Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

TARİX YARADANLAR:Anchor FİRİDUN İBRAHİMİ

TARİX YARADANLAR: FİRİDUN İBRAHİMİ

Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış, unudulmamışdır.

Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Təbiət bu keyfiyyətləri yalnız seçilmiş adamlar - zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir.
Biz elə xalqıq ki, böyük dahilər - dünya miqyasında şöhrət tapan şəxsiyyətlər yetirmişik. Cənubi Azərbaycanda azadlıq uğrunda canını, həyatını, xoşbəxtliyini, ailəsini düşünmədən əlinə silah alıb vuruşan, həlak olan, qəribliklərdə vətən həsrəti çəkən, vətən həsrətilə də dünyalarını dəyişən Emin Umani, Əbdüləli Draxşani, İsmayıl Sadiqi, Cəlil Xudadatzadə və digər həmvətələrimiz olmuşdur. Bu şəxsiyyətlərdən biri də Firudin İbrahimi olmusdur.

        Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan İbrahimi Firudin Qəni oğlu 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur.

         Firudin İbrahimi, Tehran Universitetinin Hüquq Fakültəsində təhsil aldığı 1941-ci ildə İranın Tüdə Partiyasının üzvləri sırasına qoşulur. O, öz siyasi və ədəbi fəaliyyətinə, universitetə girdiyi ilin əvvəllərindən başlamış və az müddətdə siyasi məqalələri yazmağa başlamışdır. Böyük inqilabçı Seyid Cəfər Pişəvərinin tərəfindən 1943-cü ildə “Ajir qəzeti"təsis olunduqdan sonra həmin qəzetlə əməkdaşlığa başlamış və həmin ildə qəzetin idarə heyətinin üzvlüyünə seçilmişdir. O, öz məqalələrində imperializmi və ölkədaxili satqınları ifşa edirdi. O, “Ajir” qəzeti ilə əməkdaşlıq və fəaliyyət etməsi ilə yanaşı,İranın Tüdə Partiyasının nəşr etdiyi qəzet və jurnallarına məqalələr yazırdı. Bu dönəmdə Firudin İbrahiminin yazdığı məqalələr İranın Tüdə Partiyasının partiyanın rəsmi qəzeti olan “Rəhbər qəzetində”, antifaşist qəzet olan “Mərdum qəzetində” və İranın Fəhlələr Birliyinin Mərkəzi Birləşik Şurasınınrəsmi qəzeti olan “Zəfərdə” və sair mütərəqqi qəzetlərində çap olunurdu.

         Firudin İbrahimi, 1942-ci ilin iyun ayında Tehran Universitetinin siyasi hüquq ixtisası üzrə məzunu olmuşdur. O, ana dili olan Azərbaycan türkcəsindən savayı fars, fransız və ərəb dillərini mükəmməl bilirdi. Həmin çağlarda İranın Xarici İşlər Nazirliyi və “İttilaat qəzeti” tərəfindən ona əməkdaşlıq təklifi olunmuşdur, lakin o, xalqa xidməti, imperializm və daxili irtica ilə mübarizəni üstün tutduğu və özünün əsas vəzifəsi hesab etdiyinə görə həmin təklifləri rədd etmiş və ana yurdu Azərbaycana qayıtmışdır. 5 sentyabr 1945-ci il tarixində Azərbaycan Demokratik Firqəsinin rəsmi orqanı “Azərbaycan”qəzetinin  ilk sayı nəşr olundu. Firidun İbrahimi elə həmin tarixdən də “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başladı. Firudin İbrahiminin “Azərbaycan danışır...İftixarlı tariximizdən bir neçə parlaq səhifə” adlı silsilə məqalələri 31 oktyabr - 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında “Azərbaycan” qəzetinin (Azərbaycan Demokratik Firqəsinin orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlar altında çap olunmuşdur. Bu yazılar Firudin İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı, istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti, dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət-ənənələri əks etdirən 19 məqalədən ibarətdir. Firudin İbrahiminin Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli qürur hissinin oyanmasında mühüm rol oynamışdır.

Firudin İbrahimi bu toplunun tərtib olunması barədə əsl məqsədini özünün Azərbaycan Demokratik Firqəsini  orqanı “Azərbaycan” qəzetində fars dilində çap etdiyi müqəddiməsində şərh edərək yazmışdır:

“Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran  boşboğazlarını yerində oturdum.Azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub.Onlar  öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm”.

Azərbaycan ədəbiyyatında müxtəlif bədii əsərlərdə Firudin İbrahiminin obrazı da yaradılmışdır. 21 Azər hərəkatı ilə yaxından tanış olan və özü də əslən Cənubi azərbaycanlı  olan Mirzə İbrahimov “Gələcək gün” əsərində Firudin İbrahimiyə  yer ayırmışdır.Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza, Arif Səfa, Tariyel Ümid kimi yazarlar da öz əsərlərində onun poetik obrazını yaratmış.

Qeyd olunmalıdır ki, Paris Sülh Konfransında İrana öz hökumətinin İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilmişdi. Firudin İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi qismində bu konfransa gedir və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq”  qəsrində keçirilən konfransın iclaslarında iştirak edir.

Bu konfransın iclaslarında iştirakın nəticəsi olaraq Firidun İbrahimi Azərbaycan Demokratik Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin 9 noyabr – 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli  məqalələrilə cıxış edir.

Firudin İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başlığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır.

Paris Sülh Konfransı barədə Firudun İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan Seyid Cəfər Pişəvəri 3 sentyabr 1946-cı il tarixində Azərbaycan Demokratik Firqəsinin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş bayram mərasimindəki nitqində böyük bir fəxrlə qeyd etdi: “İndi Sülh Konfransında Yaxın Şərqdə yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar”.

Beynəlxalq münasibətlərdə yaranan gərginlik səbəbindən SSRİ Cənubi Azərbaycan məsələsində qərb dövlətlərinin müdafiə etdiyi İrana güzəştə getməyə məcbur oldu.SSRİ qoşunları buradan çıxarıldıqdan sonra İran şah qoşunları Azərbaycan Milli Hökümətinin  ərazisinə hücuma keçdilər. Güclü müqavimətə baxmayaraq  1946-cı ilin dekabr ayında şah qoşunları Milli Höküməti süquta uğrada bildi. Milli Hökümətin bəzi üzvləri və tərəfdarları Şimali Azərbaycana keçdilər. Lakin Firudin İbrahimi öz doğma yurdunda qalmağı seçdi. Həbs edildikdən sonra, 1947-ci ilin may yaının 22-də Təbrizdəki  Gülüstan bağında asılaraq edam edildi.

Firudin İbrahimi və bu cür tarixi şəxsiyyətlərin keçdiyi həyat yolu bizim üçün bir məktəbdir. Belə şəxsiyyətlərimizlə fəxr edir, öyünürük. Onlardan nümunə götürürük.

 

 

 

ADPU, Hüseynova Əsmər

 

Go Back

Comment