Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Firudin İbrahimi Azərbaycan xalqının ölməz vətənpərvər Qəhrəmanı

30/05/2017

Gəncə şəhəri 22 may 2017

22 may 2017-ci il, Gəncə şəhəri  Iranlı Mühacirlər Cəmiyyəti  Azərbaycan Milli Hökumət  zamanı baş prokuror  işləmiş, Azərbaycan xalqının ölməz, vətənpərvər Qəhrəmanı, mətin inqilabçı, Azəri oğlu, Ibrahimi Firudin Qəni oğlunun  1947-ci  ilin may ayının 22-də,  Təbriz  şəhərində,  Iran şahı tərəfindən edam olunmasının 70 illiyini  təntənəli surətdə  qeyd etdi.

Tədbirdə, Bakıdan  gələn  nümayəndə, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi İcraiyyə Heyətin üzvü, Sədr müavini  yoldaş  M.Murtuza iştirak edirdi.

Gəncə Cəmiyyətin sədri, Əli Dəsti,  Firudin Ibrahimiyə həsr olunmuş  məqaləni oxudu:

"Azərbaycan xalqının ölməz vətənpərvər qəhrəmanı, mətin inqilabçı, azəri  İbrahimi Firudin Qəni oğlunun edamından 70 il keçib!

İranda Azərbaycan milli demokratik hərəkatının rəhbərlərindən biri olan Ibrahimi Firudin Qəni oğlu 1919-cu ildə noyabr  ayının 20-də Astara şəhərində  anadan olmuşdur.

O, 1943-cü ildən Iran Xalq(Tude) Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulmuşdur.

1945-ci ilin oktyabr  ayında Azərbaycan Demokrat Firqəsinin qurultayında Firudin Ibrahimi Milli Məclisə nümayəndə  seçilmişdir.  O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak etmişdir.

O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan «Babək» adlı könüllü dəstələrin təşkilatçılarından biri idi. «Ajir», «Rəhbər», «Mərdom», «Zəfər», «Siyasət», "Xavəri nov-Yeni şərq",  «Azərbaycan» və  sair qəzetlərdə Firudin İbrahimi  dövrün çatışmamazlıqlarını  ifşa edən publisistik məqalələr yazmışdı.

1946-cı ilin dekabr ayında Azərbaycanda Milli Hökumət qan içərisində boğulduqdan sonra, Firudin Ibrahimini  həbs etdilər. Firudin Ibrahimini 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin «Gülüstan bağı»nda dar ağacından  asdılar.

Həkim Azəri Fərhadın və mühandis Ələkbəri Ələddinin gördükləri va dediklərindən:

«1947-ci ilin may aynın 22-də Təbriz şəhərinda günəşli havada böyük canlanma var idi. Əhali «Gülüstan bağı»na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökümətin Baş Prokuroru Firudin Ibrahimini  dar ağacından asacaqlar (digər inqilabçıların hamısını Təbriz şəhərinin «Saat qabağı» adlanan yerində  dar ağaçından asırdılar). «Gülüstan bağı» şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-уə yaxın uca boylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin İbrahimini  jandarmaların əhatəsində dar ağacına gətirdilər. О vaxta qədar Firudin İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara  və  şah qoşununa hücum etmək istədilər. Xalqın nahaq qanını töküləcəyindan ehtiyat edən Firudin İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: «Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq  və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!» Cəlladlar qorxularından Firudin İbrahimini dərhal edam etdilər».

Xalq yazıçısı Mirzə İbrahimovun «Gələcək gün» romanında və şairə Mədinə Gülgünün «Firudin» poemasında Firudin İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazı qeyd olunmuşdu.

Firudin İbahimi  ölməyib, о Azərbaycan xalqının qəlbində  daimi  və  əbədi  yaşayacaqdır."

Sonra  M.Murtuza öz çıxışında qeyd etdi ki, Firudin İbrahiminin seçdigi həyat  yolu,  həm  Azərbaycan xalqın milli hüqüqlarının bərpası üçün, və həm də  fəhlələr, əkinçilər və başqa  zəhmətkeşlərin mənafeyi  uqrunda  mubarizə yolu idi. O bu mubarizə  yolunda İranda yaşiyan digər  xalqlarını da nəzərə alırdı. Həmin yoldan böyük  əfsanəvi  İnqilabçılar  və  qəhrəmanlar  keçib,  Heydər Əmoqlular, Təği  Əranilər, Xosro Ruzbehlər  və  minlərlə  Azərbaycan və  İranın digər  igid  oqlanlar  və  qizları. Elə  Firudinin  atası  Qəni  və  qardaşı  Ənuşirvan  da  həmin  müqəddəs  yolda  öz  şirin  həyatlarini  qurban  veriblər.  Əbədi  olsun  onlarin  xatırəsı,  Davamlı  olsun  onların  yolları..!

Cəmiyyətin üzvlərindən Cahan Ağamirov, Fatma Cəfərova, Rəna Rzayi, Sədaqət Cəhani, Durna Dəsti, Yəhya Xudai  və  başqaları  Firudin İbrahiminin Milli Hökumət zamanı göstərdiyi fəaliyyətlərindən, vətənpərvər, qəhpəman  və  gözəl  insan olmağı haqqında danışdılar. Allahdan ona rəhmət dilədilər və bildirdilər ki, onu əqidə-amalı davam etdiriləcəkdir.

Sonda, Əli Dəsti Firudin İbrahimiyə həsr olunmuş şeirini oxudu:

Əqidəyə, amala  bax!

Qorxub  ölümdən  öz məsləkindən  dönmədi.

Həyatı  naminə  heç  vaxt  sürünmədi,

Məsləkim  naminə  hər zaman ölərəm dedi.

Dünya tarixində  bəlalı insan

İki yol  ayrıcında  çox dayanıbdır.

Haqqa inanan keçib həyatından,

Canından qorxan isə  haqqı danıbdır.

Baş əyirəm bu hünər önündə,

«Gələcək gün» əsəri yada düşdü.

Dar ağacından asılan zaman,

Təbriz deyən Firudin yada düşdü.

İbrahimi Firudin Qəni oğlu ölməyib.  O, Azərbaycan xalqının ürəyində daima və  əbədi yaşayacaqdır. Heç  kim  unudulmur!!!

Gəncə şəhəri İranlı Mühacirbr  Cəmiyyətinin sədri:  Əli Dəsti

Go Back

Comments for this post have been disabled.