Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İran İslam Şura Məclisi torpaq islahatı haqqında rolu (1979-1982-ci illər)

21/09/2017

 

SULTAN ƏLİ MİRZƏZADƏ

Açar sözlər: İslahatın qanunləşdirilməsi, verilən vədlər, onun icrası

İranda İslam İnqilabının qələbəsindən sonra, ölkənin daxili iqtisadi həyatında baş verən dəyişiklər, həyata keçirilən tədbirlər, ölkənin iqtisadi həyatına dair Şura Məclisinin qəbul etdiyi normativ aktların aradırılıb təhlili və tədqiqi göstərir ki, İran iqtisadiyyatı XX əsrin 1-ci yarısında əsasən, yarımmüstəmləkə ölkələrinə xas olan cəhətlərini saxlamaqda davam edirdi, İran geri qalmış aqrar ölkə idi. Onun iqtisadiyyatının əsasını – feodal münasibətlərinin hökm sürdüyü, primitiv texnikaya və üsullara kənd təsərrüfatı təşkil edirdi.

İran İslam Şura Məclisinin ölkənin daxili həyatına dair qanunvericilik fəaliyyəti qarşısında İnqilabın məqsəd və vəzifələrindən irəli gələn bir sıra mühüm məsələlər o cümlədən: dövlət hakimiyyətinin iqtisadi əsasını təşkil edən ictimai – iqtisadi islahatlar, ölkəni tərk edən iri torpaq sahibləri – mülkədarların müsadirə edilib, dövlətin əlinə keçmiş torpaqları üzərindəki ictimai mülkiyyəti və onunla yanaşı ayrı-ayrı şəxslərin əlində olan torpaq sahələrinə əsaslanan xüsusi mülkiyyətin həddi-hüdudunun müəyyən olunması məclisin qarşısında mühüm bir məsələ kimi dururdu. Məclisin torpaq islahatı haqqında qanunun[1]təhlininə keçməzdən əvvəl, ölkədə olan torpaq sahələri və bu sahələr əsas etibarı ilə kimlərin əlində olması və ümumiyyətlə, kənd təsərrüfatının bəzi cəhətləri haqqında müxtəsər də olsa qısa məlumat verməyi zəruri hesab edirik.

Məlum olduğu kimi, İran, əsasən, kənd təsərrüfatı ölkəsidir. İnqilabın ilk mərhələsində ölkədə yaşayan 36 milyondan artıq əhalinin dörddə üç hissəsini kəndlilər təşkil etmişdir. Məşğuliyyəti bilavasitə torpaqla bağlı olan zəhmətkeş kəndlilərin sayı 18 milyon nəfərə yaxın olmuşdur ki, (1) bu da təqribən 4 milyona yaxın ailəni təşkil etmişdir.

Ümumiyyətlə əhalinin təqribən 23 milyonu, 62 faizi kənd yerlərində yaşamışdır. İran dairələr və müəlliflərin sənədlərində ölkədə ümumi torpaq sahəsi 164 milyon hektar göstərlir. (2)

Əksinə yaralı torpaqların miqdarı 10 milyon hektardan artıq deyildir ki, bunun da 6,3 milyon hektarı dəmiyə, 3,7 milyon hektarı suvarılan torpaqlardan ibarət olmuşdur. (3)

Əkin üçün istifadə olunan torpaq sahəsinin 78,6 faizin dənli bitkilər (əsasən, buğda, arpa, darı, çəltik) 11,4 faizini texniki bitkilər (çuğundur, pambığ, çay, tütün), 3 faizi bostan və tərəvəz, 2,8 faizi isə paxlalı bitkilər təşkil etmişdir. Yerdə qalan əkin sahəsi isə müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. (4)

İnqilab ərəfəsində İran mətbuatının verdiyi məlumatında ölkədə 66 minə kənd mövcud imiş. (5) Bu kəndlərin təqribən 33 mini iri feodal və varlı mülkədarların (6)[2] 15 mini xırda mülkədarların, 6 mini vəqf (dini) idarələrinnin ixtiyarında, (7) 4 mini isə şahın kəndlərindən və xaləsələrindən ibarət olmuşdur. (8) Bunun müqabilində torpağın həqiqi sahibi olan zəhmətkeş kəndlilərin 60 faizindən çoxu tam torpaqsız 23 faizini isə çox cüzi miqdarda torpağı olmuşdur. İran inqilabı ərəfəsində ölkədə yaşayan kənd əhalisinin 83fazini, torpaqsız kəndlilər təşkil etmişdir. (9)[3] Kənd əhalisinin cəmi 6 fazizini təşkil edən iri feodal və varlı mülkədarların əlində yaralı əkin sahələrinin 70-75 faizi cəmlənmişdir. (10)

İnqilab ərəfəsinə aid olan bu rəqəmlər İran kəndlərində hökm sürən zülm və haqsızlığı təsəvvür etmək imkanı verir.

Başqa sözlə, desək bu, İran kəndində haqsızlıq, təzad və uyğunsuzluq şəraitinin hökm sürməsini bir daha təsdiq edir. Şahın “ağ inqilab” adlandırdığı “təməddün” və “çiçəklənmə” əslində, kəndlərdə zülm və haqsızlığı elə bir həddə çatmışdır ki, yüz minlərlə kəndli öz doğma kəndlərini tərk etmək məcburiyyətində qalmışdı.

İranın kənd təsərrüfatı müasir inkişaf səviyyəsindən xeyli geri qaldığından məhsuldarlıq bu ölkədə xeyli aşağı olmuşdur. Bununla əlaqədar İran mətbuatında aparılan müqayisədə göstərilir ki, İranda suvarılan torpaqların hər hektarından orta hesabla 1182-kq, (dəymə torpaqlarından isə hər hektarından 482 kq) buğda götürüldüyü halda Danimarkada hər hektardan 4180 kq., Belçikada 3980 kq., İsveçdə isə 3370 kq. Buğda məhsulu hasil olunur. (11)

Kənd təsərrüfatında məhsuldarlığın ümumi inkişafı cəhətdən İran təkcə orta səviyyədə inkişaf etmiş kapitalist ölkələrindən deyil, həmçinin bir sıra yaxın və orta Şərq ölkələri içərisində 7-ci yeri tutmuşdur (12).

Halbuki Asiyanın zəngin və münbit ölkələrindən biri olan İran kənd təsərrüfatının coşğun inkişafı üçün son dərəcə əlverişli təbii, coğrafi şəraitə zəhmətkeş insan qüvvəsinə və texniki inkanlarına malikdir. Bir sözlə, inqilabın ərəfəsində torpaqsız və az torpaqlı kəndlilərin mülkədəar və feodalların zülm və istismarına qarşı mübarizəsi get-gedə şiddətlənirdi. İnqilabın qələbəsindən sonra, kəndlilərin mübarizəyə  daha ardıcıl və mütəşəkkil qoşulması və siyasi şüurun artması bir daha bariz şəkildə özünü göstərdi.

Qeyd etmək lazımdır ki, İran inqilabı bütün ölkə ictimaiyyətinin siyasi və iqtisadi ziddiyyətlərin yeni partlayış nöqtəsi kimi, bir çox mühüm məsələlərin, o cümlədən torpaq məsələsinin də düzgün həlli üçün şərait yaratdı. Deməliyik ki, inqilab qalıb gəldikdən sonra, İran İslam respublikası hökuməti tərəfindən mühüm məsələlərdən bir olan torpaqsız və az torpaqlı kəndlilərin xeyrinə ədalətli və radikal torpaq islahatının həyata keçirilməsinə az-çox meyl göstərilməsi də əbəs yerə olmamışdı. Həm də bu məsələnin diqqət mərkəzində durması ölkənin iqtisadi müstəqillik əldə etməsi üçün əsas zəmin idi. Belə ki, inqilabdan sonra ölkənin aqrar bölməsinin taleyi mühüm bir məsələ kimi, qarşıya qoyulub həll edilməli idi. Çünki, hər bir inqilabın demokratik mahiyyətindən biri bundan ibarətdir ki, kənd zəhmətkeşləri üçün həyati əhəmiyyəti olan torpaq islahatı keçirib, torpaqları kəndlilər arasında bölsün. Yəni, torpaq becərən və onun əsl sahibi olan kəndliləri ağır və dözülməz vəziyyətdən qurtarmaq, onların maddi rifah halını yaxşılaşdırmaq təxirə salınmaz məsələ kimi qarşıda durmalı idi. Çünki aqrar islahat keçirilmədən ölkəni iqtisadi fəlakətdən xilas etmək mümkün deyildir. Ona görə də, birinci addım iqtisadi vəzifəni dövlət fəaliyyətində ön plana çəkmədən ibarət olmalıdır. İnqilabın mahiyyətinə uyğun olmaq şərtilə dərin sosial, iqtisadi dəyişikliklər aparılması zəruri idi. Bu baxımdan, iqtisadi dəyişikliklərin ən mühümü torpaq islahatı keçirilməsi günün təxirə salınmaz məsələlərindən biri hesab edilir.

İnqilabın qələbəsindən sonra, ayətullah Xomeyni başda olmaqla ayətullah Taleqani, ayətullah Behişti, ayətullah Meşkini və ruhanilərin digər nümayəndələri müasir İran kəndində hökm sürən haqsızlığın, zülm və zorakılığın nə dini və nə də hüquqi qaydalarda bir araya sığa bilməsini etiraf etmiş, kəndlilərin haqlarını özlərinə qaytarılmasını və kəndlərdə haqq və ədalətin bərpa edilməsinin zəruriliyini dəfələrlə qeyd etmişlər. Bu da məlumdur ki, feodal torpaq münasibətləri əsrlər boyu İran kəndlisini iqtisadi və siyasi təzyiqə məruz qoymuş, onları ən adi insani hüquqdan məhrum etmiş, kənd iqtisadiyyatı və bununla da milli iqtisadiyyatın inkişafı qarşısında maneəyə çevrilmişdir. Xomeyni öz çıxışlarında, müsahibə və söhbətlərində dönə-dönə təkrar etmişdir ki, “torpaq onu alnının təri ilə becərənin, onun zəhmətini çəkənin əlində olmalıdır. Kəndlinin əlindəki qabarlar onun torpağın əsl qanuni sahibi olmasının hüquqi sənədidir”. (13)

Doğrudur, bu haqda İran İslam respublikası tərəfindən ilk addım atılmışdır. İslam hökuməti bu məsələ haqqında təşəbbüs etmiş və onu müəyyən dərəcədə həll etməyə cəhd göstərmişdir. Belə ki, Bazərqanın başçılıq etdiyi müvəqqəti hökumətin süqutundan sonra, başda Xomeyni olmaqla İslam inqilab şurasının göstərişi ilə ölkədə keçirilicək aqrar islahatın layihəsini hazırlatmaq üçün üç nəfərdən ibarət (ayətullah Hüseüynli Montəziri, ayətullah Meşkini və ayətullah Məhəmməd Beheşti) komisiya təşkil edildi. (14)

Ardı var

 


[1] Hüquq üzrə fəlsəfə doktoru, AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutu.

Ən mühüm sosial-iqtisadi məsələ kimi bunun bir qədər geniş izah edilməsinə ehtiyac duyulur.

[2] Məsələn, iri mülkədar qəvam-əl-mulk Şirazinin və Xosrov şahın –hərəsinin təklikdə 300-ə qədər kəndi var idi. Şah sarayına yaxın olan Fərman Fərmaniyənin payına düşən kəndlərin ümum sahəsi Belçikanın, batmanqılıncın kəndlərinin sahəsi isə İsvaçin ümumi sahəsilə müqayisə edilirdi.

[3] Kənlilərin sayı, torpaqsız və az torpaqlı kəndlilərin sayı və sair haqqında müfəssəl məlumat almaq üçün. 

Go Back

Comment