Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

HƏBİB SAHİR( ÜLKƏR)

HƏBİB SAHİR( ÜLKƏR)

(1903 - 1988)

Cənubi Azərbaycanın görkəmli şairi Mir Həbib Sahir (Ülkər) 1903 - cü ildə Təbriz şəhərində anadan olmuşdur.Babası Miyananın Tərk kəndindən Təbrizə köçmüşdür.Atası Mir Qəvam Sahir Məşrutə zamanı, Həbib Sahir 5 yaşında olanda, oğurlanıb və öldürülmüşdür.Həbib Sahirin həyatı son dərəcə uğursuz olmuşdur. Uşaqlıq və gənclik illəri Təbrizin Sürxab məhəlləsində keçmiş Həbib Sahir ilk təhsilini mollaxanada almışdır.

Həmin illəri xatırlayaraq şair yazır:"O zaman qibləyə sarı bir məsciddə bir molla məktəb qurmuşdu...hələ altı yaşıma çatmamışdım ki, anam məni o məktəbə aparıb.Axund, Həbibin əti sənin, sümükləri bizim" - dedi və məni o cəlladın əlinə tapşırdı." Molla məktəbinin sərt qayda - qanunlarını görən şair bu illər çox çətinliklərlə qarşılaşır.Təbrizin Məhəmmədiyyə mədrəsəsində təhsil aldığı illərdə onun fransız dili və ədəbiyyatı müəllimi olmuş Tağı Rüfətin vasitəsi ilə Türkiyədə nəşr olunan ədəbi toplularla tanış olur.İbtidai və orta təhsilini Təbrizdə bitirdikdən sonra Sahir 1927- ci ildə Türkiyəyə gedir.Türkiyədə yaşayan iranlılar üçün açılmış "Dəbestane - İraniyan" məktəbində iki il fars dili və ədəbiyyatı müəllimi kimi işləyir.

1929 - cu ildə İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə daxil olur.İstanbulda olarkən fransız dilini öyrənir.6 il İstanbulda qaldıqdan sonra Bakı şəhərinə gedir və bir müddətdən sonra oradan Tehran şəhərinə gedir və oranın maarif idarəsində işləyir.1313 - cü ildə  (1934) coğrafiya tədrisi üçün üç il Zəncanda, bir il isə Qəzvində müəllimlik etmişdir.Sonra o, Təbrizə qayıdır və ana yurdunda gənc nəslun təlim - tərbiyəsi ilə məşğul olur.Bu illərdə şairin "Coğrafiyayi - xəmsə","Əfsaneyi - şəb","Sayəha", "Şəfayə" adlı dərs və şeir kitabları çapdan çıxır.

1325 - ci ildə (1946) türkcə şeir söylədiyinə görə Ərdəbil şəhərinə sürgün edilir.Ərdəbildə sürgündə olarkən,ağır durumda yaşamasına baxmayaraq farsca olan"Əşare - cədid" şeir toplusun məhdud sayda yayır.Üç ildən sonra Qəzvin şəhərinə göndərilir.Qəzvin şəhərində 13 il yaşayır və yazdığı türkcə və farsca yazılarını gizlin surətdə yayır.Qəzvindən sonra Tehran şəhərinə gedir və ömrünün sonunacan bu şəhərdə yaşayır.Vətəndən uzaqlarda qara günlər görən şair bu illərdə yerli mürtəceləri tənqid edən əsərlər yazır.

Sağlığında H.Sahirin ondan artıq kitabı işıq üzü görmüşdür.Ana dilində ilk şeir kitabı"Lirik şeirlər" adı altında 1965 - ci ildə nəşr edilmişdir."Kövşın"," Səhər işıqları","Sönməyən günəş," "Dağınıq xatirələr" kitabları İran İslan inqulabından sonra çap olunmuşdur.

Təbrizdə yaşadığı 1941 - 1946 - cı illər Həbib Sahir yaradıcılığının məhsuldar dövrü hesab oluna bilər.Sahirin şeirləri, tərcümələri və məqalələri"Azərbaycan", "Vətən yolunda","Şəfəq", "Azad millət","Yeni Şəfəq" kimi qəzet və jurnalların səhifələrində özünə yer tapır.21 Azər hərəkatının qələbəsi Sahir yaradıcılığına ciddi təsir göstərir.

Onun şeirlərində öz doğma elindən ayrı düşən, hər vaxt onun gələcək taleyini düşünən həqiqi xalq sənətkarının qəlbini duyuruq və səsini eşidirik.

Bütün bu xüsusiyyətlərinə görə Həbib Sahirin əsərləri çoxmilyonlu Cənubi və Şimali Azərbaycan oxucularının dərin hörmət və rəğbətini qazanmışdır.

Ömrünün ixtiyar çağını və yaradıcılığının ən kamil dövrünü yaşayan bu müqtədir sənətkar sədaqətlə xalqına xidmət etmişdir.

1988 - ci ildə xalqın sevimlisi, qocaman şair Həbib Sahir Tehran şəhərinin yaxınlığındakı Aria şəhərində yaşadığı mənzilin pəncərəsin - dən özünü asmışdır.

Həbib Sahir Tehranın " Beheşte- Zəhra" qəbiristanlığında dəfn olunmuşdur.

SÖYLƏ, TANRI

Söylə, Tanrı, bu boş qalan yollardan,

Gecə vaxtı kimlər keçdi, kim qaldı?

Yarı - yardan hankı əllər ayırdı,

El içində ayrılığı kim saldı?

Min əməklə çiçəklənən yurdumuz,

Bir gecədə nə tez solub - saraldl?

Ellər köçüb, yurdlar oldu viranə,

Bu yerləri sürən, əkən harda bəs?

Xəzan olmuş meşələrin içindən,

Eşidilməz nə bir səda, nə bir səs...

Həyatımız o gül açan hədiqə,

Şərab imiş, - yoxsa Tanrı, boş həvəs?

Şaxta düşdü, duman basdı dağları,

Ailələr matəmlərə büründü.

O yerdən ki, ilıq yellər əsirdi,

Tufan qopub, aclıq, ölüm göründü.

Gözəl qızlar, kiçik, körpə uşaqlar

Qapı - qapı dilənərək süründü...

Söylə, Tanrı, köçüb gedən ellərin,

Bu dünyada bir də üzü güləcək?

Gələcəyə şirin ümid bəsləyən

Könlümüz açacaqmı gül - çiçək?

Viranədə susacaqmı bu bayquş,

Verəcəkmi bahar dünyaya bəzək?

HƏBİB SAHİR

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment