Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

HÜSEYNQULU ƏMİNİ


"MƏNİM ÖLÜMÜMLƏ AZADLIQ HƏRƏKATI

DAYANMAYACAQDIR."

HÜSEYNQULU ƏMİNİ

Hüseynqulu Məhəmmədəli oğlu Əmini 1277 - ci il şəmsi ilində (1898) Məmeqan qəsəbəsində zəhmətkeş bir ailədə anadan olmuşdur.O, ibtidai təhsilini qədim üsulda yerli mədrəsədə alır, sonra isə şəxsi mütaliəsini genişləndirməklə öz biliyini artırır. Hüseynqulunun atası - Səttarxan hərəkatının bacarıqlı mücahidlərindən olan Məhəmmədəli yeri gəldikdə kəndlilər arasında söhbət edərək vaxtilə ələ gətirdiyi mübarizə təcrübəsini inqilabi irs kimi öz oğluna və başqa kəndli balalarına təhvil vermişdir.Əkinçiliklə məşğul olan Hüseynqulu yerli feodalların, jandarmaların, məmurların tükənməz işgəncələri altında ömür keçirdiyinə görə hakim təbəqəyə qarşı sonsuz kin və nifrət hissi bəsləyir.İllər boyu qan - tər içində əkib, biçib, çalışan, özü isə doyunca çörək tapa bilməyən kəndlilərin vəziyyəti onun diqqət nəzərini cəlb edir.O, kəndliləri xanlardan, bəylərdən öz hüquqlarını tələb etməyə, onlara qarşı amansız mübarizə aparmağa çağırır.Ona görə də yerli feodalların təhrikinə əsasən jandarmalar onu təqib edirlər.Məmeqan mahalının xanları tərəfindən dəfələrlə onun əleyhinə sui - qəsd düzəldilməsinə baxmayaraq, kəndlilərin ona düzgün münasibəti və səmimiyyəti nəticəsində düşmənlər onu öldürə bilmirlər.Nəhayət, Hüseynqulu 1320 - ci ildə (1941) Tehran hökuməti tərəfindən həbsə alınır.Bir müddət zindanda qaldıqdan sonra siyasi işlərə dəxalət etməmək şərtilə azad edilir.Lakin, bu mənasız şərt Hüseyqulu Əmininin siyasi fəaliyyətinə mane ola bilmədi.Çünki o, İranın ictimai quruluşunun ədalətsiz olduğunu, şahın və hakim heyətinin Azərbaycanda yürütdükləri zülmə, istismara əsaslanan siyasətini olduğu kimi başa düşmüşdü.

Rza şah tərəfindən yaradılmış əlverişli şəraitdən istifadə edən alman faşistlərinin fitnəkarlıq yollarını ləğv etmək üçün İrana gələn xilaskar qızıl ordu faşistlərindən sonra, məmləkətimizin öz ictimai, iqtisadi zəminəsində başlanan azadlıq hərəkatı genişlənir.Bu yüksəliş mütərəqqi qüvvələrin, mübarizlərin mütəşəkkilləşməsinin günün tələbi kimi qarşıya qoyur.İllər boyu təşkilatsız mübarizə aparan Əmini də Təbrizdə təzəcə yaranmış "Ziddi faşist" təşkilatına daxil olur, sonra isə o, Hizbe Tudə İranın fəal və bacarıqlı üsvlərindən biri olur.

Nəhayət, Azərbaycan Demokrat Firqəsinin təşkili xalqımızın tarixində böyük dönüş əmələ gətirir.Əmini də on minlərlə azərbaycanlılar kimi firqənin çağırışına müsbət cavab verir.Əmini öz səmimi xidməti və fəaliyyəti nəticəsində zəhmətkeşlərin etimadını qazandığı üçün Milli Məclisə xalq nümayəndəsi seçilir. İgid və azadixah 21 Azər nəhzətində (hərəkatında) qabaqcıl fədai olaraq yorulmadan vuruşur.O, Məmeqan təşkilatları tərəfindən Milli komitə sədrliyinə seçilir.Xalqımızın əldə etdiyi azadlığı müdafiə etmək üçün Qızılbaş Xalq ordusu təşkil olmağa başladıqda Hüseyqulu Əmini Məmeqan cavanlarını ordu sıralarına daxil olmağa çağırır.Hüseynqulu Əmini xalq hərəkatının iştirakçısı olduğu üçün Milli Məclis tərəfindən "21 Azər" medalı ilə təltif olunur.

Xain Qəvam hökuməti Azərbaycan üzərinə basqın etdikdə jandarmalar Əminini tutub feodallara təhvil verirlər.İllər boyu bəy və xanların özbaşınalıqlarına qarşı mübarizə aparan Hüseynqulu Əmini faciəli bir vəziyyətdə Məmeqanda tutulur.Sərtib Haşeminin başçılığı ilə Tehrandan gəlmiş quldur dəstələri onun evini dağıdırlar.O, ölüm qarşısında, " Mənim ölümümlə azadlıq hərəkatı dağılmayacaqdır!" deyərək azadlıq düşmənlərini bir daha qamçılamışdır.

Şanlı 21 Azər nəhzətinin (hərəkatının) qabaqcıl fədaisi, Azərbaycan Milli Məclisinin görkəmli nümayəndəsi Hüseynqulu Əmininin getdiyi yolu başa çatdırmaq və bu yolda mübarizə etmək hər bir namuslu vətənpərəstin şərəfli işidir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment