Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

SÖHRAB TAHİR

SÖHRAB TAHİR

(1926 - 2016)

Müasir Azərbaycan demokratik poeziyasının görkəmli nümayəndələrindən biri də Söhrab Tahirdir.O, yaradıcılığa 50 - ci illərdə başlamışdır.Azərbaycan ədəbiyyatında istedadlı şair, publisist və nasir kimi tanınır.

Söhrab Tahir (Tahiri) Əbülfəz oğlu 1926 - cı il mayın 27 - də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur.Əbülfəz kişi ata - baba sənəti dəmirçiliklə ailəsini dolandırırdı. Əbülfəz kişi inqilaba qoşulur və əməkçi kütlələrin azadlığı uğrunda mübarizə aparır.Ona görə də müstəbid Rza xan tərəfindən həbs edilib Ərdəbilə, oradan da Kirmanşaha sürgünə göndərilir.Bu dövrdə Astarada hazırlıq sinfində təhsil alan kiçik yaşlı Söhrab da ailəsi ilə Kirmanşaha gedir, on il sürgün şəraitində yaşayır.Kirmanşahın təbii gözəlliyi və tarixi abidələri onun qəlbində silinməz izlər buraxır.Burada"Səadət" və " Şapur" fars orta məktəblərində təhsilini davam etdirir. Məktəbin son sinfindən çıxıb atası ilə ingilis - İran neft şirkətində tornaçı sexində fəhlə işləyir.Bu dövrdə işin ağırlığına baxmayaraq, Söhrab üzv olduğu İbn - Sina adına şəhər kitabxanasından müntəzəm kitablar alıb mütaliə edir. Şifahi xalq ədəbiyyatı ilə yanaşı, fars ədəbiyyatı, xarici dildən tərcümə kitabları ilə ciddi məşğul olur.

1941 - ci ildə Sovet Ordusunun Cənubi Azərbaycana daxil olması yüz minlərlə adamı sürgün həyatından xilas edir. Əbülfəz kişinin ailəsi də Həmədana köçür.Lakin ehtiyac onları Soltanabad, Qum, Tehran, Təbriz şəhərlərində iş axtarmağa məcbur edir.Əbülfəz kişi qardaşı Hidayətlə Təbrizdə elektrik - qaynaqçı sexi açır. Bu dövrdə Cənubi Azərbaycanda milli - demokratik hərəkat təlatümə gəlmişdi.Gənc Söhrab da inqilabi hadisələrdən kənarda qala bilmir.O, əldə silah xalq hərəkatına qoşulur.Milli Hökumət qurulduqdan sonra atası Əbülfəz kişi Mərkəzi Komitənin komendantı olur.Söhrab Tahir də Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində işləyir.Bu dövrdə qələmə aldığı ilk şeirlərində Söhrab Tahir Sovet Ordusunun qəhrəmanlığını, inqilabçı xalqın mübarizə əzmini, vətənpərvərliyi və milli iftixar hissini ifadə etməyə çalışır.

Söhrab Tahir 21 Azər hərəkatında iştirak etdiyinə görə" 21Azər" medalı ilə təltif edilir.O, 1945 - ci ildə Azərbaycan Demokrat Firqəsi sıralarına qəbul olunur.1946 - cı ildə Bakı hərbi məktəbinə göndərilir.Sonra tibb məktəbində stomatologiya ixtisasına yiyələnir.

1948 - ci ildə"Qızıl Ordu" adlı ilk mətbu şeiri "Azərbaycan" ruznaməsində çap olunur.Bundan sonra dövri mətbuatda gənc şairin şeirləri ara - sıra nəşr edilir.1952 - 1959 - cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuduğu dövrdə" Ay işığında" adlı ilk şeirlər kitabı çapdan çıxır.Həmin illərdə Söhrab Tahir"Azərbaycan" qəzetinin ədəbi - bədii şöbəsinin əməkdaşı idi.

1958 - ci ildə SSRİ Yazıçılar İttifaqının üzvlüyü - nə qəbul olunur.Bir il sonra SSRİ Yazıçılar İttifaqının nəzdində olan M.Qorki adına ikiillik Ali Ədəbiyyat kursuna göndərilir.Moskva həyatı şairin yaradıcıkığına ciddi təsir göstərir. Burada rus və qardaş sovet xalqlarının yazıçıları ilə yaxından tanış olur.1959 - 1961 - ci illərdə Bakıda nəşr olunan " Bulaq" və" Səndən uzaqda" kitablarında Söhrab Tahir Cənubi Azərbaycan milli azadlıq hərəkatından hadisələri konkret lövhələrlə təsvir etməklə, xalqln sarsılmaz mübarizə əzmini verməyə çalışırdı.

O, ədəbi yaradıcılıqla yanaşı, ictimai - siyasu fəaliyyətini davam etdirir.Söhrab Tahir Azərbaycan Demokrat Firqəsinin MK üzvü, şəhər Partiya Komitəsinin birinci katibi seçilir. 1957 - 1960 - cı illərdə o Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri, idarə heyətinin üzvü, "Literaturnıy Azerbaydjan" jurnalının redaksiya heyətinin üzvü və b. ictimai - ədəbi vəzifələri yerinə yetirir."Səhər" ədəbi - tarixi jurnalında baş redaktor müavini,1984 - cü ildən "Azərbaycan" jurnalının redaktoru olmuşdur.2006 - cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə " Şöhrət" ordeninə layiq görülmüş,Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.

"Həyat şirindir","Qırılan zəncirlər"," Mən səni görmüşəm","Gəl görüşək"," Atəş bulağı", "Səttarxan haqqında dastan","Ölümdən güclü", "Ata" poema - eposu bə başqa əsərləri çapdan çıxmışdır...

Azərbaycan Respublikasının Xalq şairi Söhrab Tahir uzun sürən xəstəlikdən sonra 4 may 2016- cı ildə dünyasını dəyişmişdir.Xalq şairi İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

RUZNAMƏ SATAN UŞAQ

(ixtisarla)

Tehranın bir ucqar xiyabanından,

Ötür işsiz fəhlə ayağı yalın.

Odur məğrur - məğrur keçir bu zaman,

Bir tacir qarnı tox, paltarı qalın.

Qaçır küçə boyu yoxsul bir uşaq,

Bir dəstə ruznamə qoltuğundadır.

Onun əyni çılpaq, həyatı çılpaq,

Gün boyu ərbabın qulluğundadır.

Səsləyir, yüyürür, gəzir müştəri,

Ancaq alanı yox" İttilat"ın.

Uşaq da düşünür...bilir bu sirri,

Artıq banbaşqadır hökmü həyatın.

Düşünür gizlində bir ruznamə var,

Fəhlələr ürəkdən sevirlər onu.

Onun səhifəsində odlu misralar,

Ağ günə çağırır ana yurdunu.

Nə etsin ona da çatmayır əli,

Bu sirr də uşağa çoxdan əyandır.

O bilir şöhrəti ellərə bəlli,

Mübariz bir qəzer" Azərbaycan"dır...

Ötüb keçənlərdən mərhəmət umur,

Lakin əllərinə düşür yağış - qar.

Bir başqa işsiz də oturmuş budur,

Nisgilli qəlbini yeyir xəyallar.

O uşaq gecələr yurdsuz qalaraq

Gündüzlər ac gəzir qürbət şəhərdə...

O, kiçik olsa da düşünür ancaq,

"Sabah bir günəşlu aydın şəhərdə

Yenə tutacaqdır üsyan hər yanı,

O da bahar kimi şən olacaqdır.

Alıb öz qoynuna " Azərbaycan"ı,

Sevinclə yurduna səs salacaqdır!"

SÖHRAB TAHİR

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment