Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Milli Qəhrəman Firidun İbrahiminin şəhadətinin 70-ci ili anım mərasimi ilə qeyd edildi

26/05/2017

​Dünən görkəmli inqilabçı, ictimai-siyasi xadim, diplomat, jurnalist, publisist, Azərbaycan Milli Hökumətinin Baş Prokuroru olmuş Firidun İbrahiminin şəhadətinin 70-ci ili anım mərasimi ilə qeyd edilib. Mərasim Azərbaycan Demokrat Firqəsi və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi tərəfindən təşkil olunub. Həmin gün şəhidin silahdaşları, “21 Azər” Hərəkatının canlı şahidləri, tədqiqatçı alimlər, müxtəlif təşkilatların, ictimaiyyətin nümayəndələri və media təmsilçiləri Beynəlxalq Mətubat Mərkəzində düzənlənən tədbirdə iştirak ediblər.

Mərasimi “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Rəhim Hüseynzadə açaraq öncə F. İbrahiminin xatirə məclisinə toplaşanların hər birinə hər iki qurum adından minnətdarlığını bildirib. Sonra iştirakçıları F. İbrahiminin ömür və mübarizə yoluna işıq saçan “Qartal ömrü” sənədli filminə baxmağa dəvət edib.

Filmin nümayişi başa çatdıqdan sonra o taylı-bu taylı bütün Azərbaycan şəhidlərinin xatirələri 1 dəqiqəlik sükutla yad olunub. R. Hüseynzadə məlumat verib ki, Milli Qəhrəmanın anım tədbiri çərçivəsində təşkilatçılar tərəfindən F. İbrahimin 1946-cı ildə Təbrizdə buraxılan “Azərbaycanın qədim tarixindən” kitabına latın və ərəb qrafikalarında ikinci həyat verilib. Həmçinin “Mühacir” qəzetinin son sayı bütövlükdə ona həsr olunub.

AMEA-nın Şərqşünaslıq İnstitutunun  aparıcı elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli (Bije) Firidun İbrahiminin həyat və mübarizə yolu barədə məruzə edib.

ADF MK-nın və İMC-nin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi, Firidun İbrahimi ilə 1946-cı ildə Təbrizdə keçirilmiş Azərbaycan Demokrat Cavanlar Təşkilatının qurultayında tanış olmuş Adilə Çernikbulənd xatirələrini dilə gətirib. O, mübarizə ənənələri ilə şöhrət tapan İbrahimilər nəslinə ADF MK-nın və İMC-nin şərəf diplomunu şəhidin adını və soy adını daşıyan, Azərbaycanın prokurorluq orqanlarında 37 il qüsursuz xidmət edib polkovnik rütbəsində təqaüdə çıxmış, təşkilat sədrinin birinci müavini Firidun İbrahimiyə təqdim edib.

“Dədə Qorqud” Fondunun rəhbəri, “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov isə adı tariximizə əbədi həkk olunmuş Firidun  İbrahiminin şanlı xidmətlərinə görə “Vətən övladı” ordeninə  və “Dədə Qorqud” beynəlxalq mükafatına layiq görüldüyünü bildirib. O, hər iki mükafatı şəhidin qardaşı oğlu F. İbrahimiyə təqdim edib.

İran Xalq Partiyası (Tudə) rəhbərliyinin Berlindən Firidun İbrahimi ilə bağlı tədbirə ünvanladığı müraciətin mətnini həmin təşkilatın nümayəndəsi Murtuza Müqəddəm çatdırıb.

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidi İrandan Azərbaycana mühacirətin tarixçəsinin şərhini verib. O, qeyd edib ki, sıralarında xeyli insanı birləşdirən İranlı Mühacirlər Cəmiyyəti əvvəllər bu kontekstdə mövcud olmuş qurumların varisidir.

AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Byramzadə Firidun İbrahiminin diplomatik görüşləri və fəaliyyəti barədə ətraflı məlumat verib.

 İMC-nin Ədəbi Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tariyel Ümid Firidun İbrahimiyə həsr etdiyi şeirini səsləndirib. İMC-nin Qazax rayon təşkilatının məsulu Hacı Müvəssəqi fəaliyyət göstərdiyi bölgənin rəhbərliyinin anım məclisinə məktubunu çatdırıb.

Sonda şəhidin qardaşı oğlu Firidun İbrahimi bütün doğmaları adından anım mərasiminin təşkilatçılarına, iştirakçılara səmimi minnətdarlığını yetirib.

 

 

Go Back

Comments for this post have been disabled.