dövlətlərin (Meksika, Kuba, Misir, İran, İraq, Albaniya və Avstriya) rəsmi xahişi ilə onların nümayəndələrinə konfransda öz mövqelərini bildirmək imkanı verilmişdi. İran nümayəndələri məhz bu yolla konfransa qatıla bilmişdilər. Firudin İbrahimi həm İran hökuməti ilə diplomatik savaşda qalib gələrək seçilib Parisə göndərilmiş, həm də Avropanın aparıcı dövlətlərinin qarşısında Güney Azərbaycan mövzusunu gündəmə gətirməklə uğur qazanmışdı. Düşünürəm ki, məhz Firudin İbrahimi kimi cəsarətli və fədakar diplomatlarımızın, milli ruhlu dövlət xadimlərimizin sayəsində Azərbaycan çətinliklərə sinə gərə bilmiş və bu gün biz Güneyli-Quzeyli bir millət olaraq mövcudluğumuza görə onlara borcluyuq.  

... Ən qədim zamanlardan diplomatiya sahə və peşə olaraq imtiyazlı yuxarı dairələrin, saray elitasının əlində olmuş, həmçinin, böyük bir tarixi inkişaf yolu keçmiş və təkmilləşmişdir. Tədricən dövlətlərarası münasibətlərin qayda və normalarının hüquqi bazasından ibarət beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, bu elmə qədim Romada "Xalqlar hüququ" adı verilmişdi. Diplomatiyanın tarixin müəyyən dönəmlərində vəzifələri çoxşaxəli olub, bilavasitə qarşıya qoyulan məqsədin aydınlaşdırılmasına və reallaşmasına xidmət edib. Firudin İbrahimi Güney Azərbaycan Milli Hökumətinin yaradılması məqsədini, Güney Azərbaycan xalqının öz tarixi torpaqlarında Tehran rejiminin zülmünə məruz qalmasını Qərbin başbilənlərinə lazımi səviyyədə anlada bilmişdi. 

... Yuxarıda qeyd etdiyim kimi, Paris Sülh Konfransında rəsmi Tehrana İkinci Dünya Müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətlərilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri ilə bağlı öz mövqeyini ortaya qoymaq, onu şərh etmək imkanı verilmişdi. Firudin İbrahimi Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi kimi bu konfransa getmiş, 1946-cı il avqust ayının 10-dan etibarən Parisin "Lüksemburq" adlanan ən məşhur sarayında keçirilən danışıqlarda iştirak etmişdir. Lüksemburq sarayı tarixən Fransa Senatının toplandığı məkan olub. 1946-cı ildə Fransa Müvəqqəti Milli Məclisi məhz bu sarayda toplanır və millət vəkilləri öz iclaslarını burada keçirirdi. Paris Sülh Konfransı barədə Firudin İbrahimidən ardıcıl olaraq doğru və düzgün məlumat alan Seyid Cəfər Pişəvəri 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Partiyasının təsis olunmasının bir illiyi münasibətilə Təbriz Teatrının salonunda keçirilən bayram mərasimindəki nitqində böyük fəxrlə belə deyirdi: "İndi Sülh Konfransına təkcə Yaxın Şərqdən deyil, Əlcəzair və Tunisdən gələn mətbuat işçiləri də bizim nümayəndələrə demişlər ki, onlar bizim böyük işimizi alqışlayırlar"  ("Azərbaycan" qəzeti ADP-nin orqanı, say 1 (290), 5 sentyabr 1946-cı il). Firidun İbrahimi Paris Sülh Konfransında iştirakı ilə Güney Azərbaycan Milli Hökumətini beynəlxalq səviyyədə təmsil edən və tanıdan ilk şəxs olub.

... Firudin İbrahiminin diplomatik bacarığından çəkinən şah rejimi 1946-cı ilin dekabr ayında Güney Azərbaycanda Milli Hökuməti qan içində boğdu. Onlar Firudin İbrahimini həbs etməklə kifayətlənmədilər, bütün həyatı, parlaq diplomatik karyerası qarşıda olan 29 yaşlı milli mücahidimizi 1947-ci il may ayının 22-də Təbriz şəhərindəki "Gülüstan bağı"nda dar ağacından asdılar. Firudin bəy ölüm ayağında belə özünü deyil, xalqını düşünmüş və edam kürsüsündən millətə müraciət etmişdi. O görəndə ki, xalq edam qərarına görə təlatümə gəlib və kütlə jandarmalara, şah qoşununa hücum etməyə çalışır, üzünü meydana toplaşanlara tutub belə deyib: - Mənim əzizlərim, həmvətənlilərim! Səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!

Firudin İbrahimi bu müraciəti ilə həm kükrəməyə hazır olan əhalini qorumuş, həm də onlara milləti gələcəyə aparacaq doğru yolu göstərməkdən çəkinməmişdir. Bu, özü-özlüyündə bir cəsarət nümunəsi, diplomatiya məktəbidir!

... Gənc Firudin farsca məqalələr toplusunu tərtib etmiş və o, Azərbaycan Demokratik Partiyasının orqanı olan "Azərbaycan" qəzetində çap olunmuşdur. Bundan əsl məqsədinin nə olduğunu özünün fars dilində yazdığı müqəddimədə belə izah etmişdir: "Bu xatirələri yazmaqda əsas məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub, öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə layiq yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm"  ("Azərbaycan" qəzeti (ADP-nin orqanı), say 43, 1 noyabr 1945). Firudin İbrahimin bu uzaqgörənliyini məhz diplomatik strategiya olaraq qiymətləndirmək lazımdır. Həmin müqəddimədə Azərbaycan türkcəsinə və mədəniyyətinə münasibətdə fars şovinistləri tərəfindən həyata keçirilən məlum siyasətə işarə vuran İbrahimi incə diplomatik taktika işlədərək yazırdı: "Bizim ulu babalarımız olan madlar bəşər tarixində mühüm rol oynamışlar. Onlar eramızdan 800 il əvvəl güclü müstəqil dövlət qurmağa nail olmuşlar. Bu dövlət şimal-qərbdə Urartu (Van), qərbdə Assur dövləti ilə həmsərhəd və qonşu olmuşdur. Həmin zamanlarda Mad dövlətinin şərq hissəsində pars (fars) xalqı yaşayırdı. Madlar mədəniyyət və sivilizasiya baxımından o dövrün ən mütərəqqi və inkişaf etmiş xalqları sırasında assurlar və babilərlə yanaşı dayanırdılar. Amma tarixi tədqiqatlar göstərir ki, pars xalqı mədəniyyət və yaşayış tərzi baxımından madlara nisbətdə xeyli geri qalırdılar..."  (“Azərbaycan" qəzeti (ADP-nin orqanı), say 45, 4 noyabr 1945-ci il). 

Səadət KƏRİMİ
dosent 
İsveç

Go Back

Comment