Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR FƏDAİSİ ƏLİ ƏKBƏR SABİRİ

21 AZƏR FƏDAİSİ ƏLİ ƏKBƏR SABİRİ

(1894 - 1946)

"Mən ölümə baş əymirəm, ölüm mənə təslim olur."

ƏLİ ƏKBƏR SABİRİ

İllər ötsə də vətən və xalq azadlığı uğrunda canlarını qurban vermiş igidlərin xatirəsi unudulmur. Zaman keçdikcə onlar daha da şöhrətlənir və qəhrəmanlıq rəmzinə çevrilirlər.Haqqında söhbət açdığımız mərd mübarizin də həyat dastanı belə bir proloqla başlanır:" Mən yaşayıram xalqım və vətənim üçün, öləcəyəm xalqım və vətənim üçün!" Doğrudan da belə oldu. Əli Əkbər Sabiri öz ömrünü Azərbaycan xalqının azadlıq və istiqlalı uğrunda mübarizəyə həsr etdi və bu müqəddəs qayə üstündə öz canını, belə əsirgəmədi.Sabiri həyata six bağlı olan, yaşamağı qiymətləndirməyi bacaran, nikbin, dostlarına rəğbət bəsləyən incə zövqlü bir insan idi.Onun dodaqlarından gülüş, dilindən nəğmə və baxışlarından məhəbbət odu əskik olmazdı.O, sevib - sevilməyi bacaran, hər sözü yerində deməyi bilən və dediklərini əməldə icra edən insan idi.

Əli Əkbər 1273 - cü ildə (1894)Azərbaycanın qədim şəhərlərindən biri olan Xoyda tacir ailəsində anadan olmuşdur.Atası Hacı Hüseyn camaat içərisində sədaqət və düzlükdə şöhrətlənən bir adam idi.Balaca Əli Əkbər atasının tövsiyyəsi ilə uşaqlıqdan oxumağa və savadlanmağa həvəs göstərir.Atası ilə bir sıra yerləri səyahət edir.Nəhayət, öz səyi nəticəsində təhsil alır.Maliyyə və iqtisad sahəsində ixtisas əldə edir.O, hələ gənc yaşlarından ictimai ziddiyyətləri və mühitin dərin siyasi - iqtisadi islahata ehtiyacı olduğunu dərk etməyə başlayır.

Sabiri 1317 - ci ildə (1938) Mərənd şəhərində kiçik bir əttar dükanında oturub səssiz - səmirsiz alver etdiyi zaman xalqının dözülməz həyatı və hüquqsuzluğu haqqında da düşünürdü. ƏLİ Əkbərin dükanı əslində Mərəndin bir dəstə rövşənfikir və qaranlıqlar içərisində işıq axtaran vətənpərəstlərin görüş yeri idi.Həmin kiçik dükanda xalqın böyük dərdləri müzakirə edilir və bu dərdlərin hətta çarə yolları da araşdırılırdı.

Nəhayət, 1320 - ci il (1941) Sovet ordusunun İrana gəlməsilə zəncirlənmiş fikirlər dil açmağa, bağlanmış qanadlar uçmağa başladı.Çoxdan bəri səssiz iş aparan və ehtiyatla hərəkət edən, polisin təzyiqindən addım - addım qorunmağa səy göstərən bir çox vətənpərəstlər kimi Əli Əkbər də ictimai şəraitin yaranmasilə alovlu bir natiqə və yorulmaz təbliğatçıya çevrilir.Nəhayət, o, 1321 - ci ildə (1942) bir dəstə həmfikir və görkəmli dostları ilə birlikdə Mərənd şəhərində Hizbe Tudə İranın təşkilatçılarından biri olur.Sabiri öz təvazökarlığı və nəzakətli rəftarı ilə şəhər əhalisi və kəndlilər arasında dərin hörmətə malik olduğuna görə partiyanın təşkili günündən kəndlərdə təbliğat işlərində çalışmağa başlayır.O, yorulmaq bilmədən Hizbe Tudə İranın məramnaməsini, məqsədini sadə bir dil ilə və xalqın öz xeyrinə uyğun bir tərzdə Mərənd kəndlərində təbliğ edir və kəndliləri təşkilatın dövrəsinə toplanmağa çalışır.Alovlu təbliğatçının dostarı ilə birgə səyi nəticəsində az bir müddətdə Mərənd Hizbe Tudə təşkilatı Azərbaycanda ən möhkəm və etibarlı təşkilatlandıran birinə çevrilir.

1325 - ci ildə (1946) Hizbe Tudə İranın Azərbaycan təşkilatı - Azərbaycan Demokrat Firqəsinə mülhəq olan günlərdə bu işə yüksək rəğbət bəsləyən rəhbər firqə kadrlarından biri də Əli Əkbər Sabiri olur. Mərənd təşkilatı da ADF sıralarına qoşulur.Əli Əkbərin fəaliyyət dairəsi daha da vüsətlənir.O, firqənin məramnaməsini təbliğ etməklə bərabər, onun Mərənd mahalında nüfuzunun artmasında və siyasi məqsədinin geniş kəndli kütlələrinə aydınlaşdırılmasında böyük xidmətlər göstərir.

Əli Əkbərin 21 Azər hərəkatında Mərəndin adlı - sanlı fədai başçıları içərisində xüsusi xidməti vardır.Mərənd fədailəri Əli Əkbərə özlərinin tədbirli, savadlı və tədbirli bir başçısı kimi ona böyük hörmət bəsləyirdilər.Yeni yaranmış Milli Hökumətə qarşı Qaradağ mahalından baş qaldırmış olan əksinqilabçı ünsürlərə qarşı mübarizədə Sabirinin başçılığı altında vuruşan Mərənd fədailərinin göstərdikləri fədakarlıqları diqqətə layiqdir.

Sabiri firqənin ayıq və etibarlı bir sərbazı (əsgəri) kimi göstərişlərin yerinə yetirilməsində bütün səyini və bacarığını işə salardı.Təsadüfi deyildir ki, o, dəfələrlə Azərbaycan Milli Hökuməti tərəfindən təqdirnamə və mükafatlar almış, inqilabi hərəkatda fəal iştirakına görə Milli Hökumətin təklifi ilə Milli Məclis tərəfindən " 21 Azər" medalı ilə təltif edilmşdi.

Əli Əkbər Sabirinin ictimai və siyasi fəaliyhətləri əhatəlidir.O, Mərənd təşkilatının məsul işçilərinfən biri olmaqla bərabər, bir sıra ictimai təşkilatların da yaradıcılarından idi.Sovet İttifaqı ilə İran xalqlarının dostluğunun zəruriliyini dərindən dərk edən Əli Əkbər həmin ideyanın alovlu carçılarından və təbliğatçılarından biri olmuşdur. Sabiri 1325 - ci ildə Sovet - İran Mədəni rabitə cəmiyyətinin Mərənd şəhəri şöbəsinin banilərindən və həmin şöbənin heyət üzvlərindən biri idi.Bütün müharibə dövründə faşizmə qarşı ideoloji cəbhədə çarpışan Sabiri Sovet İttifaqı ilə İran arasında mehriban qonşuluq münasibətlərinin inkişafında səmərəli nəticəsini yaxşı görürdü.O, həmişə deyirdi ki ataların bu sözünü həmişə qulaqda saxlamaq lazımdır:" Yaxın qonşu uzaq qohumdan yaxşıdır!"Biz öz uşaqlarımızı mehriban qonşumuz Sovet İttifaqına məhəbbət ruhunda tərbiyə etməliyik. Sabiri haqqında öz əməli fəaliyyəti və gündəlik işlərində vətənpərəstilik ideyaları ilə beynəlmiləlçilik məfkurəsini birləşdirirdi. O, şairlərdən Mirzə Əli Möcüzün və Mirzə Ələkbər Sabirin pərəstişkarı idi.Onların şeirlərini böyük həvəslə oxuyardı.Silahdaşlarından şəhid yoldaşı Nurullah xan Yekani və Mir Kazım Ələmi deyirdilər:" Şeiri yazsın şirvanlı Ələkbər Sabir, qiraətlə oxusun mərəndli Əli Əkbər Sabiri."

Azərbaycan Milli Hökuməti Əli Əkbərin bacarığını və istedadını nəzərə alaraq onun Təbrizə çağrılmasını zəruri hesab etdi.Onu mərkəzi fədai təşkilatının maliyyə işləri üzrə məsul vəzifəsinə təyin edildi.Bu vəzifə vətənpərəst inqilabçının son vəzifəsi imiş.Nəhayət, 1324- ci ildə şahənşah ordusu vətənimizə xaincəsinə basqın 1946 - ci ilin may ayının 3 - də) öz doğma yurdu Azərbaycanla, əziz xanımı, doğma balaları və dostları ilə əbədi vidalaşdı.Bu sadə və adi vidalaşma deyildi.Onu qəsbkar cəlladlar və imperializmin əli qanlı nökərləri Təbrizdən gətirib Mərənd şəhərində öz həmyerlilərinin gözləri qarşısında dara çəkdilər.

Əli Əkbər dar ağacı qarşısında baş əyməmiş, rəngi saralmamış, dizləri titrəməmiş və onun gözlərində alov saçan mübarizə və nifrət qığılcımları sönməmişdir.Qəhrəman Babək kimi, dönməz şair Nəsimi kimi düşmənlərə yuxarıdan baxaraq son nəfəsində - mən ölümə baş əymirəm, ölüm mənə təslim olur deyə, şərəflə şəhid olmuşdur.

Əli Əkbər Sabiri inqilabi mübarizə tarixinin şəhidlər kəhkəşanı içərisində sönməz ulduzlardan biridir.Onun əziz xatirəsi xalqımız tərəfindən unudulmayacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Go Back

Comment