Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

"İranlı Mühacirlər Cəmiyyəti" İB üçüncü "dəyirmi masa"nı Şamaxıda keçirib

"İranlı Mühacirlər Cəmiyyəti" İB üçüncü "dəyirmi masa"nı Şamaxıda keçirib

Tədbirin yekun rəyi: İMC mühacirətin dünyəvi Azərbaycan modelidir

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədirlərin keçirilməsi" layihəsi çərçivəsində bölgələrdə keçirdiyi "dəyirmi masa"lara yekun vurub. Ötən cümə günü Şamaxı şəhərinin Heydər Əliyev Mərkəzində düzənlənən regional tədbirdə bu rayonda və İsmayıllıda məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, eləcə də müxtəlif qurumların təmsilçiləri, media nümayəndələri iştirak ediblər. Gəncə və Zaqatalada olduğu kimi burada da öncə Ümummilli Liderimizin abidəsi ziyarət edilib, ora tər gül-çiçəklər düzülüb.  

Cəmiyyət rəhbərliyini qəbul edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev onlara bölgədəki quruculuq işləri barədə ətraflı məlumat verib. İcra başçısı Şamaxının şöhrət salnaməsini yaradanların ön sırasında on illər boyu bu insanların olmasından qürur duyduğunu və hər birinin doğmalar kimi daim diqqət mərkəzində dayandıqlarını deyib. Görüşdə bütün bunların təfərrüatları ilə məlum olduğunun əsas götürülərək Şamaxı RİH-in başçısı A. Ağayevin "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin fəxri diplomuna layiq görüldüyü deyilib və ona mükafat təqdim edilib.  

Tədbiri giriş sözü ilə RİH-in məsləhətçisi Babaqədir Qədirov açıb. Cəmiyyətin sədri, əməkdar jurnalist R.Hüseynzadə bildirib ki, "İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli" adlı silsilə tədbirlərinin bu respublikaya pənah gətirmənin 70-ci ilində düzənlənməsi heç də təsadüfi deyil. Siz layihə ekspertlərinin də gətirdikləri konkret misallardan görəcəksiniz ki, bizlərin on illər boyu əldə etdiyimiz misilsiz uğurlar dünyanın bütün digər ölkələrindəki mühacir təşkilatları üçün əlçatmaz, qibtə olunacaq konkret nailiyyətlərdir". O, diqqəti Azərbaycanda insan hüquqlarının pozulmasından dəm vuran dövlətlərin, AŞPA-nın nicatını yeni və köhnə qitələrdə arayan mühacirlərin demək olar hər gün dənizdə qərq olmalarına, üzlərinə sərhədlərin bağlandığına, tikanlı məftillər arasında təhqirlərə məruz qaldıqlarına, mühacirlərin qovulma çağırışlarının artdığına çəkərək belələri üçün İMC-nın ibrətamiz model olduğunu söyləyib.  

Layihənin ekspertləri-İranlı Mühacirlər Cəmiyyəti sədrinin birinci müavini, istefada olan polkovnik Firudin İbrahimi və "İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi"nin sədri Zeynalabdin Abbasovun çıxışlarında İMC-ni mühacirətin dünyəvi Azərbaycan modeli kimi formalaşdıran cəhətlərdən ətraflı bəhs edilib. Qeyd olunub ki, 1947-ci ildə Azərbaycana pənah gətirən fədailərin 70 faizindən çoxu yazıb-oxumağı belə bacarmırdı. 33 il ərzində onların 200 nəfəri elmlər namizədi, doktoru dissertasiyalarını müdafiə etdi. Ən kəskin problem sayılan mənzil təminat cəmi 10 il ərzində həllini tapdı. 10 min nəfər orden, medal, döş nişanları ilə təltif olundu. Yazıçı və şairlərimizin, sənət adamlarımızın, müxtəlif peşə sahiblərimizinin, igidlərimizin layiq görüldükləri fəxri adlar və sair mühacirətdə yaşanan şərəfli bioqrafiyaların təcəssümü kimi dəyərləndirildi.  

İMC-nin Şirvan regional təşkilatının sədri Rəsul Rzai 70 il əvvəl və sonralar mühacirəti şərtləndirən cəhətlərdən sohbət açdı. Sədr vurğuladı ki, ata-babalarımıza qollarını geniş açan ölkədə hərtərəfli qayğı nümunələrinə mühacirlərimiz bu insanlar və dövlət qarşısında heç vaxt borclu qalmayıblar. Azərbaycanın şöhrət salnaməsini yaradanlar sırasında Şamaxıda məskunlaşan mühacirlərin də olması vüqar hissi doğurur. “1951-ci ildə bizim yaşadığımız Şəhriyar qəsəbəsindən 3 nəfərin - Abdulla Əmiralı, Nobarəli Nabori və Hüseyn Həsənpurun Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmələrini daim sevinclə misal çəkirik”.  

İMC-in Şamaxı rayon təşkilatının sədri Mehman Baqiri çıxışında tədbirin qurumun buradakı fəaliyyətini daha da canlandırmasına təsirsiz ötüşməyəcəyini deyib.  

Cəmiyyət sədrinin müavini Murtuza Nizamoğlu Azərbaycana ötən əsrin 80-ci illərində mühacirətə gələrkən qısa müddətdə evlə, işlə təmin olunduqlarını, yoldaşlarının müsabiqəsiz ali məktəblərə daxil olduqlarını xatırlayaraq deyib: "O vaxtlar Avropaya üz tutanlarımız da az olmadı. Lakin bizdən fərqli olaraq dediklərimizin müqabilində ancaq sıxıntılarının, problemlərinin artmasından danışırdılar".  

"20 Yanvar" Cəmiyyətinin sədr müavini, istefada olan mayor Nizami Rzaşüvarinin Azərbaycanın istiqlalının əldə olunması, ərazi bütövlüyünün qorunması uğrunda mücadilələrdə bütün mühacirlərin və onların övladlarının göstərdikləri şücaətlərdən ətraflı söhbət açıb. 

Çıxışlarda birmənalı surətdə vurğulanıb ki, mühacirlər daim Azərbaycanın doğma sakinləri kimi qayğı ilə əhatə olunublar. Lakin Ulu Öndərimiz Heydər Əliyevin hər iki dönəmdə respublikaya rəhbərlik etdiyi dövrlərdə əldə olunan nailiyyətlər müqayisəyə gəlməzdir. Rəhbərin xalqın tələbi ilə yenidən qayıdışı İMC-ni bir təşkilat olaraq sıradan çıxarmaq, Bakıdakı üçmərtəbəli ofisinə yiyələnmək istəyənlərin niyyətlərini puça çıxardı. Məhz bunlara görə cəmiyyət üzvləri tədbirlərindən əvvəl Ümum Milli Liderimiz Heydər Əliyevlə bağlı ziyarətgahlara baş çəkməyi özlərinin mənəvi borcu sayırlar. Həmçinin bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İMC-yə və onun üzvlərinə münasibətdə göstərdiyi həssaslıq nümunələri  ənənənin davamından xəbər verir.   

Tədbirdə 30 nəfər mühacirə və ailə üzvlərinə "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin diplomları təqdim edilib.    

 

 

Go Back

Comment