Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Tariyel Ümid - 70 Şairin yubileyi İranlı Mühacirlər Cəmiyyətində qeyd edildi

19/05/2015

Ötən şənbə günü Bakıda fəaliyyət göstərən İranlı Mühacirlər Cəmiyyətində şair Tariyel Ümidin 70 illik yubileyi qeyd olunub. Bu münasibətlə İMC-də düzənlənən mərasimdə cəmiyyət üzvləri ilə yanaşı söz sənətinin tanınmış nümayəndələri, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Cəmiyyətin sədr müavini Valeh Quluzadə Tariyel Cəfər oğlu Pərdəşünasın (Tariyel Ümid) bioqrafiyasına nəzər salıb. Yubilyarın Əhər şəhəri yaxınlığındakı Dürmüşkanlı kəndində peşəkar inqilabçı ailəsində dünyaya göz açdığını, bir yaşında mühacir ailəsi ilə birgə Ağdama köçdüklərini, orada mexanikləşdirilmiş texnikumu, 1972-ci ildə isə Azərbaycan Texniki Universitetini bitirdiyini, ölkəmizin dəmir yolu sistemində 40 ilə yaxın qüsursuz və fədakar əmək yolu keçdiyini deyib. O əlavə edib ki, Azərbaycan cəmiyyəti T.Ümidi daha çox istedadlı şair, səmimi insan kimi tanıyır. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan sənətkarın işıq üzü görən yüzlərlə şeiri, 4 kitabı ona geniş oxucu rəğbəti qazandırıb. Məhz bu kefiyyətləri nəzərə alınaraq cəmiyyətimizdə 25 ildən sonra bərpa olunan Ədəbi məclisə rəhbərlik Türiyel Ümidə həvalə edilib.

İMC-nin sədri Rəhim Hüseynzadə isə çıxışında T. Ümidin yaradıcılığını səciyyələndirib: “Tariyel 14 yşından şeirlər qələmə alır. Əksər qəzet və jurnallarda imzasını rast gələrsiniz. Ona “Uğurlu yolu” xalq şairləri Balaş Azəroğlu, Söhrab Tahir kimi fundamental sənətkarlar yazıblar. Tariyel “21 Azər” Hərəkatı ilə yaşıddır. Həm bu inqilabın ideallarına sadiqdir, həm də boya-başa çatdığı, qayğısı ilə əhatə olunduğu Azərbaycana məhz bu cəhətlər onun cəmiyyətimizin və Azərbaycan Demokrat Firqəsinin birgə təsis etdiyi “21 Azər” – 70 diplomuna layiq görülməsinə əsaslar verib”.

R. Hüseynzadə yubilyara diplomu təqdim edib.

Tədbirdə T.Ümidə Azərbaycan Qizıl Aypara Cəmiyyətinin fəxri fərmanı və “Dədə Qorqud” beynəlxalq mükafatı verilib. Bu münasibətlə çıxış edən Qızıl Aypara Cəmiyyətini Yasamal rayon şöbəsinin sədri Şahin Hüseynov, “Dədə Qorqud” Milli Fondunun rəhbəri Eldar İsmayılov mükafatlandırmada onun hər iki qurumla sıx əlaqələrinin, yüksək səntkarlıq nümunələrinin əsas götürüldüyünü vurğulayıblar.

“21 Azər” Hərəkatının iştirakçısı, AMEA-nın Şərşünaslıq İnistitunun əməkdaşı Soltanəli Mirzəzadə, İMC-nin Ağdam rayon təşkilatının sədri Əziz Zari, tanınmış sənətkar Həsən Cəbrayılov, cəmiyyət İdarə Heyətinin üzvü Həsən Babayi və cəmiyyətin üzvü Nasir Məmmədov bildiriblər ki, T. Ümid yaradıcılığına daim maraq göstərirlər. Onun fədai övladı olması yaradıcılığında özünü aparıcı xətt kimi göstərir.

“Şirvan” nəşriyyatının direktoru şair Qəşəm İsabəyli Taryelin “Ağ günümün qanadları” kitabının redaktoru, digər üçünün isə naşiri olduğunu deyib. Təbrikini “Vətən” şeiri ilə bitirib. “ Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyyədinoğlu, “Əmlak bazarı” qəzetinin baş redaktoru Pərviz Rəhimoğlu, “Paralel” qəzetinin baş redaktorunun müavini Mürtəza Abbasov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Dasi və şair Sahib İmani də ürək sözlərini söyləyiblər.

Sonda yubiliyar T. Ümid çıxış edərək tədbir təşkilatçılarına minnətdarlığını bildirib, yeni yaradıcılıq planlarından danışıb.

Go Back

Comments for this post have been disabled.