Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Böyük vətənpərvər, alovlu mübariz Xosrov Ruzbeh


Böyük vətənpərvər, alovlu mübariz

Xosrov Ruzbeh

Ordubeheşt ayının 21 - də Tehran yaylım atəşinin səsiylə yuxudan ayıldı.Alçaq cinayət və xəyanətlərlə dolu olan İran irticasının qara kitabına yenə də yeni bir tünd ləkə əlavə edildi.Amerika imperialistlərinin göstərişi əsasında İran irticasının əliylə fars xalqının görkəmli oğlu, Hizbe Tudeye İranın Mərkəzi Komitəsinin üzvü, sülh, azadlıq və xalqlar dostluğunun mətanətli əsgəri - böyük vətənpərvər Xosrov Ruzbeh edam edildi.

Bütün varlığını İran xalqlarının azadlıq və səadətinə həsr edən alovlu inqilabçı və mərd mübariz Xosrov Ruzbeh şərəfli bir həyat yolu keçmişdir.O, 1294 - cü ildə Məlayer şəhərində qulluqçu ailəsində anadan olmuşdur.İbtidai və orta məktəbi Məlayer və Kirmanşahda əla qurtardıqdan sonra, 1314 - cü ildə Tehranın ali hərbi məktəbinə (Daneşqahe əfsəriyyə) daxil olur.Bütün fənlərdə xüsusilə ictimai elmlər sahəsində və ali riyaziyyatda tələbələr arasında özünü bilikli və ən istedadlı bir gənc kimi tanıtdıran Xosrov, 1316 - cı ildə Ali hərbi məktəbin topxana hissəsini müvəffəqiyyətlə bitirərək, leytenant rütbəsi almağa müvəffəq olur. Gənc vətənpərvər zabit olan Ruzbeh Tehranda ziddi həvayi alayında işə başlayır.Az bir müddət içərisində əsgərlərin və cavan zabitlərin hörmət və məhəbbətini özünə cəlb edə bilmişdir.Alayda yüksək rütbəli əfsərlərin özbaşınalığına qarşı kəskin mübarizə apardığına görə, Xosrov İranın ən pis ab - havası olan Əhvaza göndərilir.Orada 6 ay işləməyə məcbur edilir.

Xosrov 1318 - ci ildən etibarən Tehran Ali hərbi məktəbində pedaqoji fəaliyyətə başlayarkən o, bütün qüvvə və bacarığını yorulmadan cavan kadrların vətənpərvətlik ruhunda tərbiyə edilməsi işinə sərf edir.

Sovet Ordusunun İrana gəlməsi və faşizmin İrandakı yuvalarının darmadağın edilməsi nəticəsində İranda xalq hərəkatı güclənməyə başladı.Hizbe Tudeye İranın yaranması və mütərəqqi mətbuatın meydana çıxması xalq hərəkatına istiqamət vermək işini asanlaşdırdı.Xalq hərəkatı və mütərəqqi mətbuat mübariz vətənpərvər olan Ruzbehin də gözünü açdı. O, elə bu zamanlar İranda olan sovet əsgərləri və eləcə də Amerika və ingilis əsgərlərini gördü. Onların davranış və şəxsiyyətində iki elmi - sosializm və kapitalizm elmini bir - biri ilə müqayisə etdi.Əvvəllər əgər Ruzbeh təkbaşına yüksək rütbəli əfsərlərin özbaşınalığına qarşı mübarizə aparırdısa, indi o, tərəddüd etmədən xalq cəbhəsinə qoşulur və 1322 - ci ildə Hizbe Tudeye İrana üzv olur..Artıq bu zaman kapitan olan Xosrov Ruzbeh qoşunda cavan zabitlərin içərisində təbliğata başlayaraq, özünün bir sıra əsərləri və publisist məqalələri ilə İran irticasına və imperializmə qarşı kəskin mübarizəyə başlayır.

Xuzbehin əsərlərinin meydana çıxması və onların geniş surətdə yayılması qoşun başçılarını lərzəyə salır, nəticədə 1324 - cü ildə onu həbs etməyi qərara alırlar.O, əleyhinə hazırlanan qəsdi başa düşərək gizli işə keçir və partiyanın sıralarında öz fəaliyyətinə edamə verir.

Xostov Ruzbeh Azərbaycan xalqına dərin hörmət bəsləməklə bərabər, Azərbaycanda Milli Hökumətin yaranmasını böyük hərarətlə qarşılamışdır.Amerika imperializminin göstərişi əsasında İran qoşunları xaincəsinə Azərbaycana hücum etdiyi zaman 1325 - ci ilin Azər ayında Ruzbeh gizli surətdə bir neçə yoldaşı ilə Qəzvinə gedərək, İran qoşunu içərisində təbliğata başlayır və cavan zabitləri öz silahlarını xain fərmandələr əleyhinə çevirməyə çağırırdı.O, bu işi özü üçün beynəlmiləlçi bir vəzifə hesab edirdi.

1327 - ci ildə irticanın gücləndiyi bir şəraitdə Xosrov gizli fəaliyyətlə məşğul olduğu bir zamanda tutulub həbsə salınır.Lakin bir ay keçmədən o, zindandan qaçmağa müvəffəq olur.Həmin il ikinci dəfə olaraq İran hökumətinin məmurları tərəfindən o, yenidən tutulub həbs edilir. İran hökuməti özünün ən barışmaz düşməni hesab etdiyi Ruzbehi məhkəməyə verdi.Bu tarixi məhkəmədə İran məhkəməsi Ruzbehi deyil, Ruzbeh özünün kəskin məntiqi ilə düşməni sarsıtdı. Buna baxmayaraq, imperialistlərin və İran irticasının göstərişini həyata keçirən məhkəmə onu ölümə məhkum etdi.Lakin əfkar ümuminin təzyiqi altında onun ölüm cəzası 15 il katorqa cəzası ilə əvəz edildi.

Ruzbehin silahdaşlarının dediklərinə görə, o, zindanda olarkən belə yenə də partiya ilə əlaqə saxlayıb, özünün inqilabi fəaliyyətini davam etdirdi. Xosrovun zindan məmurları ilə kəskin mübarizə aparması hələ indiyə qədər onun həm zəncirlərinin xatirindədir.O, zindanın çətin şəraitinə baxmayaraq, əsərlər yazmağa və onun görüşünə gedən yoldaşların vasitəsilə bu əsərləri xalqa çatdırmağa müvəffəq olur. İki il zindanda qaldıqdan sonra mərd vətənpərvər Xosrov Ruzbeh 1329 - cu ildə yenə də zindandan qaçaraq gizli şəraitdə İran xalqlarının səadəti uğrunda imperializm və İran irticası əleyhinə öz kəskin mübarizəsini davam etdirir.

Xosrov Ruzbeh bir alim kimi də xalq içəridində tanınmışdır.O, qısa bir müddət ərzinfə elmi - nəzəri və texniki sahələrdə 14 əsər yazmışdır.Onun yazdığı texniki əsərlər və elmi riyaziyyat kitabları hələ də İranın elmi hərbi məktəbində oxuyan tələbələrin dərsliklərini təşkil edir.

16 il xalq və partiya işi uğrunda yorulmaq bilmədən çarpışan vətənpərvər Ruzbeh öz yüksək əməllərilə görkəmli bir təşkilatçı və rəhbər olduğunu sübut etmişdir.

Zahidinin kudtasından sonra 1332 - ci ildə Ruzbeh yenə də polis məmurları tərəfindən tutulur.O, bu dəfə də qaçmağa müvəffəq olur.Ruzbeh ən ağır irtica zamanında polis və qoşunun süngüləri altında və inqilab və mübarizə bayrağı altında imperializm və İran istibdadı əleyhinə özünün barışmaz mübarizəsini böyük iradə ilə davam etdirmişdir.

1336 - cı il tir ayının 15 - də , axşam saat 9 - da Ruzbeh onu təqib edən qoşunun " əmniyyət və ettelat idarəsinin" məmurları ilə üz - üzə gəlir.

Müqavimət göstərərkən bədəninin 3 yerindən ağır yaralanır.Buna baxmayaraq, Ruzbeh qəhrəmancasına son gülləsinə qədər düşmənə silahlı müqavimət göstərir.Çox qan axma nəticəsində huşunu itirmiş yaralı Ruzbehi düşmən tutmağa müvəffəq olur.

İgid və mübariz Ruzbeh xalq arasında, xüsusən fəhlə sinfi içərisində böyük hörmətə malik idi.

" Ettelat həftegi" məcəlləsinin 826 - cı nömrəsində Ruzbehin axırıncı dəfə tutulması haqqında aşağıda qeyd olunan hadisə fəhlə sinfinin öz qəhrəmanına nə qədər böyük məhəbbət bəslədiyini bir daha sübut edir.Jurnal yazır:"Xosrov Ruzbehin tutulduğu gecə 24 - 25 yaşında olan Məhərrəməli Siyari adlı gənc bir fəhlə bu hadisədən xəbərdar olan kimi, gecə saat 10 - da Tehran dəmiryolu vağzalına gələrək, orada uca bir səslə: fəhlələr, ay camaat!Xosrov Ruzbehi tutublar; onu gəlin xilas edək! - deyə fəhlələri imdada çağıran zaman Məhərrəməlinin özü də polis məmurları tərəfindən həbsə alınmışdır."

Zindan məmurları Amerika zabitlərinin iştirakı ilə 10 ay ərzində Ruzbehə min cür əzab və işgəncə vermələrinə baxmayaraq onlar inqilab fədaisi Ruzbehi dizə çökdürməyə və şaha ərizə yazmağa məcbur edə bilmədilər. O cəlladlara demişdir ki : " mən şaha yox, şah İran xalqlarına ərizə yazmalıdır ki, xalq bəlkə onun təqsirlərindən keçsin". Nəhayət, İran irticası qapalı hərbi məhkəmələr vasitəsilə onu ölümə məhkum etdi.İrtica Ruzbehin məhkəməsini açıq şəraitdə keçirməkdən qorxurdu.O, bilirdi ki, Xosrovun mərd səsi qalxacaq və dünya qarşısında İran irticası və imperializmin murdar niyyətlərini bir daha ifşa edəcəkdir.

Ruzbehin ölüm hökmü məlum olduğu zaman təkcə İran xalqları deyil, bütün dünya mütərəqqi ictimaiyyəti onu müdafiə etməyə və onun ölüm hökmünü ləğv etmək haqqında etirazlar etməyə başladılar.

İmperializm və İran irticası bilməlidir ki, Ruzbehin əməlləri yaşayacaq.Onun götürdüyü inqilab bayrağını minlərlə mübarizlər öz çiyinlərinə alıb onu son qələbəyə qədər uca saxlayacaqlar.

 

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment