Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD HƏSƏN ZÜLFÜQARZADƏ ƏRJƏNGİ

ŞƏHİD HƏSƏN ZÜLFÜQARZADƏ ƏRJƏNGİ

Azərbaycan özünün zəngin, çox böyük imkanlarına malikdir.Lakin mövcud quruluşun məhsuldar qüvvələrin hərtərəfli inkişafına mane olması, onun irtica mahiyyəti özündən bu imkanlardan lazımi surətdə istifadə etmək mümkün olmamışdır.Bütün bunlara baxmayaraq tərəqqiyə qarşı duran maneələrin azadlığı dövrlərdə məhsuldar qüvvələr, mədəniyyət və incəsənətdə müəyyən çərçivə daxilində inkişaf edə bilmişdir.Zəngin bədii irs və onun bəhrə verən ənənələri, eləcə də tərəqqiyə yol açan , ona lazımi ahəng və şərait verən azadlıq hərəkatlarının milli canlanmaya səbəb olması və bütün bunların nəticəsində bir çox sənət ustalarının meydana çıxması diqqəti cəlb edir.XX əsrin əvvəllərindən başlayaraq azadlıq hərəkatının yüksək zirvələrə qalxması, xüsusilə 21 Azər nəhzəti( hərəkatı) dövrü bu cəhətdən çox gözəl nümunələr vermişdir. Dönməz mübariz, görkəmli fırça ustası Həsən Zülfüqarzadə Ərjəngi də məxsus bu dövrün yetirdiyi sənətkarlardandır O, bu dövrün həm azadlıq hərəkatının, həm də sənət dünyasının diqqəti cəlb edən simalarındandır.

Həsən 1297 - ci ildə (1918) Təbriz şəhərində Bağmeşə məhəlləsində bağbanlıqla məşğul olan ailədə anadan olmuşdur.Məlum olduğu kimi Təbriz şəhərinin zövqləri oxşayan, yaradlcılıq ilhamı bəxş etmək üçün çox səxavətli olan məntəqələri çoxdur.Lakin Həsənin yaşadığı məhəllə bu cəhətdən daha böyük üstünlüklərə malikdir.Burada dağ, bağ, çay birləşərək ürək açan yaşıllıqla, qocaman ağaclarla füsunkar zümzüməsi və şəfaverici ab - havası ilə fərqlənən əsrarəngiz gözəlliyə malik bir təbii güşə əmələ gətirmişdir Həsən də bu təbiətin ağuşunda böyümüş, mübarizə aparmış , yaşayıb yaratmış , yəqin ki, dərdini, kədərini də bu təbiət əməlləri ilə bölüşdürmüşdür.Təbriz şəhərinin ən məşhur ümumi gəzinti yeri olan Qələ, Məşrutə inqilabı zamanı Səttarxan fədailərinin dağüstü səngərlərinin izləri, həmin döyüşlərdə şəhid olanların məzarı Əspəris adlanan böyük top bağı, çoxlu güllər,un və boyaq dəyirmanları, Sarı dağ kömür mədənləri, kibrit karxanası , şəhərin ən məşhur meyvə bağları, dəyirmanlar və qızıl gül kolları ilə bəzənmiş kiçik dağlar, yamaclar, məxsus bu yerlərdədir.Bütün bunlar Həsənin estetik görüşlərinin, bədii düşüncələrinin inkişafına, buradakı zəhmət adamları ilə oturub- durmaq onlarla birlikdə işləmək isə onun hisslərinin formalaşmasına səbəb olmuşdur. Onun şərəfli həyat yolunun çox qısa xülasəsi belədir. İstisnasız olaraq deyə bilərik ki, bütün insanların ölümündən sonra yazılmış tərcümeyi - halının əvvəli " anadan olma" hadisısilə başlanır, sonrası isə " ölüm" əhvalatı ilə qurtarır.Lakin Həsənin həyat yolu nəzərdən keçirildikdə bu fasilə arasında onun nə qədər məhsuldar, xeyirli yaradıcılıq nümunələrilə cəsarət və fədakarlıq epizodları ilə dolu olduğunu, hətta, ölməz adı ilə cavan nəslə verdiyi sənət əsərləri ilə birlikdə yaşadığını fərqli hiss edirik.

Həsən bir qədər Siyavan məhəlləsində molla yanında dərs oxumuş, sonralar isə atasına kömək etmək məqsədi ilə daş kömür mədənində, kibrit karxanasında çalışmış və nəhayət, bağban şagirdi kimi işləmişdir.Lakin bu zaman şəhərdə baş vermiş epidemik bir xəstəlik nəticəsində Həsənin atası, anası, böyük qardaşı vəfat etmiş, o, özü isə yetimxanaya düşmüşdür.Həsən burada olduğu vaxt 5 - ci sinfə qəfər oxumuş, nəqqaşlıq sənəti ilə maraqlanmış, nəhayət, " Xəyyam" mədrəsəsini qurtardıqdan sonra məşhur nəqqaş Mirzə ağa Moyinin, Ərjənci və Mir Məsurin yanında işləmiş və daha sonralar özü müstəqil rəsm əsərləri yaratmağa başlamışdır. O, öz enerjisini partiya sıralarında birləşdirdikdən sonra da mübarizəni öz sənəti ilə, öz təşkilati fəaliyyəti ilə davam etdirmişdir.

Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra Həsən Zülfüqarzadə onun müraciətnaməsini bəyənənlər sırasında çıxış etmiş, ona üzv olmuş, onun məramı uğrunda var qüvvəsi ilə çalışmışdır.O, yaşadığı məhəllənin kibrit karxanasının firqə hövzələrindəki çıxışları ilə məramnamənin izahına,mütərəqqi qüvvələrin firqə ətrafında səfərbər olmasına kömək etmişdir.Şanlı 21 Azər nəhzətinin qələbəsi xalq düşmənlərinin, imperialist nökərlərinin əlini Azərbaycandan uzaqlaşdırmağa tərəqqi və təkamül üçün bu yerlərdə mövcud olan imkanların həqiqətin çevrilməsinə real zəmin yaratdı Beləliklə, mədəni tərəqqi , ədəbiyyat və incəsənətin də azad inkişaf yolu təmizlənib açılmış oldu. Azərbaycan Demokrat Firqəsinin bayrağı altında birləşən zəhmətkeşlər mədəni quruculuğun bütün sahələrində , incəsənət sahəsində də özlərinin ustedad və ləyaqıtini işə saldılar. Bu dövrdə istər uqtusadi və siyasi sahələrdə başlanan islahat, istərsə biləvasitə incəsənət işlərində aparılan islahat bu sahədə böyük bir canlanmaya səbəb oldu.Azərbaycan Demokrat Firqəsinin məramnaməsində göstərilirdi: "Nəqqaşlıq, mücəssəməsazlıq və musiqi sahəsində Azərbaycan xalq yaradıcılarının əbədi sənətlərini saxlamaq məqsədi ilə dövlət tərəfindən müəssisələr və kargərlər vücud gətirilməli və ustadların əlinin alətilə istedadlı cavanlara sənət öyrədilməlidir."

Milli Hökumətin bu sahələrdə apardığı islahat və quruculuq işi 21 Azər nəhzətinin qələbəsindən sonra Azərbaycan incəsənətinin tərəqqi dövrünün yaranmasına səbəb olmuşdur. Bu dövrdə incəsənətin təbliği sahələrində canlanma diqqəti cəlb edir.

21 Azər hərəkatında əlində silah iştirak edən Zülfiqarzadə bir sıra diqqətəlayiq işlər görmüşdür.Döyüşlərdə iştirak edə - edə yaradıcılığından da əl çəkməmişdir.Bu dövrdə " Qələ üstündə"," Şəhidlərin məzarı üstə"  (Məşrutə şəhidlərinə həsr etmiş əsərdir), "Fədai"," Fədailər" və başqa əsərləri onun bu dövrdə yaratdığı qiymətli sənət nümynələridir.

Həsən Zülfüqarzadə əsərləri haqqında belə deyərdi:" Mən bu əsərlərin yaranmasında xalqın mübarizəsindən, Milli Hökumətin qayğısından ilham almışam."

XX əsrin əvvəllərində baş vermiş iki azadlıq hərəkatında olduğu kimi bu dövrdə yenə də sənət pərisi dinin və irticanın qara pəncəsindən can atıb qaça bildi.Lakin 21 Azər nəhzətinin qələbəsindən sonra o, daha geniş üfüqlərdə qanadlandı.Daha yüksəklərə qalxdı.Həsən Zülfüqarzadə, onun yaradıcılıq fəaliyyətinə geniş yol açan Milli Hökumətin varlığı və 21 Azər hərəkatının nailiyyətlərinin qorunması uğrunda mübarizəyə həsr etmişdir.Milli Məclis Həsən Zülfüqarzadə Ərjənginin inqilabi xidmətlətini nəzərə alaraq onu" 21 Azər" medalı ilə təltif etmiş, firqə kütləsi vaxtilə onu sədaqət və ləyaqətinə görə qiymətləndirmişdir.

1325 - ci ildə (1946) şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdikdə qətliam və qarər əmri almış polis və jandarm nəfərləri, hərbi hissələr və bunların himayəsi altında himayət edən qaraguruhçu irtica qüvvələri ən vəhşi cinayətlərə əl atdılar.Onlar qocaya, cavana, qadına, kişiyə elmə, sənətkara qarşı divan tutur,kitabxanalara, elm və sənət ocaqlarına od vurur, talayır və beləliklə, firqəyə, xalqa , Milli Hökumətə, azadlıq və tərəqqiyə mənsub nə varsa aradan aparmaq istəyirlər.Onlar Behzad adına muzeyi dağıtmaq istədikdə Həsən Zülfüqarzadə öz yoldaşları ilə birlikdə onlara müqavimət göstərir, vuruşur və nəhayət, onlarla əlbəyaxa olurlar.Bu sənət əsərlərini qorumaq istəsə də buna nail ola bilmir.Düşmənlər həm sənət əsərlərini qarət edir və Həsən və firqə yoldaşlarını tutub həbs edirlər.O, həbsxanada bütün işgəncələrə mərdliklə dözür.Cəlladlar onu ələ almağa çalışırlar.Bütün bunları rədd edir və fədai yoldşları ilə birlikdə Eynalı dağı ətəyində güllələyir və uzun müddət şəhidlərin cənazələrini basdırmağa icazə vermirlər.

Elmin, sənətin düşmənləri olan cəlladlar bu cürə hərəkət etməklə onların son izini belə itirib batırmaq istəyirdilər.

Nəhayət, gözü qanlı cəlladlar onu yoldan kənara çıxarıb Eynalı dağının ətəkləri ilə, Seyid Həmzə qəbiristanlığı tərəfə aparırlar.O, dəfələrlə israr etsə də ancaq tir - baran meydanına çatdıqdan, əsgərlər atəşə hazlr vəziyyətə salındıqdan sonra onun qollarının açılmasına icazə verildi.O, yenə mətin addımlarla bir qədər irəli gedib dayandı.Üzünü Səhəndin ağ zirvəsinə tutub ayaqlarını torpağa möhkəm bərkidərək sağ əlinin yumruğunu düyünləyib göyə qaldırdı.Həsən Zülfüqarzadə Ərjəngi son nəfəsinədək nə isə etiraz halında dedi, atəş səsləri onun eşidilməsinə mane olsa da həm bu etiraz nidaları, həm də o güllə səsləri qocaman Eynalı dağının sinəsində zəbt olub qaldı.

Qoy gələcək nəsillər onu yad etsin, bədii söz ustaları qələmi, rəsm ustaları isə öz fırçaları ilə onun surətini yaratsınlar.

Qış fəslinin ortalarında şaxta ilə günəşin pəncələşdiyi səhər çağında çox qədim və gümüşü rəngli paltarının üstünə qızılı saçaqlar tökmüş Səhənd dağı bu əsəri də öz dərdli sinəsində rəsm etdi.Azərbaycan Demokrat Firqəsinin mübariz oğlu, görkəmli sənət ustası Həsən Zülfüqarzadə Ərjənginin" son əsəri" də bu keyfiyyətlə yarandl.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment