Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Gülüşü üzündə donmuş təkrarsız Azərbaycan parodisti

  Gülüşü üzündə donmuş təkrarsız Azərbaycan  parodisti

Pərvanə Məmmədli

Tanınmış parodiya ustası Həsən Cəbrayılov Ərdəbillini (Ahəngi)  bir  öncə  itirdik.Bu nəcib,istedadlı, vətənevər sənətkarı  daha  yaxından təqdim  etmək istərdim.

Orta  məktəbdə oxuyurdum.Axşamlar ailəlikcə çay  süfrəsinin  qabağnda  oturub  əsasən “Günün  ekranı”na, sonra da  “Vremya”ya  baxırdıq( Atamın seçiminə  hamı üstünlük verirdi). Ölkəmizlə  bağlı  “yeni”xəbərlər əvvəlkilərdən az  fərqli olurdu. Öhdəliklər,hesabatlar,planlar sadalanırdı... Cəmi-cümlətani də  iki kanal vardı.Sovet  dövrü  idi,  axı. Ümidlə həftə  sonunu  gözləyirdik  ki, bəlkə bizə də maraqlı nələrsə olsun .Bir dəfə fərqli istedadı olan gənclərin yarışması keçirilirdi.Ekrana çıxan bir  yarışmaçı radio  cihazında xarici    dalğalar tənzimlənən zaman həmin  ölkələrin dillərində tanış olmayan  söz-söhbətləri,mahnıları  oduğu kimi, eyni  ilə yamsılayırdı. Eləcə  də ingiliscə,ərəbcə,fransızca  mahnılarla  bərabər  ”Burası  Türkiye”, “Hunə Monte-Karlo”,”İn  radyo Tehrane...Təbrize” təqdimli  radio kanallarına xas  kəlmələri və musiqini də səsləndirirdi Bu keyfi  bizə  yaşadan, eləcə  də tanınmış  aktyorlarımızı,müğənnilərimizi parodiya edən cəsarətli  cavan oğlan- Politexnik  İnstitutunun  məzunu - Həsən Cəbrayılov  idi.Sonralar onu  necə  deyərlər,gözüm,qulağım arasa da görmürdüm.Nəhayət  ki,illər  ötdükdən sonra onu

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində keçirilən  tədbirdə görüb,sevindim.

H.Cəbrayılov 1949-cu ildə nayın  1-də Tehranda dünyaya gəlib. Dörd  ildən  sonra  ailəsi ilə birgə Bakıya köçürlər. 1964-cü ildə Bakıdakı 39 saylı məktəbdə orta təhsilini başa vuran H.Cəbrayılov 1968-ci ildə Rabitə Texnikumunu bitirir. Təhsilini Dövlət Politexnik İnstitutunda davam etdirir.

1970-ci illərin əvvəlində Bakı Elektrik Maşınqayırma Zavodunda işləyib. 1977-ci ildən Azərbaycan Televiziyasının elektromexaniki, 1994-cü ildən omrünün sonuna kimi Azərbaycan Televiziyasının videotekasında arxivarius kimi çalışıb. Verilişlərin bərpası ilə məşğul olub, arxivi əzbər bilirdi, fenomenal yaddaşa malik olub və günün istənilən anında tələb olunan materialı tapa bilirdi.

1970-ci illərin əvvəlindən çalışdığı zavodun bədii özfəaliyyət ansamblında müğənni, parodiyaçı və konfransye kimi çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələri ifa edirdi. O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim etdi.

Azərbaycanda parodiya sənətini fundamental şəkildə ilk olaraq məhz Həsən Cəbrayılov başladı. İlk dəfə böyük səhnəyə Moskvada 1980 ildə çıxdı. 100-ə yaxın dildə, 300-dən çox aktyor və müğənniləri parodiya etmək bacarırdı. Filmlərə və verilişlərə baxdıqca məşhur aktyor, müğənni və aparıcıların səsləri, ifa və danışıq tərzini mənimsəyirdi. Peşəkar yumorist və müğənni kimi hər dəfə tamaşaçıların qarşısına maraqlı proqramlar ilə çıxır, onların sevgisini və alqışını qazanırdı.

Beş kitabın və 300-dən çox məqalənin, müxtəlif səpkili şeirlərin müəllifidir.                                                                    

Yaxşı səsi olduğu üçün uşaqlıqdan tanınmış xanəndələri yamsılayarmış. Sonralar, tək bir nəfərin deyil, maraq göstərdiyi bütün musiqi xadimlərinin ifasına bənzər parodiyalar etməyi bacarır.Tələbə yoldaşları onu "lağlağı" adlandırsalar da,o bu  sənətə çox  ciddi  baxırdı.Bu bacarıq da H.Cəbrayılovun fəaliyyət yolunun müəyyənləşməsinə ciddi təsir edir, o professional parodiyaçı olmaq arzusu ilə yaşayır

Bu  həvəsi onun yolunu Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsinə aparıb  çıxarır. Burada 3 illik kurs bitirir.

Onun  parodiya elədiyi şəxsiyyətlərin siyahısına dövlət rəhbərlərindən başlamış, müxtəlif peşə adamlarına, daha çox musiqi xadimlərinə qədər xeyli ad daxildir. Müsahibələrindən birində  vurğulayırdı    ki, hələ texnikumda oxuyarkən müəllim və direktoru təqlid edirmiş, sonralar Politexnik İnstitutunda da, özü dediyi kimi, "çıxarmadığı oyun qalmır". İmtahanlarda telefonla zəng edib, tanınmış aktyorların(Əliağa  Ağayevin,Lütvəli  Abdullayevin) səsi ilə özünü tapşırırmış. İxtisasca televizor mütəxəssisi olan parodiya ustasını xarab məişət cihazlarından daha çox, tamaşaçıları qıdıqlamadan ciddi mətləblərə güldürmək maraqlandırıb.

 Sənətini ucuzlaşdırmaq istəməyən H.Cəbrayılov toylara getməzdi. Onun fikrinə görə  toyların el məclislərindən daha çox diskotekaları xatırladır, bəzi toylarda əsl sənət nümunələri əvəzinə bayağı, şit, aşağı əyarlı repertuar olur.

H.Cəbrayılov dövrünün musiqi və  sənət  korifeylərini əksəriyyətini parodiya edirdi. Yalnız Hacıbaba Hüseynov parodiya etmək istəmədiyi yeganə sənətkar idi. Bu  isə onun-xanəndənin xahişi  ilə bağlı idi.

Dostlarının söylədiyinə  görə 80-ci illərdə Həsən Cəbrayılov “Bədii  yamsılama”məktəbindən  yetərincə  bəhrələnənlərdən  biri indiki

Rusiyanin xalq artisti Karen Avanesyandir.(o "Beyin oghurlanmasi" k/f-də dəllək Ashot rolunu oynamışdı).O,sonralar ermənilərin böyük dəstəyi ilə "Rusiyanin xalq artisti" adina "layiq gördürülmüşdü"

2016-cı özünün  də  dediyi  kimi ona uğurlu il  olmuşdu. A.A.Bakıxanov haqqında sənədli kitabı AMEA-da nəşr olunmuşdu. Azərbaycan Milli Televiziyasının 60, Milli Radiomuzun 90 illiyi ilə əlaqədar onun da əməyi qiymətləndirilmiş, ölkə  prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdu.

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin üzvü,illər  öncə də orada  bədii  “Məşəl” ansamblında fəaliyyət  göstərən Həsən Cəbrayılov 70  illik yubileyində İMC-nin fəxri diplomuna layiq görülmüşdü.

  H.Cəbrayılovun çoxsaylı təhqiqat xarakterli yazıların müəllifi, kitabların redaktoru idi.həmçinin Tofiq, Əhməd və Abbasquluağa Bakıxanovlar haqqında iki kitabın, "Gül bir az" parodiyalar toplusunun və bir sıra digər hazırlanıb çapını  gözləyən nəşrlərin müəllifidir. 1980-ci ildən bəri müxtəlif yarışmaların, o cümlədən Moskva "Beynəlxalq Tələbə baharı-80", İrəvan "Tələbə baharı-81", Kutaisi Ümumittifaq, Bakı Estrada Artistləri, Tehran "I Dünya Yumor" və İstanbul festivallarının qalibi olub.Vətənə iki  qızıl  medal  qazandırıb.

Azərbaycan Televiziyasında çalışan H.Cəbrayılovun buradakı işi, son 110 ildən bərini əhatə edən, fondda saxlanılan kasetlərin axtarışı, köçürülməsi və bərpası ilə  bağlı idi. Həmkarlarının dediyinə görə, o, bu sahənin əvəzolunmaz bilicisi sqyılırdı. Bu işdə onun qeyri-adi yaddaşının da rolu az deyildi. H.Cəbrayılov həmin kasetlərə saniyə-saniyə annotasiya yazmaqdan xüsusilə zövq alırdı. Daim içərisində olduğu mövcud arxiv materialları həmçinin sənətkara bir çox sənət korifeyləri haqqında kitablar qələmə almaqda da yardımını əsirgəmirdi.

   Çox  təvazökar  idi, ekranda,səhnədə az-az görünsə də,özünü xalqa sevdirə bilmişdi. Az TV-də çalışırdı Azərbaycan və fars müsiqisinin bilicisi, beynəlxalq müsabiqələr laureatı idi.Zəngin bir mədəniyyət arxivi vardı.Həmişə topadığı materiallardan maraqla danışıb, paylaşırdı.Söhbətlərimizdə kitablar üzərində işlədiyini və onları çapa etdirəcəyi günü gözləyirdi. Heç bir fəxri adın təmənnasında deyidi. Ancaq beynəlxalq aləmdə keçirilən yumor festivallarında Azərbaycanı yüksək səviyyədə təmsil etmək arzusu  onu  tərk  etmirdi. İştirak etdiyi bir çox festivallara əsasən xeyirxah dostlarının maddi vəsaiti hesabına getmiş  və, ölkəmizi layiqincə təmsil etmişdi

Səhnədə  özünü  balıq  suda  olan kimi  hiss  edirdi. Amma  buna  həsrət qalmışdı. Ən acınacaqlısı odur ki, nə kino, nə teatr sənəti bu böyük istedad sahibinin potensialından istifadə etmədilər.Uzun illərdir işlədiyi AzTV son vaxtlar onu o qədər yorurdu ki, bədii yaradıcılığa az vaxtı qalırdı. O, səhnə üçün, səhnə də onun üçün darıxırdı. Bu il 70 illik yubileyinin onu sevənlər və dost tanışları tərəfindən dəfələrlə qeyd olunması onu çox ruhlandırmışdı.Onu nikbin,qəlbi həyat eşqi dolu olan bir insan,dost kimi tanıyırdıq. Həkimlərin dediyinə görə özü də bilmədən bir neçə dəfə ayaqüstü mini infarkt keçiribmiş. Sonuncu aşkar ürək tutması isə bu təkrarsız parodistin gülüşünü üzündə dondurdu. Həsən Cəbrayılov (Ahəngi) Ərdəbillinin xatirəsi onu sevənlərin xatirəsində daim yaşayacaqdır. Nur içində yatsın!

Onu  sevənlər  sosial şəbəkədə  belə  bir  fikir paylaşmışdılar:” Həsən Cəbrayılovun gedişiylə xeyli azaldıq. Çünki bizim həyatımızda tutduğu yer böyük idi. O yer boşaldı və biz Həsənsiz xeyli azaldıq...” bu  sözlərlə  razılaşmamaq  mümkün  deyil.

   

Go Back

Comment