Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin VIII Ümumi Yığıncağı öz işini uğurla başa vurdu

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin VIII Ümumi Yığıncağı öz işini uğurla başa vurdu

“İranlı Mühacirlər Cəmiyyəti” (İMC) İctimai Birliyinin VIII Ümumi Yığıncağı 2 mart 2019-cu il tarixində Bakı şəhərində keçirildi.

Cəmiyyətin Ümumi Yığıncağı saat 12-də öz işinə başladı. Gündəlikdə duran məsələlər sırasında İMC İctima Birliyinin 2017-2018-ci illərdə gördüyü işlərin hesabatı barədə məruzənin dinlənilməsi, müzakirəsi və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün yeni qərarların qəbulu, Cəmiyyətə yeni sədrin, Şura və İdarə heyəti üzvlərinin seçilməsi məsələləri dururdu.

Ümumi Yığıncağı İMC-nin ən yaşlı üzvü Adilə xanım Çernikbülənd açaraq iştirakçıları salamladı. Cəmiyyətin dünyasını dəyişən üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bundan sonra Ümumi Yığıncağı idarə etmək üçün sədr, müavin və katibliyə  namizədlər irəli sürülərək elan olundu. Səməd Bayramzadə yığıncağı idarə etmək üçün sədr, Murtuza Müqəddəm (Məhəmməd) sədr müavini və Möminat xanım Puhən katib seçilərək Rəyasət Heyətində öz yerlərini tutdular.

Ümumi Yığıncağı davam etdirən sədr S.Bayramzadə iştirakçıları salamladıqdan və onları bu tədbirdə fəal iştiraka dəvət etdikdən sonra qarşıda duran məsələləri, eyni zamanda tədbirin daha təsirli və səmərəli idarə edilməsi üçün reqlamenti elan etdi, ona riayət olunmasını xahiş etməklə məruzələr, çıxışlar və replikalar üçün ayrılmış zaman hüdudlarını elan etdi. Eyni zamanda da bildirdi ki, İMC ictimai-iqtisadi, mədəni-təhsil və kadr-məişət məsələləri ilə bağlı Azərbaycan Respublikasının müxtəlif təsərrüfat sahələrində, o cümlədən elm, təhsil, mədəniyyət və digər sahələrində çalışan mühacirlərin fəaliyyətini tənzimləyir, onların yaranan çətinliklərinin həllində və aradan qaldırılmasında müvafiq dövlət orqanları ilə yazışma və müzakirələr aparır. Bu üzdən də sədr tədbir iştirakçılarından Yığıncağın gedişində siyasi məsələlərə, onların müzakirəsinə yer ayırmamağı və yol verməməyi, bununla da tədbirin müəyyən edilmiş vaxtda bitirməyi xahiş etdi.  

Gündəlikdə duran məsələlərin icrası məqsədilə  Mandat  və Seçki komissiyalarının tərkibinə namizədlər irəli sürülərək səsə qoyuldu. İrəli sürülmüş namizədlər içərisindən Mandat komissiyası tərkibinə Məhəmməd Haqverdiyev (sədr), Rəşid Şeybani və Nadir Ajannejat və Seçki  komissiyası tərkibinə İsmayıl Abdullahi (sədr), Nizami Rzaşüari və Pərviz Kazımi səs çoxluğu ilə seçilərək təyin edildilər.

Mandat və Seçki komissiyalarının tərkibi müəyyən edildikdən sonra İMC İctimai Birliyinin 2017-2018-ci illərdə gördüyü işlərə dair cəmiyyətin sədri Rəhim Hüseynzadənin hesabat məruzəsi dinlənildi.

Məruzə bitdikdən sonra Cəmiyyətin 2017-2018-ci illərdə gördüyü hesabat ətrafında tədbirdə iştirak edən İMC üzvlərinin çıxışları oldu. Adilə xanım Çernikbülənd hesabat dövründə Cəmiyyətin işinə çox yüksək qiymət verərək qeyd etdi ki, onun gələcək fəaliyyətinə gənc nəslin bacarıqlı, istedadlı və təcrübəli nümayəndələri cəlb edilməlidirlər. Çıxışının sonunda Adilə xanım Cəmiyyətin yeni rəhbərliyinə seçkilərdə Firudin Ənuşirəvan oğlu İbrahiminin namizədliyini irəli sürdü.

Hesabat ətrafında İMC üzvü Əkrəm Rəhimli (Bije) də çıxış edərək, onun Cəmiyyətin fəaliyyətini dolğun əks etdirdiyini qeyd etdi və bildirdi ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İMC-nin fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər baş vermiş, onun sıralarına yeni, cavan üzvlər qoşulmuş, bununla da Cəmiyyətin müxtəlif istiqamətlər üzrə fəaliyyətində canlanma baş vermişdir. Sonda Əkrəm Rəhimli də Cəmiyyətin yeni rəhbəri vəzifəsinə F.İbrahiminin namizədliyini dəstəklədiyini bildirdi.

Tədbirdə iştirak edən professor Solmaz xanım Rüstəmova-Tohidi də Cəmiyyətin hesbatını yüksək qiymətləndirdi, onun fəaliyyətində əldə edilmiş nailiyyətləri lazımınca dəyərləndirməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan iranlı mühacirlərlə, xüsusilə azərbaycanlılarla mədəni-elmi əlaqələrin də inkişav etdirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsini tövsiyə etdi və bildirdi ki, bu istiqamətdə cəmiyyətə bütün mümkün köməklikləri göstərməyə hazırdır.

Daha sonra hesabat ətrafında Cəmiyyətin üzvü Həsən Ahəngi (Cəbrayılov) çıxış etdi. O da Cəmiyyətin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etməklə, onun xaricdə yaşayan mühacirlərlə əlaqələrinin qurulmasındakı işlərindən söhbət açdı, bu istiqamətdə ciddi işlərin görüldüyünü, gələcəkdə daha da inkişaf etdiriləcəyini, təcrübə mübadiləsinin aparılacağını, eyni zamanda Solmaz xanım Rüstəmova-Tohidinin tövsiyələrinin də nəzərə alınacağını qeyd etdi.

Hesabat ətrafında növbəti çıxışı Cəmiyyətin sədrinin birinci müavini F.İbrahimi etdi. O, hesabat dövründə görülən işlər barədə daha konkret faktları ortaya qoydu və bildirdi ki, Azərbaycan Respublikasının müxtəlif rayonlarında xüsusilə Gəncə, Yevlax, Şamaxı, Zaqatala, Balakən və Quba kimi rayonlarda yaşayan mühacirlərlə görüş olmuş, müvafiq yerli icra hakimiyyəti orqanlarının məsul məqamları ilə görüşlər keçirilmiş, mövcud problemlərin həlli istiqamətində müəyyən işlər görülmüş, Cəmiyyətin rayonlarda fəaliyyətinin genişləndirilməsi, mühacirlərin müvafiq təsərrüfat sahələrində, dövlət strukturlarında fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Cəmiyyətin yerli strukturları üçün idarə binasının və ya ofisinin açılmasına nail olunmuşdur. F.İbrahimi 21 Azər hərəkatının rəhbəri S.C.Pişəvərinin ölümünün 70 illiyi münasibətilə Yevlax şəhəri yaxınlığındakı Aran qəsəbəsində onun və 1945-1946-cı illər milli-demokratik hərəkatının iştirakçıları və şəhidlərinin şərəfinə salınmış parkda  Cəmiyyət tərəfindən təşkil edilmiş tədbirdən, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə birgə əməkdaşlığın nəticəsi olaraq 21 Azər hərəkatının gedişini, Azərbaycan Milli Hökumətinin ictimai-iqtisadi, milli-mədəni, təhsil və digər sahələrdə xalqın rifahını yüksəltmək üçün görülən tədbirləri öz səhifələrində gündəlik əks etdirmiş ADF orqanı "Azərbaycan" qəzetinin adıgedən institutun əməkdaşı S.Bayramzadə tərəfindən 4 cilddə çapa hazırlanmasında Cəmiyyətin göstərdiyi dəstəkdən,  1-ci cildin çapından sonra onun Şimali Kaliforniyada təşkil olunmuş təqdimat mərasimində yaxından iştirakından, həmin toplunun 2-ci cildinin də işıq üzü görməsində göstərdiyi mənəvi dəstəyindən, hesabat dövründə Azərbaycan Milli Hökumətinin Baş prokuroru F.İbrahiminin ölümünün 70 və anadan olmasının 100 illiyi münasibətilə Cəmiyyət tərəfindən təşkil olunmuş beynəlxalq səviyyəli tədbirlərdən, S.Bayramzadənin tərtibatında AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının müvafiq qərarları ilə F.İbrahiminin "Sülh uğrunda" və "Danışır Azərbaycan..." kitablarının çapına göstərdiyi maliyyə yardımından, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın daha yüksək səviyyələrdə davam etdiriləcəyindən, elm və mədəniyyət sahəsində tanınan, eləcə də Respublikanın təsərrüfat sahələrində çalışan qabaqcıl mühacirlərin yübileylərinin, dünyasını dəyişənlərin anım mərasimlərin təşkil ediləcəyindən, Cəmiyyətin qarşıdakı illərdə fəaliyyətindən və bu fəaliyyət çərçivəsində də mühacirlərin iş şəraitinin,  onların rifah halının yaxşılaşdırılması istiqamətində yerli mərkəzi icra hakimiyyəti orqanları ilə  müvafiq danışıq və müzakirələrin aparılacağından böyük inamla və ruh yüksəkliyi danışdı. Sonda İMC-nin hesabat dövründə fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirdi, R.Hüseynzadənin sədr kimi fəaliyyətini yüksək qiymətləndirdi.

İMC sədri R.Hüseynzadənin hesabatı ətrafında çıxış və replikalara yekun vuran Rəyasət Heyətinin sədri S.Bayramzadə  bildirdi ki, hesabat dövründə Cəmiyyətin rəhbərliyi, İdarə Heyəti üzvlərinin çətinliklərinin, o sıradan mənzil-məişət, təhsil və iş problemlərinin həlli üçün müvafiq təşəbbüslər göstərmiş və onların həlli istiqamətində çalışmışdır. Bununla belə, hesabat dövründə cəmiyyətin əsas fəaliyyəti təbliğat-təşviqat xarakterli olmuşdur. Cəmiyyət gələcək fəaliyyətində təbliğat-təşviqat istiqamətində deyil, daha çox üzvlərin ictimai, iqtisadi, mədəni, elmi sahələrdə, mənzil-məişət və kadr məsələlərində qarşıya çıxan çətinliklərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini təşkil etməli və daha da gücləndirməli, 2017-2018-ci illərdə "Təşkilatlanmadan keyfiyyət dəyişiklərinə doğru" devizi ilə başladığı proqramın tam həyata keçirilməsi istiqamətində qarşıdakı iki ildə də fəaliyyətini qurmalı və davam etdirməlidir.

Sonda Yığıncağın sədri S.Bayramzadə Cəmiyyətin qarşıdakı illərdə də işinə uğurlar arzulamaqla İMC-nin sədri R.Hüseynzadənin hesabatını səsə qoydu. Hesabat qənaətbəxş hesab olunmaqla yekdilliklə qəbul olundu.

Tədbirin davamında Yığıncaq İMC Təftiş komissiyasının sədri Əzizağa Mürsəlovun 2017-2018-ci illər üçün iki illik hesabatını dinlədikdən sonra onu səsə qoydu. Təftiş komissiyasının hesabatı da Yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul olundu.

Bundan sonra İMC-nin indiki İdarə Heyəti tərəfindən Təftiş komissiyasının tərkibinə Əzizağa Mürsəlovun (sədr), Məhəmməd Haqverdiyevin və Mənsur Muradinin (Əmir) namizədlikləri irəli sürüldü. Adıgedən hər bir şəxsin namizədliyi ayrı-ayrılıqda səsə qoyuldu və yekdilliklə qəbul olundu.

İMC-nin indiki İdarə Heyəti tərəfindən Mərkəzi Şuranın 41 nəfərdən ibarət yeni tərkibi Yığıncağda təsdiq edilmək üçün elan olundu və bu tərkibə bir nəfərin, Cəmiyyətin üzvü Nasir Məmmədovun da namizədlyi irəli sürüldü. Mərkəzi Şuranın 42 nəfərdən ibarət yeni tərkibi elan olundu və onların adları sədr S.Bayramzadə tərəfindən bir-bir oxunaraq səsə qoyuldu. Mərkəzi Şuranın adları elan olunan üzvləri səs çoxluğu ilə qəbul olundu.

İMC-nin indiki İdarə Heyəti Cəmiyyətin sədr vəzifəsinə Firudin Ənuşirəvan oğlu İbrahiminin namizədliyini irəli sürdü. Yığıncağın Rəyasət Heyətinin sədri S. Bayramzadə tərəfindən R.Hüseynzadənin namizədliyi də irəli sürüldü.

R.Hüseynzadə çıxış üçün söz alaraq yaşının çoxluğu və sağlamlığı ilə bağlı, eyni zamanda da gənc nəslin və yeni kadrların Cəmiyyətin işində daha səmərəli və ciddi fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirərək, öz namizədliyini geri çəkdi və o da F.İbrahiminin yeni sədr seçilməsi üçün namizədliyini dəstəklədi.

Bundan sonra F.İbrahiminin İMC-nin yeni sədri fəzifəsinə namizədliyi səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Bundan sonra İMC-nin yeni İdarə Heyətinin 17 nəfərdən ibarət yeni tərkibi səsə qoyuldu və səs çoxluğu ilə qəbul olundu.

İMC-nin yeni İdarə Heyəti Cəmiyyətin sədrinin 1-ci müavini vəzifəsinə R.Hüseynzadənin, müavinləri vəzifəsində Murtuza Müqəddəm Məhəmmədin (təşkilat məsələləri üzrə), Həsən Babainin (təbliğat-təşviqat məsələləri üzrə), İsmayıl Abdullahinin (iqtisad, maliyyə və təsərrüfat məsələləri üzrə) və Pərviz Kazıminin (informasiya üzrə) namizədliklərini irəli sürdü. Onların hər birinin namizədliyi ayrı-ayrılıqda səsə qoyularaq yekdilliklə qəbul olundu.

İMC-nin yeni sədri F.İbrahimi Ümumi Yığıncağı yüksək peşəkarlıq və məntiqi ardıcıllıqla idarə etdiyinə görə S. Bayramzadəyə və bütün Cəmiyyət üzvlərinə yığıncağın işində fəal iştiraklarına görə dərin təşəkkürlərini bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

Bununla da İMC-nin Ümumi Yığıncağı öz işini başa vurmuş oldu.  

 

      

 

 

 

Go Back

Comment