Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ADF MK-nın Sədri Yoldaş Valeh Quluzadə ilə Müsahibə

Yolumuz həmin yoldur, məramımız həmin məramdır.

- Yoldaş Valeh Quluzadə, əvvəla Sizi "Azərbaycan" qəzeti və ADFMK.az saytının redaksiyası adından Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin Sədri vəzifəsinə seçildiyinizə görə təbrik edirik.

Eyni zamanda, fəaliyyətə başlayarkən, işinizin belə çox olduğu məqamda bizimlə musahibəyə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildiririk.

- Çox sağ olun. Mən də sizlərə minnətdarlığımı bildirirəm.

- Yoldaş Quluzadə, Sizin ADF MK-ya Sədr seçilməyiniz möhtəşəm yubileylər ilinə təsadüf edir. Tarixi 12 Şəhrivər Bəyannaməsinin, onun ideya daşıyıcısı Azərbaycan Demokrat Firqəsinin, həmçinin şanlı 21 Azər Hərəkatının tezliklə 70 yaşı tamam olacaq. O vaxtdan xeyli illər keçib. ADF-nın rəhbərliyi bu məsələyə necə baxır: 12 Şəhrivər və Firqənin siyasi programının məzmunu İranın indiki siyasi və ictimai vəziyyəti ilə uyğun qəlirmi?

- 12 Şəhrivər Bəyannaməsi və 21 Azər Hərəkatı tarixdir. Özü də əbədi və unudulmaz tarix. Ona görə yox ki, 70 il əvvəl bu hadisələr baş verib və qeydə alınıb.Tarixidirlər ona görə ki, hələ də yaşayırlar, həyatidirlər. 21 Azər Hərəkatı Bəyannamənin məzmununu 70 ildir ki, özü ilə daşıyır. Bütün bu illərdə Bəyannamənin məzmunu və 21 Azər hərəkatı formasında gerçəkləşdirilməsi İranla yanaşı digər ölkələrə də örnək olub.

12 Şəhrivər Bəyannaməsinin əsas məzmunu eyni halda ADF-nin təsisindən sonra Firqənin proqramının əsasını təşkil edir. Bu sənəddə ilk növbədə İranın ərazi bütövlüyünün və istiqlaliyyətinin saxlanılması şərti ilə ölkənin Əsas Qanununda nəzərdə tutulmuş Əyalət və Vilayət Məclislərinin seçkisi yolu ilə Azərbaycanda idareetmə, mədəniyyət və iqtisadiyyat sahələrində muxtariyyət, daxili azadlıq, Azərbaycan dilinin Fars dili ilə bərabər məktəblərdə tədrisi, idarələrdə işlədilməsi, Azərbaycanda yığılan vergilərin yarısının Azərbaycana sərf edilməsi, Məclisi Şurada Azərbaycan nümayəndələrin sayının Azərbaycan əhalisi ilə uyğunlaşdırılması və Azərbaycan xalqının öz müqəddəratını təyin etməkdə özünün iştirakı olması tələbləri irəli sürülmüşdü.

O zaman Seyid Cəfər Pişəvəri və onun ADF-dəki məsləkdaşları, bütün azərbaycanlıların alqışlarını, razılıqlarını və həyəcanlarını görəndən sonra, belə münasıb fürsəti qaçırmadan, işə başladılar. Bəyannamədə vurğulandığı kimi, əvvəlcə bizim evimiz Azərbaycandan başladılar. Onlar inanırdılar ki, “Azərbaycanın islahatı və tərəqqisi İranın tərəqqisi ilə nəticələnəcək və beləliklə ölkəmiz İran quldurlardan və mürtəcelərdən xilas olacaqdır ”.

Amma, mürtəce şah rejimi xaricdəki qara qüvvələrin, ABŞ və Böyük Britaniyanın yardımı ilə bir ildən sonra mənfur niyyətlərini həyata keçirdi.Rejim İranda seçkilərin təhlükəsizliyini qorumaq bəhanəsi ilə Azərbaycana hərbi qüvvələr göndərdi, ikitərəfli müqavilələri saymadan, Azərbaycanlılara və Milli Hökumətə qarşı qanlı hücum həyata keçirdilər.

Azərbaycan xalqı 30 ildən sonra, 1978-ci ildə mürtəce və vassal şahlıq diktaturasının əleyhinə başlanan İnqilabın yenə önündə gedən qüvvələrdən idi və inqilabın qələbəsində böyük rol oynadı.

Şahlıq ləğv olundu və İslam Respublikası onun yerini tutdu. Azərbaycanlılar ölkənin digər xalqları kimi inqilabda vəd edilənlərin həyata keçirilməsini gözləyirdilər: azadlıq, demokratiya, ədalət, xalqların milli hüququnun bərpası və xalqlararası ayrıseçkiliklərin aradan götürülməsi. Amma yenə də daxili irtica tədricən ölkədə hakimiyyəti ələ keçirdi, 22 Bəhmən 1979-ci inqilabının hədəflərini ayaqlar altına altdı. Xalqların yenidən ayrıseçkiliklər əleyhinə və milli hüquqlar uğrunda mubarizələri qan içində boğuldu. Həmin siyasət elə bu gün də davam edir.

Beləliklə, 1945-ci ilin 12 Şəhrivər Bəyannaməsi və ADF-nin siyasi proqramının əsas məzmunu indiki şəraitdə yerinə yetirilmə formasından asılı olmayaraq, İranın bu günki ictimai və siyasi vəziyyəti ilə uyğun gəlir, həmçinin ADF-nin mübarizəsi və fəaliyyətinin əsas məzmununu təşkil edir.

- İranda başqa xalqlar da yaşayırlar və milli mənsubiyyətlərinə görə müəyyən əziyyətə və ayrıseçkiliyə məruz qalırlar. Siz xalqlar arasında münasibətlərə necə baxırsınız və İrandakı milli zülmün səbəbini nədə görürsünüz?

- İranda fərqli xalqlar yaşayırlar: Farslar, Azərbaycanlılar, Kürdlər, Bəluclər, Ərəblər, adını çəkmədiyim müxtəlif azsaylı xalqlar və islam dininə mənsub olmayanlar. Onların hər birinin özlərinə məxsus əraziləri, dilləri, milli mədəniyyətləri və ənənələri vardır.

İran bu xalqların Vətənidir. Onlar İranın yüz illər boyu bir dövlət kimi mövcudluğunun qorunmasında, zəngin tarixinin, mədəniyyətinin yaranmasında müstəsna xidmətlər göstəriblər. Çiyin-çiyinə verərək birlikdə yadelli hücumlarına qarşı qəhrəmancasına vuruşublar, İranın istiqlaliyyəti və azadlığı uğrunda canlarından keçiblər.

Biz istəyirik ki, İran xalqları, azsaylı millətləri və dindarları bərabər huquqa malik olsunlar, onlara daxili idarəetmə və mədəniyət sahələrində müxtariyyət verilsin və İran Federal Respublikasında xalqlar öz müqəddəratını özləri təyin etsinlər.

Amma indiyədək, Ölkə də hakim olan mürtəce və diktator qüvvələr, istər keçmiş şahlıq, istərsə də indiki Fəqihlər Respublikası formasında talançılıq siyasətlərini bütün İran xalqlarına qarşı yönəldiblər. Hakim rejim bu zülümkar siyasətə qarşı etirazları amansızlıqla yatırır.

Bizim fikrimizcə, İrandakı milli zülüm və millətlərarası ayrıseçkiliklərin səbəbi hər hansı xalqın digərinə qarşı hegemon mövqe tutmasında deyil, bu kimi hallar Mərkəzdəki hakim siniflərin talanedici və quldur siyasətlərinin nəticəsidir. İqtidarda rəhbər vəzifə tutanların milli mənsubiyyəti burada heç bir rol oynamır.

- İran əhalisinin ümumi və böyük çətinlikləri, bunlara qarşı onların mübarizələri, bu proseslərdə xalqların milli hüquqları uğrundakı mücadilələr arasındakı münasibət haqqında Firqə Rəhbərliyi nə düşünür?

- Bayaq dedik ki, daxildəki mürtəce qüvvələr öz yerlərini inqilabdan sonra yaranan hakimiyyətin içində tədricən möhkəmləndirildikdən sonra, Bəhmən inqilabının siyasi, ictimai və iqtisadi hədəflərini ardıcıl şəkildə qırağa qoyublar. Onlar zülümkar və talançı siniflərin mənfəətlərini təmin etmək məqsədilə “vilayəti fəqih” diktatorluğunu İran əhalisinə hakim ediblər.

Indi bizim ölkədə məskunlaşanlar, hansı xalqa, azsaylı millətə və dinə mənsubiyyətlərindən asılı olmayaraq, hakimiyyətdəki diktatorların zülmü nəticəsində azadlıq, demokratiya, ictimai ədalət və sülh şəraitində yaşamaqdan və Asudəlikdən məhrumdurlar. Milli huquqlardan məhrum olmaq və ayrıseçkilik, məhrumiyyətlərin bir parçasıdır ki, millətlərə və azsaylılara ikiqat tətbiq olunur.

Son illərdə, İrandakı həmvətənlərimiz, fəhlələr, əkinçilər, müəllimlər, səhiyyə işçiləri və digər peşə sahibləri, tələbələr və cavanlar, milli və dini mənsubiyyətlərindən asılı olmayaraq, hər bir fürsətdən istifadə edir, müxtəlif formalarda kütləvi etirazlarını nümayiş etdirir və tələblərini elan edirlər.

İndi İran xalqlarına və əhalinin bütün təbəqələrinə məlumdur ki, camaatın xeyrinə olan islahatların yolunu kəsən elə həmin "vilayəti fəqih" diktatorluğudur.

Biz inanırıq ki, indiki şəraitdə milli hərəkatlar ancaq ölkədəki bütün siniflərin birlikdə mübarizəsi ilə irəli gedə bilər.

1945-ci ildə Seyid Cəfər Pişəvərinin 12 Şəhrivər Bəyannaməsi, ADF-nin və Milli Hökumətin proqramı da dəqiqliklə belə bir əsasla tənzimlənmişdir ki, bütün adıçəkilən məhrumiyyətlərin azaldılması və aradan qaldırılması uğrunda mübarizəyə kömək etsin. Elə həmin səbəbə görə idi ki, Azərbaycan əhalisinin çox böyük əksəriyyəti: əkinçilər, ziyalılar, fəhlələr, müxtəlif peşə sahibləri, qadınlar, cavanlar və hətta bəzi mülkədarlar və ruhaniləri də Seyid Cəfər Pişəvəriyə və ADF-yə qoşulub, Milli Hökumətin iştirakçısı oldular.

- ADF 70 illik həyatında, İranın başqa mütərəqqi və azadlıq istəyən partiyalar və təşkilatlarla hansı münasibətləri və əməkdaşlıqları qurub və gələcəkdə belə əməkdaşlıqları necə inkişaf etdirmək niyyətindədir?

- ADF-nin daim sözdə yox, əməldə İranın Azadlığı və Tərəqqisi uğrunda irtica və müstəmləkəçilik əleyhinə əsas mübarizə meydanında, həm bölgələrdə, həm də bütöv İran xalqlarının ümumi hərəkatında, başqa mütərəqqi partiyalar və təşkilatlarla, şəxsiyyətlərlə fəal əməkdaşlığı və iştirakı olub.

1945-ci ildə ADF-nin təsisinə qədər, irtica və müstəmləkəçilik əleyhinə mübarizə meydanında başqa inqilabçı və mütərəqqi partiyalar fəal iştirak edirdilər. Elə milli zülmün məhv edilməsi Məşrutə Hərəkatında bəzi mübariz şəxsiyyətlərin marağında idi. Bu sonralar XX əsrin əvvəllərində İran kommunistləri tərəfindən “xalqların öz müqəddəratını təyin etmək hüququ” kimi səslənirdi. Hətta S.C.Pişəvəri əvvəllər İran Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi, o elə həmin səbəbdən 10 il Rza Şahın zindanında həbsdə olmuşdur. Məhz İran Tudə Partiyası 1941-ci ildə təsis olunub fəaliyyətə başlayarkən, milli zülüm əleyhinə və xalqların öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizə mövzusunu geniş və ardıcıl formada ölkəmizin hər yerinə yaydı.

12 Şəhrivər Bəyannaməsi və ADF-nin təsisindən az sonra, İran Tudə Partiyasının Azərbaycanda ƏyalətiTəşkilatı konfransını çağırıb, qərar çıxardı.Təşkilatın 60 min üzvü ADF-yə qoşuldu. Beləliklə, Tudəçilər və Firqəçilərin hərtərəfli əməkdaşlığı başlandı. Əlavə edək ki, İran Tudə Partiyası hərbi təşkilatının müxtəlif yerlərdən və millətlərdən olan zabitlərini muxtar Azərbaycana göndərdi. Onlar Azərbaycan Milli Hökumətinə məxsus olan silahlı keşikçilərinin nizama salınması və təlimatında böyük işlər gördülər.

Azərbaycan Milli Hökumətinin yaranmasından bir müddət sonra, Kürd həmvətənlərimiz 2 Bəhmən 1324 tarixində “İranda demokratiya-Kürdüstanda muxtariyyət” şüarını əsas götürərək, Kürdüstan Muxtar Respublikasını Mahabad şəhərində yaratdılar. Bu iki muxtar hökumət yaranan gündən çox yüksək səviyyədə qardaşlıq əlaqələri qurdu, bütün sahələrdə geniş əməkdaşlıqlar başlandı.

1945-1946-cı illərdə, Azadlıq istəyən Partiyaların Cəbhəsi yarandı. Cəbhə 6 partiyanı birləşdirirdi. İran Tudə Partiyası, İran Sosialist Partiyası, İran Partiyası, Cəngəl Partiyası, Kürdüstan Demokrat Partiyası və ADF. Cəbhə Bəyannaməsində hədəfini elan etdi: İranın siyasi və iqtisadi İstiqlaliyyəti və İran millətin Azadlığ və Tərəqqisi və Müstəmləkəçiliyin kötüyünü yerdən çıxartmaq uğrunda irticai şəxslər və müstəmləkəçilikdən asılı qüvvələr və islahatlarla müxalif olanlarla birgə mübarizə aparmaq. Eyni halda, bu Cəbhə “İran Fəhlələrin Müttəfiq Mərkəzi Şürasını”, İran fəhlə sinifinin yeganə həqiqi təşkilati kimi rəsmən tanınaraq öz mübarizəsini İran fəhlə sinifinin əsil hərəkatı ilə əlaqələndirmişdi.

Hər halda, ideoloji və praktik mövqelərin yaxın olması səbəbindən, İran Tudə Partiyası, Kürdüstan Demokrat Partiyası və ADF arasındakı olan səmimi əməkdaşlıqlar daha da geniş, dərin və uzunömürlü oldu.

İran Tudə Partiyası və ADF-nin sıx əməkdaşlığı nəhayət ki, 1960-ci ildə Vəhdət Konfransında onları ittifaqa və təşkilat birliyinə gətirib çıxardı. Indi də iki partiyanın qardaşlıq əlaqələri davam edir.

ADF proqram və hərəkət xətti çərçivəsində başqa mütərəqqi və istibdada zidd siyasi partiyalarla iş birliyi qurmağa və əməkdaşlığa hər zaman hazır olub, yaradıcı təkliflərini alqışlayıb və alqışlayacaqdır.

- Yoldaş Quluzadə, bizə vaxt ayırdığınıza və ADF rəhbərliyinin mövqeyini oxucularımıza çatdırdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Sizi Novruz bayramı və yeni ilin başlanması münasibətilə təbrik edir, gələn ildə Sizə və ADF-yə uğurlar diləyirik.

- Mən də sizə təşəkürümü bildirirəm ki, səmimi söhbət üçün bu imkanı yaratdınız. Sizin və bütün həmvətənlərimizin yeni ili mübarək olsun.

Go Back

Comments for this post have been disabled.