Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

SƏHİD ŞAİR SƏDİ YÜZBƏNDİ


"AZADLIĞIN HEÇ VAXT SÖNMƏZ ÇIRAĞI"-

SƏHİD ŞAİR SƏDİ YÜZBƏNDİ

(1918 - 1946)

Cənubi Azərbaycanın elə bir guşəsi tapılmaz ki, özünün yeraltı, maddi nemətləri, gözəl təbiəti və xoş iqlimi , yetirdiyi söz ustadları , cəsarətli mübariz oğulları ilə diqqəti cəlb etməsin. Yüzbənd kəndi Cənubi Azərbaycanın Qaradağ mahalında yerləşən gözəl xüsusiyyətlərə malik yaşayış məntəqələrindən biridir.Qaradağ yeraltı sərvətləri,münbit torpağı , gözəl havası, könül açan yaşıl bağları insanı valeh edir. Sədi İzzət oğlu vətənin bu səfalı təbiətindən doğan təsirin öz hökmü ilə şeir və ədəbiyyatla məşğul olaraq ona yeni bir gözəllik də əlavə etmişdi.Böyük Azərbaycan şairi Nizami Gəncəvinin məşhur söz ustadları Saib Təbrizinin,Sədi Şirazinin, Molla Pənah Vaqifin, Mirzə Məhəmməd Bağır Xalxalinin, Mirzə Ələkbər Sabirin və başqalarının əsərləri bu kasıb ailəni varlı göstərən xəzinələr kimi həmişə rəflərdə, taxçalarda olurdu.Belə bir şəraitdə yoxsul ikən varlı olan ailədə 1297 - ci ildə (1918) dünyaya gəlmiş övlad təbii olaraq Sədi adlandırıldı.Sədi isə bütün şüurlu həyatı boyu bu xəzinələrdən öyrənməyə və öz bədii yaradıcılığı sahəsində bu adı doğrultmağa çalışdı.

Oxuduğu və gördüyü həyat həqiqətləri Sədini bir insan kimi formalaşdırırdı.Tükənməz sərvətlərin sahibi olan Azərbaycan kəndlisi nemətlər içərisində olduğu halda,məhrumiyyətlər pəncəsində əzilib təhqir olunurdu. Sədi Yüzbəndi özü də belə azərbaycanlılardan biri idi.Atasının dəlləklik sənəti varidisə, bu ailənin güzəranını təmin edə bilmirdi.Ailədə kitablar varidisə Sədinin öz təhsilini axıra qədər davam etdirə bilməsi mümkün deyildi.O, hətta orta təhsil ala bilməmişdi.Beləliklə, öz istedadından tam istifadə etmək imkanından da məhrum edilmişdi.

Bütün bunlara əlavə olaraq Rza xan dövrünün terror təhqiri minlərlə azərbaycanlını çıxış yolu tapmaq haqqında düşündürürdü.1320 - ci ildə (1941) Rza xan diktatorluğunun yıxılması ilə bu yol hamarlandı.Hizbe Tudənin təşkili ilə mübariz qüvvələr birləşdi.Sədi Yüzbəndi də özünün bütün bacarıq və fəaliyyətini partiyanın səfərbərlik işinə həsr etdi.O, öz şeirlərində vətənin sərvətlərini, gözəl imkanlarını tərənnüm edərək bu nemətlərdən istifadə yolunu yalnız birlikdə, birgə mübarizədə görürdü.

1325 - ci ildə (1946) Azərbaycan Demokrat Firqəsinin təşkili, şanlı 21 Azər hərəkatının qələbəsi Sədi Yüzbəndinin də bədii yaradıcılığında,firqədəki fəaliyyətində yeni canlanmaya səbəb oldu.O, öz fəaliyyətində Azərbaycan Demokrat Firqəsinin məramnaməsini təbliğ etməklə kifayətlənmirdi.

O, bir şair kimi, yeni dövranı, doğma xalqının azadlığa çıxmasını daha həssaslıqla dərk və tərənnüm etməklə zəhmətkeşləri daha sıx birləşməyə, firqənin göstərişlərini daha ləyaqətlə yerinə yetirməyə çağırırdı.O, "Arzum" şeirində yazırdı:

"Hər zaman arzum budur bir laləzar olsun vətən,

Lalələr, güllər açılsın, xoş diyar olsun vətən.

Azəristan ölkəsi zülmilə çox talan olub,

İstərəm abadlıq olsun, payidar olsun vətən.

İttihadə girmişik doğma vətən uğrunda biz,

Məhv edək zalimləri ta xoş diyar olsun vətən."

Şanlı 21 Azər hərəkatının qələbəsi ilə özünün çoxdankı arzusunun həyata keçdiyini - vətənin laləzar olduğunu görən Sədi Yüzbəndinin yaradıcılığı bu zaman yeni ilhamla coşurdu.Əlinə tüfəng alıb hərəkatda iştirak edən cavan şair, indi də qələm götürüb böyük xalq qələbəsini tərənnüm edirdi.

Sədi Yüzbəndinin ictimai mübarizələrə qoşulmasında, şeir yazmaqda ilham mənbəyi görkəmli sənət ustalarının əsərləri və ona yeni istiqaməti göstərən 21 Azər hərəkatı idisə, onun ictimai döyüş əməliyyatı ustası görkəmli inqilabçı Əbdülsəməd İmrani olmuşdur.Qaradağ Vilayət Komitəsində işlədiyi müddətdə Sədi Yüzbəndi dönməz mübariz Əbdülsəməd İmraninin başçılığı altında fəaliyyət göstərdiyinə görə, onun katibi olduğu üçün ondan öyrənir, özünün təcrübəsini zənginləşdirir, təşkilatçılıq bacarığını daha da möhkəmləndirirdi.O, məhz öz bacarığını, xalq işinə sədaqəti və hərəkatda iştirakı sayəsində Azərbaycan Demokrat Firqəsinin Qaradağ vilayət təşkilatında məsul vəzifələrə seçilmiş, dəfələrlə təqdir edilmiş və nəhayət, Milli Məclisin fərmanı əsasında

"21 Azər" medalı ilə, leytenantlıq rütbəsilə təltif olunmuşdur.O, həm Qaradağ mahalında hərəkatın qələbəsində, həm də Təbriz şəhərinin alınmasında fədakarlıqla iştirak etmişdir.

Sədi Yüzbəndi mübariz firqəçi kadr, ictimai hərəkatın mübariz iştirakçısı olmaqla bərabər, gözəl xasiyyətli insan, ailəsinin və uşaqlarını ürəkdən sevən nəzakətli, səmimiyyətli, həssas ürəkli vətəndaş olmuşdur.

O, Əhər şəhərində, Qaradağın başqa qəsəbə və kəndlərində, hətta Vilayət Komitəsinin bir çox mədəni - maarif tədbirlərinin icrasında ləyaqətlə iştirak etmişdir.O, zəhmətkeşlərin istirahəti üçün lazım olan bir çox səhnə əsərlərinin nümayişində bir fəal aktyor kimi də çalışmışdır.

İncə zövqə malik olan Yüzbəndi həyatın bütün mənəvi gözəlliklərinə müsbət insani münasibət bəsləyirdi.O, öz qəzəllərindən birində eşqindən Məcnun kimi çöllərə düşdüyü gözələ xitabən yazırdı:

Candan artıq sevirəm mən səni, ay qaşı kaman,

Gözümün nuru, gətirmə dəxi gül canə məni.

Sənə dil verməz idim,gəndümi xalını görcək,

Tovladı həzəti Adəm kimi ol danə məni.

Lakin Sədi Yüzbəndi hər şeydən artıq vətənini, yolunda şəhid olduğu məram və məsləyini , xalqının azadlığını sevirdi.O, ürəkdən sevdiyi, ailəvi bir məhəbbətlə aşiqi olduğu vətən , məram və xalq azadlığı uğrunda vuruşdu, yazdı, yaratdı və nəhayət, öz həyatını da bu yolda qurban verdi.O, həmişə azadlığa və xalqa məhəbbətdən danışanda böyük səmimiyyətlə deyərdi:"Aşiq olan gərək eşqə dayansın,pərvanə tək düşüb odlara yansın."

1325 - ci ildə (1946) irtica və imperializm vətənimizə basqın edərkən Sədi Yüzbəndi də on minlərlə fədakar oğullar kimi vətən uğrunda Təbriz şəhərində şəhid oldu.Şah ordusunun silahlı quldur dəstələri polis və hərbi hissələrin köməyi ilə Sədi Yüzbəndini tutub qollarını bağlayır və başını kəsirlər.Onlar kəsik başı Sədinin anasına aparıb onu təhdid və təhqir edirlər.Lakin bu faciəli ölüm onun vətən eşqilə döyünən həssas qəlbini dayandırdısa da, onun adı, xidməti, xalqın bədii yaradıcılıq xəzinəsinə əlavə etdiyi incilər həmişə yaşayacaqdır.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment