Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İranlı Mühacirlər Cəmiyyəti layihəyəsinə yekun vurdu

 

Ziyarətlər, sənədli filmə baxış, rəylər, təkliflər

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədirlərin keçirilməsi" layihəsinə noyabrın 18-də yekun vurub. Layihə çərçivəsində reallaşdırılan "İranlı Mühacirlər Cəmiyyəti - mühacirətin dünyəvi Azərbaycan modeli" adlı dördüncü "dəyirmi masa" İMC-in üzvü olduğu Milli Qeyri-Hökumət Təşkilatları Forumunun zalında düzənlənib. İştirakçılar bir gün öncə Fəxri Xiyabana baş çəkmiş, iranlı mühacirlərə müstəsna qayğı nümunələri ilə xatirələrdə qalan Ümummilli Liderimiz Heydər Əliyevin, Azərbaycan Demokrat Firqəsinin banısı və Təbrizdəki Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin, həmçinin təşkilatın rəhbərləri olmuş general Qulam Yəhyanın abidələri, Əmirəli Lahrudinin məzarı önünə tər çiçək dəstələri düzmüşlər.

Tədbiri giriş sözü ilə açan "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə iştirakçıları əvvəl sənədli filmə baxmağa dəvət edib: “Bu, 70 ilin xronologiyasıdır. Orada ata-babalarımızı, onların yolunu layiqincə davam etdirənləri, digər kadrları görərkən bir daha İranlı Mühacirlər Cəmiyyətinin  mühacirətin dünyəvi Azərbaycan modeli sayılmasına məntiqi əsasların olduğu qənaətinə gələcəyiniz şəksizdir”.

Filmin nümayişindən sonra layihənin ekspertləri - İMC sədrinin birinci müavini, ehtiyatda olan polkovnik Firudin İbrahimi və "İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi"nin sədri Zeynalabdin Abbasov bildiriblər ki, əslində onların sadalayacaqları aspektlər sənədli filmdə təfərrüatı ilə lentə alınıb. Ekspertlər vurğulayıblar ki, 1946-cı ilin dekabrında Arazın bu tayına pənah gətirən insanların hər biri milliyətindən asılı olmayaraq doğmalar kimi qayğı ilə əhatə edildi. İşlə, yatacaqla təmin olunan bu insanların cəmi 10 il sonra hamısının öz mənzili, evi var idi. 70 faizi yazıb-oxumağı bacarmayan həmin şəxslərin sırasından 33 il ərzində 200 nəfər elmlər namizədi, doktoru yetişdi. Onlar istehsalatda, quruculuq işlərində, elmdə, mədəniyyətdə, incəsənətdə, idmanda misilsiz uğurlar qazandılar.

İMC İdarə Heyəti üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi Adilə Çernikbülənd; "70 il əvvəl müharibədən çıxan ölkəyə mühacirət etdik. Çətinliklərə baxmayaraq heç nəyi əsirgəmədilər. Potensialımız filmdən göründüyü kimi göz önündədir. Haqq itirən olmadığımızdan sağ ol demək borcumuzdur. Bu ölkənin də bizim timsalımızda sarsılmaz, möhkəm dayaqları var. Sadəcə bütün bunların təbliğatı aparılmalı, maarifçilik işi genişləndirilməlidir”.

Səməd Bayramzadə (AMEA-nın Şərqşünaslıq İnstitutunun” şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru): "İstər müzakirəyə çıxarılan mövzu, istərsə də təqdim olunan sənədli film müasirdir, günümüzlə səsləşəndir. Mühacirətlə bağlı tendensiyalara, xüsusilə mühacirət tarixinə kompleks yanaşılmasını dövrümüz diqtə edir. Məsələ indiyədək təhqiqat obyekti olmadığından istərdik alim və mütəxəssislərimiz bu istiqamətə də üz tutsunlar”.

İMC-nin Zaqatala regional təşkilatının sədri Rəsul Rzayi 10 min nəfərdən çox mühacirin orden, medal, döş nişanları ilə təltif edildiyini nəzərə çatdıraraq deyib: “Filmdə simalarını gördüyünüz 3 nəfər Sosialist Əməyi Qəhrəmanı, bir sıra istehsalat qabaqcılları təkcə bizim yaşadığımız Şəhriyar qəsəbəsinin deyil, bütün respublikanın fəxridirlər". İranlı Mühacirlər Cəmiyyəti Ədəbi Birliyinin sədri, Dədə Qorqud beynəlxalq mükafatı laureatı, şair Tariyel Ümidin "Mühacirət" şeiri, eləcə də Sədaqət Cahaninin (Gəncə şəhəri) poetik misraları ədəbi ənənələrin davamından xəbər verirdi.

"20 Yanvar" Cəmiyyətinin sədr müavini Mustafa Əliyev iranlı mühacirlər barədə yeni bilgilərdən məmnun qaldığını dilə gətirdi: "Bizim Şəhidlər Xiyabanında ziyarət etdiyimiz qəhrəmanlar sırasında iranlı mühacirlər və onların övladları da var. Hər biri iftixarımızdır, ruhları qarşısında baş əyirik".

Ötən əsrin 80-ci illərində Azərbaycana mühacirət edənlərdən İMC-in sədr müavinləri Həsən Babayi, Murtuza Nizamoğlu, həmçinin İbrahim Şiri onlarla birgə Azərbaycana müxtəlif millətlərin nümayəndələrinin gəldiklərni, hər birinin qısa vaxtda təhsillə, işlə təmin olunduqlarını deyərkən həmin vaxtlarda digər ölkələrə gedən yoldaşları ilə müqayisələr apardılar: "Onların ağır şəraitləri barədə narazılıqlarını eşitmək hər halda üzücü idi".

Bakı Dövlət Universitetinin professoru, pedaqoji  elmləri doktoru Mehman Məmmədov çıxışında layihənin davamının vacibliyini nəzər çatdıraraq bu icma ilə bağlı ölkədə məlumat dairəsinin genişlənməsini zəruri saydı.

BDU-nun professoru Pərviz Kazimi: "İstər ata-babalarımızın vaxtında, istərsə də indinin özündə müxtəlif ölkələrə mühacirətlər olub. Lakin onların heç biri İranlı Mühacirlər Cəmiyyəti kimi modelləşə bilməyib. Pərakəndəlik fəaliyyətlərinə xasdır".

Tədbirdə sənətkarlardan əməkdar artist Ruhəngiz Musəvinin, Həsən Cəbrayılovun, Tahirə Muradovanın çıxışlarında mühacirlərin Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına verdikləri töhfələrdən danışıldı. Xətai rayon icra hakimiyyətinin memarı Qaçay Əzizi və həkim Mənijə İbrahimi –Kazımovskaya isə təhsil fonundakı qayğı nümunələrini vaxtilə oxuduqları İvanova beynəlmiləl internat məktəbindəki yaşantıları ilə əsaslandırdılar.

Çıxışlarda birmənalı surətdə vurğulandı ki, iranlı mühacirlər onlara Ulu Öndər Heydər Əliyev dönəmindəki göstərilən diqqət və qayğı ənənəsinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən davamından məmnundurlar və belə münasibətə görə respublikanın daha da çiçəklənməsi naminə hər cür fədəkarlıq nümunəsi göstərməkdə davam edirlər.

 

Go Back

Comment