Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

HÖKUMƏ BİLLURİ

HÖKUMƏ BİLLURİ

(1926 -2000)

Cənubi Azərbaycanda müasir demokratik poeziyanın yaranması və inkişafında görkəmli xidmətləri olan şairlərdən biri də Hökumə (Həkimə) Billuridir.Hökumə İbrahim qızı Billuri 1926 - cı il martın 3 - də İranın Zəncan şəhərində dəmirçi ailəsində anadan olmuşdur.O, orta təhsilini 1933 - 1943 - cü illərdə Zəncanda "Azəri" məktəbində almış və həmin məktəbi bitirdikdən sonra orada müəllimlik etmişdir.Qızlar məktəbində oxuduğu illərdə mütaliəyə həvəs göstərmiş, şeir yazmağa, öz arzu və istəyini sənət dili ilə ifadə etməyə çalışmışdır. Hökumə Billuri ilk şeirlərini farsca yazmışdır.

1941 - ci ildə Sovet Ordusunun İrana gəlməsi ilə əlaqədar Cənubi Azərbaycanda demokratik meyillərin güclənməsi gənc Hökumənin doğma ana dilində yazıb - yaratmasına imkan verdi.Onun"Azərbaycan","Olmasa","Kargər", "Gözlərim" və sair şeirləri Zəncanda " Azər", Təbrizdə" Vətən yolunda" qəzetlərində və Bakıda" Azərbaycan" jurnalında çap olunurdu .

Hökumə Billuri Azərbaycanda inqilabi mübarizə dövründə ciddi ictimai - siyasi fəaliyyəti və bədii yaradıcılığı ilə zəhmətkeş kütlələrin azadlıq işinə yardım göstərmişdir.Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində, SSRİ - İran Mədəni Əlaqələr Cəmiyyətində və Zəncan mədəniyyət evində müxtəlif vəzifələrdə çalışmışdır. İnqilabi fəaliyyətinə görə Azərbaycan Milli Məclisi tərəfindən "21 Azər" medalı ilə təltif olunmuşdur.

O, 1946 - cı ilin dekabrında doğma Zəncanı tərk etdi və Şimali Azərbaycana mühacirət etmişdir.

Sovet Azərbaycanında siyasi mühacirətdə olan Billuri təhsilini davam etdirmək üçün geniş imkan tapır.1947 - 1952 - ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirərək Azərbaycan Dövlət Nəşriyyatının ədəbi - bədii şöbəsində redaktor işləmişdir.

1954 - 1956 - cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

1960 - 1963 - cü illərdə Moskvada Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil almış, orada " İran Azərbaycanının realist demokratik ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Hökumə Billuri Azərbaycan Demokrat Partiyası - nın MK üzvü seçilmişdir.1956 - 1963 - cü illərdə  "Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur.

O, 1964 - cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçisi vəzifəsində çalışmışdır.Burada müasir İran ədəbiyyatının və Cənubi Azərbaycan poeziyasının tədqiqi ilə məşğul olmuş və Məhəmmədhüseyn Şəhriyar haqqında monoqrafiyanın müəllifi olmuşdur .Məhəmmədhüseyn Şəhriyarın Hökumə Billuriyə həsr etdiyi şeirlər Billuri yaradıcılığına verilən ən yüksək qiymət kimi səslənir.

Həkimə Billurinin qırx ildən artıq yazıb - yarat - dığı poeziyası zəngin, əlvan və rəngarəngdir.

Onun " Mənum arzum", " Ölməz qəhrəman", "Həyat yollarında"," Səndən uzaqlarda"," Şairin yadigarı","Çinar gözləyir məni"," Apar məni o yerlərə"," Azadlıq baharı","İthaf"," Sənin könül otağın" və s.kitablarında, istərsə də müxtəlif dillərdə çap etdirdiyi əsərlərdə Cənubi Azərbaycanda zəhmətkeşlərin keşməkeşli həyatı, inqilabi mübarizəsi və müasir sovet gerçəkliyi, xalqlar dostluğu və humanizm başlıca yer tutur.

Hökumə Billurinin ədəbi irsi zəngin və çoxşaxəlidir.Onun klassik üslubda yazdığı qəzəllər və bayatılarla yanaşı, müasir həyatımızla bağlı olan əsərləri yüksək sənətkarlıq nümunələridir.

Azərbaycan Ədəbiyyatı və elminin inkişafı sahəsində səmərəli xidmətlərinə görə H.Billuri dövlətimiz tərəfindən "Əməkdar incəsənət xadimi" fəxri adına və bir sıra medallara layiq görülmüşdür.

Görkəmli şair Hökumə Billuri 22 noyabr 2000- ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.

Vətənpərvər şair, gözəl insan Hökumə Billurinin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

ANA

Təbriz kədərliydi, sən ağlayırdın,

Gecəydi biz səndən ayrılan zaman,

Pərişan görkəmin, o son sözlərin,

Bir an xatirimdən çlxmamış inan.

Adını dilimə gətirəndə mən,

Sanki, alov alır dodaqlarımı.

Yaxın gəl, yaxın gəl öpüm üzündən,

Öpüm rəngi qaçmış yanaqlarını.

Elə məlul - məlul baxma üzümə!

Baxışın qəlbimə od salır sənin.

Sən yalqız deyilsən, sıxma qəlbini,

Böyük bir xalqın var, böyük vətənin.

O xalqın, o elin qızısan sən də,

Onun qüdrəti də, şöhrəti də var.

Qəhrəman ölkəmiz sarsılmamışdır,

Soyub taladısa onu yağılar.

Bilirəm, çox sıxır səni ayrılıq,

Əsarət dünyası başına dardır.

Lakin unutma ki, hər bir gecənin,

Min bir şüa saçan gündüzü vardır.

Əlimdən nə gəlir? - demə bir daha,

Demə ki, qocayam, saçlarım dümağ.

Vətən öz qəhrəman oğlu, qızını,

Hər zaman, hər zaman gənc saxlayacaq.

Alnının xətləri, bəyaz saçların,

Keçmiş həyatından bir yadigardır.

Hörmət o saçlara, nifrət keçmişə,

Bu günün öz adı, mənası vardır.

Qalx ana, qalx ana! Səni döyüşə,

Çağıran öz qızın, öz vətənindir.

Bax, yanır odlarda odlar diyarı,

Bu vətən, bu torpaq, bu el sənindir.

Hökumə Billuri

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment